DergiZan

Yazı ve Sanat Ülkesi

Mən Dəniz Timsalıyam/ Adilə Səfərova

Mən dəniz timsalıyam…
….İşvəsiylə, qəmzəsiylə,
Sevdalı olduğu
göy üzünə boylanar,
maviliyə boyanar,
paklığına Ay düşər,
ulduz ələnər,
nur çilənər…
ləpə-ləpə süstlənər,
dalğa-dalğa cilvələnər…
… öz içində axışıyla,
qırçın-qırçın naxışıyla,
süzgün-süzgün baxışıyla…
sığal çəkib
sahillərin bəzər dəniz..
Mavi gözlü, mavi üzlü,
Bir gözələ bənzər dəniz

Fəqət…

Ləpədöyən sərhəddindən
O tərəfə baxa bilməz,
Yaşıl-yaşıl ormanlara, çəmənlərə
axa bilməz…
çırpınar…
çalxanar…
öz içində kükrər, coşar…
fırtınalar, təlatümlər yaşar…
bilər həddin,
yıxa bilməz səddin,
aşmaz sərhəddin…
yorğun düşər
şahə qalxan dalğaların
bitər qayalıqlarla qovğaları
barışıb taleyilə susar,
kükrəyər dəniz.
qaça bilməz iqbalından,
susqun-susqun öz içində yeriyər
dəniz…
… Məcərasına məhkum
mavi suların sirrindən,
ovsunundan yaxşı halıyam,
mən də dəniz timsalıyam…
sinəm altda yosun rəngli
ümidlər var.
Ürəyimdə balıq-balıq
arzu coşar, istək yaşar…
Diləklər var dalğalanar, ləpələnər
kükrər, daşar…
fırtınalı, qasırğalı
gümanlar var
çırpılırlar könlümün nəm divarına,
çıxammazlar gerçəkliyin civarına…
…mən dəniz timsalı…
Dəniz sevdalıyam
Mavi gözlü suların dərdindən
Yaxşı halıyam…
Mən dəniz timsalıyam…..

Adilə Səfərova
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, jurnalist-teatrşünas
Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 5 eseri bulunmaktadır.