Şiirler / Firuzə Quliyeva

1.
Ey bəxtsiz kədərim!
Qabırğanla yandırdığın can ocağımı tik!
Bir ovuc torpaqlıq canıma and iç!
Sənin şəklini məndən qoparır
Kövrək dənizin qızarmış dalğası.
Günəşin telləri ilə ayaq açır
Ruzigarın portağal qoxusuna.
Yavan sevda küllərini
Şeirlərimin misrasına tökürəm,
Dağların qoynuna köçürəm.
Möhür vurulmuş qəlbimə nə etmək?!
Əzəldən əllərin-əlimə divar hörüb
Baxışım qapında toxunulmaz alma…
Çalmasın başımda dərdsiz musiqi
Qoca dünya ilə savaşım,
Eyni yurd, bir cüt yad gözə nifrətim bitsin.
Qorxularımı azad etdim
Yansın budağımdakı yasəmənimlə.
Qürbətdə gözü yol çəkir gönlümün,
Məktublarımın canı parçalanır
Dözülməz başısoyuq məhbəsdə.
Mən görərəm əslimi güzgüsüz,
Təki əksim mən, surətim sən qalsın!
2.
Gəlməyin-Gülüşümün zirvəsinə qar gətirdi.
Zəhər dadıram hər sözündə
Necə şəkər qatım həsrətinə?
Hansı tərəfə dönüm,İlahi!?
Yastığımın nəmini külək sovursun.
Qəlbimin hansı nöqtəsinə ağı deyim?
Nidayla dolu nifrət bəsləyim?
Gecələr yuxunda laylamı oxuyum?
Qızılgülün içində yatasan
Sevgi mülkündən birdəfəlik qopasan.
Gözlərimə olan susuzluğun
Boş stəkana ümidindən damır.
Sinoptikdən aldığım soraq
Gəldiyin günə yozdurur.
Gövdəsi tumurcuq bağçası çiçəyin
Köksündə neçə qəlpə izi var.
Canımı parə-parə
Çarmaxda mələklərə ehsan verirəm.
3.
İki qaşının arasındakı məsafənin
Qırışları bağlayır gecə ilə gündüzü.
İki heca söz qalır dillərdə dastan…
İlahi! Görəsən düşünürmü məni.
Dəsmalındakı həsrət baharının
Ürəyimdə damğa izi var.
Çəpərlərini çeynəyib qaçmır mənzilinə
Dilsiz quyunu ev bilirmiş özünə.
Bağçam fırtına xəncəri ilə boyalı
Küllərindən doğulan kədər dəmində.
İç! Qansız şərabını sorğusuz.
Ləzzətlə mənim sağlığıma iç!
Gizləyir qəlbim qəlbini gözlərimdə,
Sorğulama!İtirəm sözlərində.
Neçə çinarlar əkirəm çatlaq əllərimə.
İki ayrı məbədin məhəbbət toru
Kirpiklərin qovşağında qovuşar bəlkə.
4.
İş Tahir və Zöhrədə deyil
Ruhu bədəndən qoparıb atmaqda
Səssiz çöllərin dərinliklərinə.
Bir daha adını anmağa
Tövbə etmək istəmsizcə.
İki gözümün ağrısı işlədikcə qəlbimə,
Kök salsam məbədin ayaqlarına
Yalvarmaq əllərimdən axar gedər
Başqa sevdaları diri tutmağa.
İçimə işləyən əllərin boğur məni,
Yuxularıma çökür haqsızca.
Ənbər qoxan ağzımın tamı
Qana susayan zəhəri dadır.
5.
Gəl! Pərvanətək gəl!
Evimə qonaq gəl!
Qayğılarımı könlünə elə sıx ki
İncilər tökülüb nəm etməsin Çatlaq dodaqlarımı,
Yetim uşaqtək boynubükük qalmasın.
Birlikdə gəzək cənnət bağını,
Sənsiz mənə qəlb evim cəhənnəm.
Çəkmə çinar gözlərini gözümdən
İcazə ver sulayım budaqlarını.
Hər saniyə şəklinə edirəm tamaşa,
Çəkmirəm gözlərimi bəxt üzüyündən,
Güləcək dünya yazdıqlarıma
Anlamayacaq qəlb məbədimi…
Şahlar əmr edəcək,fərman yazacaq,
Asacaq boynumdan kəndir ipini
İp təsəlli edərmi
Qandallı taleyimi?
Ruh məskənim!
Biz səninlə “Adəm və Həvva” deyilik.
Biz səninlə Yusif və Züleyxayıq
Kədər yollarında…
6.
Keçdi payız…
Ayın tarixini bilmirəm,
Amma yenə könlümdəsən.
Qış gəlir…
Əllərim üşüyəcək həsrətinlə
İsinmək istəyəcək nəfəsinlə.
Ürəyimin ritmi pozulur,
Nəfəsin nəfəsim olur.
Sonra günlərdən yaz…
Baharın gözəlliyi ilə
Sənə sevgim bütünləşəcək.
Çiçək açacaq solum
Sağım sən…
Yay və tüstü başımda
Biraz da həsrətli günəş
Daha çox isitəcək sənli məni.
Mən sevmirəm.
Nə yaz,nə yay, payız,qış.
Bildiyim tək bir şey
Sənsən mənim 4 fəslim.
7..
Könlümün pərdəsi ağır gəlir,
Açsan içi dolu bataqlıqla
Çəkir məni ağuşuna.
Qəlbimin parçalarını saysan
Çoxluğu düyün olar boğazda
Cəhənnəm şüşə bir dost.
Əksim görünməz aynada
Küsmüş yəqin camalıma.
Çirkinlik toxunub üzünə
Bədənimin qıpqırmızı saplarıyla.
Gənclik ömrümün baharında
Dəftərçəmdə bu son vida.
Budağımda soldum, qoparıldım,
Sevgi orucumu tutaraq.
Firuzə Quliyeva, Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsinin Filologiya ixtisası II kurs tələbəsi.