DergiZan

Yazı ve Sanat Ülkesi

Dört Şiir / Gülşən Mustafa

SƏNSİZ KÜÇƏLƏR

Səninlə keçmişdim bir vaxt, küçələr,
Həm mənə doğmadı, həm mənə yaddı.
Az qalır məhşərə məni çəkələr,
Özüm də bilmirəm bu necə oddu.

Sanki söz deyəcək, dili sözlüdür,
Məni xayalımdan daha düşürdür.
Elə bil küçə də iki üzlüdür,
O vaxt isidirdi, indi üşüdür.

Bulud da bu dolmuş ürəyim kimi.
Sıxılır, qaralır, hərdən qar yağır.
Göynəyir səssizcə kürəyim kimi,
Çəkilmir sənsizlik, bax necə ağır.

Necə sirr saxlayır, küçəyə bax sən,
Ayaq izlərimiz hələ gizlidir.
Biz çoxdan keçmirik həmin küçədən,
Amma həmin küçə yenə bizlidir.

ALMASIZ NAĞIL

Nağıla başladıq bir kəlmə sözlə,
Yazdıq biri vardı, biri yoxları…
Baxdıq o nağıla biz fərqli gözlə,
Bəlkə də qınadı bizi çoxları .

Nağıldı yaşadıq divlə çarpışdıq,
Dönüb göyərçinə sülh də başladıq.
Köhnə dostlarla da yenə tapışdıq,
Allaha şükr edib, şeytan daşladıq…

Yamanla yanaşı yaxşı da vardı,
Bir Ağatlı oğlan, bir göyçək Fatma.
Bu igid oğlana o gözəl yardı.
Gəl bizim nağıla sən kələk qatma.

Hər gecə davamı olsun bəs necə,
Yumasan gözünü o davam edə?!
Şəhrizad deyiləm, mən min bir gecə,
Söyələyəm sultanım yuxuya gedə.

Yum artıq gözünü, yuxusuz qalma,
Hər nağıl başlayıb sona çatmadı?
Göydən hər nağıla düşdü üç alma,
Göy bizim nağıla alma atmadı…

KÖNLÜM

Çox da süzgün baxır, çox da məst baxır,
O xumar baxışa inanma, könlüm.
Bu gözlər sonunda yandırır, yaxır,
O xumar baxışa inanma, könlüm.

Olsa da titrədən, ruhunu çalan,
O olub sevgini dərdlərə salan,
Eyb etməz içində yanırsansa, yan,
O xumar baxışa inanma, könlüm.

Nə olsun qaş qara, kirpiyi oxdu,
Nəyi vardısa da insafı yoxdu,
Belə baxışların cəfası çoxdu.
O xumar baxışa inanma, könlüm.

YAĞIŞI SEVİRƏM

“Yağışı sevirəm” – dedi,
Pəncərədən baxa – baxa.
Sevda dolu damcılarsa,
Sellənirdi axa – axa.

Qoymadı yusun saçını,
Qıymadı bircə öpüşə.
Bu sevdanı duymadı o,
Çətirlə çıxdı görüşə.

Nə anlayım bu sevdadan,
Sevgini yığdı baxışa.
Dözə bilmədi üşüdən,
Damlalardan toxunuşa.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 2 eseri bulunmaktadır.

Yazarın diğer yazıları