Ana Təbiətin Dan Üzü – Bahar / Adilə Səfərova

… DAN ÜZÜ doğuluşdu; qaranlığın, zülmətin bağrını yaran İşığın, Nurun doğuluşu. Mavi səmada boy göstərən Günəşin zərrin şəfəq təbəssümündə aydınlığın zühurudu. Dumduru mavilik paklığı ilə yer üzü əsrarəngizliyi harmoniyasında şəffaf gündüzün yaranışıdır…
DAN ÜZÜnün doğuluşu SƏMA Nur selinə boyanar, al şəfəqlər YER ÜZÜnü işıq selinə qərq edər. Aləm sıyrılar toranlıqdan, arınar qaranlıqdan; durular, paklanar, saflaşar… Yer onu aydınlığa qovuşduran mavi ənginliyə məmnun-məmnun gülümsər, ecazkar hüsnüylə Günəşə işvəli təbəssüm edər.
Deyirlər, DAN ÜZÜnün al şəfəqlərində süslənən, füsünar görkəmiylə nazlanan, qəmzələnən yaşıl adamız YERin gözəlliyinə GÖY ÜZÜ də biganə qalmaz. Bu əlvan rəng çalarlı, işvəli, nazlı ecazkarlığa sevdalı olar…
İllah da, qışın ayazı, şaxtası sovuşan vaxtı, yazın ilıq nəfəsinin duyulan vədəsi. Novruzgülünün boy göstərən, yaşıl dona bürünən çəmənlərdə, yal- yamacda lalənin, nərgizin, bənövşənin, süsənin üzə gülən çağında. Ağacların budaq- budaq boy atıb yarpaq köynəyi geyinən, kolların çiçəyi çırtlayan zamanda…
Belə zamanlarda Göy üzünün vurğunluğu, aşıqliyi də artar Yerə. Odlu baxışlarla oxşar onu, köksündə çaxan şimşəyi, bulud- bulud yağışıyla sevgi etirafları edər gözəlliyi göz oxşayan Yer üzünə…
Yerlə- Göyün sevdalı dönəmindən fəsillərin şah tacı Yaz boylanar, Bahar təravəti duyular yurdun ab-havasından, Təbiətin nazlı- qəmzəli Baharının işvəsindən aləmi xoş rayihə bürüyər. Bu xoş növraq insan ruhuna təravət, fikrə, duyğuya cəsarət gətirər. Könüllər riqqətlə coşar, ürəklərdə qurmaq- yaratmaq əzmi oyadar…
Ana təbiətin oyanışı, dirilişi ilə yeni dönəmi belə başlar; torpağın yaz yağışlarından canlanar, barı, bəhəriylə yaşıl dünyamızı əsrarəngizliyə qovuşdurar…
Əslində, fəsillərin şah tacı BAHAR da təbiətin DAN ÜZÜdü
Həyatın yaranış təməli olan müqəddəs ünsürlərin qovuşağında açılar təbiətin dan üzü, Baharın yaranışı. İlk olaraq yaşam qaynağı, həyat rəmzi Su paklığı, aydınlığı, şəffaflığıyla duyular Bahar nəfəsi, bulaqların artan çağlarlığı həzin nəğmələr diliylə, , çayların coşğunluğu, qaynarlığı , gur şaqraqlığıyla, göy üzü yağışıyla müjdə verər yaz gəlişıni. Su coşğusuna Od ünsüri hay verər. Dünyamızın əbədi məşəli Günəş odlu nəfəsiylə, ilıq hərarətiylə təmas edər Su coşqusuna. Su və Od müqəddəsliyinə Külək də biganə qalmaz. Sığal çəkər, nəvaziş edər, meh diliylə oxşayıb Su , Od ünsürünə güc verər. Və nəhayət bu güc, qüdrət ünsürləri torpağa nüfuz edib onu qış mürgüsündən oyadar… Beləcə, ilaxır törpaq ünsürünün digər ünsürlərlə vəhdəti sonucunda doğular ana təbiətin əsrarəngiz dan üzü–Bahar.
… Baharın doğuluşu, yaranışıyla aləm nura bələnər, ala, yaşıla bülənd olar. Müqəddəs ünsür vəhdətinin doğurduğu xoş rayihə nəfəsi, torpağa sirayət etdikcə torpaq qoynunda qayğıyla qışın ayazından, saxtaşından, hifz etdiyi, qoruduğu nəsnələriylə üzə gülər; əlvan rəng çalarlarıya ecazkarlıq yaradar…
Çəmənlər otu, kollar çiçəyilə boy göstərir, ağaclar pöhrələyər, budaqları puçur-puçur yarpaq tumurcuqlarıyla bəzənər, minçalarlı ala, yaşıla əsrarəngiz dona bürüyər torpağı.
… Həyat rəmzi yaşıla qərq olar dağ yamacları, sanki əzəməti artar ucalıq timsalı şiş qayaların. Dərələrdən su şaqraqlığı, bulaq zümzüməsi quş çığırtılarından həzin nəgmə sədaları yaradar. Bağ- baxçalar, ormanlar, hüsnü gül-çiçəklə süslənən düzlər, bərəkət, ruzi rəmzi zəmilər, tarlalar əsrarəngiz rəng çalarlarıyla yeni dövranı salamlar. Bu füsünkarlıqda quşlar, böcəklər belə cuşa gələr, ağacdan- ağaca, koldan- kola uçar, budaqdan- budağa qonar öz dillərində Bahara- “xoş gəldin”- deyərlər. Güldən- gülə, çiçəkdən- çiçəyə uçuşan kəpənəklər sükut pıçıltısında ləçəklərlə dodaq-dodağa bir- birlərinə sevgi etirafları edərlər.
Bu əsrarəngizlikdən, ecazkarlıqdan daha çox feyziyab olansa torpağı üz ağlığına, ruzi, bərəkət mənbəyinə çevirən, yurdu abad edib xoş rifahlı cənnətməkana çevirən insanlar olar.
Təbiət nə qədər gözəllik libasında olsa da insan ağlının, zəkasının, yaradıcı təxəyyülünün süzgəcindən keçərək daha cazibədar görkəmə bürünər. Yurd, torpaq qurub yaratmaq əzmli insan əllərinin hərarətindən daha abad formaya düşər.
Ən ümdə olansa Baharın gəlişınin hər yerdə– yurdlarda, obalarda elliklə sevinclə, coşquyla bayram ovqatında qarşılanması, şənliklər, mərasimlərlə uğurlanmasıdır.
Beləcə, Adəm övladı yaranışdan belə qarşılayıb Baharın gəlişini. Onu inanc sisteminə, inam kultuna çevirib müqəddəsləşdirib. Yurda, torpağa qədəm qoyduğu anları həsrətlə gözləyib, adına Bahar rəmzi səməni göyərdib. Şəninə nəgmələr qoşulub, xalq oyunları yaradıb, şənliklər qurub. Sevinc içində şadyanalıqla keçirib. Novruz – yeni gün, təzə dövran başlanğıcı kimi ilin ruzi, bərəkət, rifah, əmin-amanlıq içində keçməsinə ümid bağlayıb.
Bax, vaxt o vaxt, zaman o zamandır ki, yurdumuza Bahar yenidən qədəm qoyur. O, xoş müjdəli sədasıyla, ürək açan, könül oxşayan rayihəsiylə yer üzünə təbəssüm edir.
Yurdumuza xoş gəlmisən ana təbətin dan üzü– BAHAR!
QƏDƏMLƏRİN MÜBARƏK!
Azərbaycanın əməkdar mədəniyyət işçisi