Şəirler / Vüsal Yurdoğlu

Qollarını aç
Görürsən, qar yağır, demişdim axı,
Arada soyuqluq olmasın gərək.
Sən dünən unutdun mesaj yazmağı,
Bax, indi görürsən nə əsir külək?!
Soyuqdur, Bakını çovğun aparır,
Əl-ələ, qol-qola gəzir adamlar.
Səndədir bu böyük sirrin açarı,
Eybi yox, birtəhər dözür adamlar.
Bircə mən dözmürəm düşən soyuğa,
Dözmürəm şaxtaya, qara, bircə mən.
Qapının önünə, lap yaxınlığa,
Taksiylə gedirəm, düşüb xərcə mən.
İşləmir şəhərin avtobusları,
Gedişlər, gəlişlər bahadır, baha.
Açılmır bəxtimin bağlı yolları,
Açılmır, ürək də açılmır daha…
Əllərim buz tutub, üfürsəm belə,
İsinmir, əlcək də yoxdur ki taxım.
Kirpiyim gözümü süpürsə belə,
Saçıma qar tökür yenə Allahım.
Nə bilim, bəlkə də, yolu azmışam,
Bu soyuq ən yüngül cəzadır, bəli.
Dünən qara aid şeir yazmışam,
Geridə qoymuşam sinoptikləri…
Öncədən bilmişəm, həsrətin məni
Qar kimi dünyaya sovura bilər.
Ürəyim cəhənnəm, özüm cəhənnəm,
Sevgimi bir anda don vura bilər.
Gəlirəm, qarşıma çıx bu səhərdə,
Sən də sevdiyinə qollarını aç!
Mənimçün özgəsi yox bu şəhərdə,
Üşüyən sevgimə günəşdir əlac!
Darıxmırsanmı?!
Bizim də xoşbəxtlik haqqımız olub,
Amma ömrümüzü yelə vermişik.
Yaxşı qəlbimizi ayaq altına,
Yaman yaxamızı ələ vermişik.
Dünya dəyişməyib, düzəlməz işdi,
Mən düz bildiklərim özü dəyişdi.
Sonradan öyrəndim, çox gec olsa da,
Əzəldən bu həyat dəyiş-düyüşdü.
Bir aldım, bir verdim, nəfəsdi, bəsdi,
Aldım qoz, satdım qoz, həvəsdi, bəsdi…
Nə azdı, bilmirəm, nə bəsdi, bəsdi,
Sürüşdüm özümdən, axır sürüşdüm.
Ürəyim, şüurum, ağlım, düşüncəm,
Gah belə dağınıq, gah belədir, -cəm.
Dünənim, bu günüm, gündüzüm, gecəm
Oxu sabahıma ağı.., yaxşıyam.
Bu arsız ümidin kökü kəsilsin,
Əcəl qapısında tutur adamı…
Kim necə darıxır, Allahı bilsin,
Kim necə darıxır?!
…darıxmırsanmı?!
Əngəl
Nə var yaşanası, nə var öləsi,
Ömürdür, qadası, hansını deyim?!
Əvvəl qazandığım eşqi, nəfəsi,
Sonra itirdiyim şansımı deyim?!
Mənə gəlişini gözləmək qalır,
Gələrsən, nə yaxşı,
gəlməzsən, nə pis.
Səni sevə-sevə özləmək qalır,
Bilirəm tamını həsrətin,
-nəfis
Yoxluğun canımda bir diş ağrısı,
Bu boyda ağrını çəkməsin heç kəs.
Çəkməsin dərdini məndən ayrısı,
Qarşında düşməsin, çökməsin heç kəs.
Gözlədim, hələ də izin, tozun yox,
Barı bir qaraltı.., özü olaydın…
Səssizlik içində burdan keçəydin,
Mənə bircə kəlmə sözün olaydı.
Bəlkə də, dünyada ən əclaf hissdir,
Gəlməyən birini durub gözləmək.
Gözünü yollara gözətçi qoymaq,
Saatı vüsala qurub gözləmək.
Xəyalın gözümdən qəlbinə sıza,
Qəlbindən bilinə, intizardasan.
Yaxındı mənzilin, yoxsa ki uzaq,
Bilmirəm yerini, indi hardasan?..
Axıb ulduz kimi gözümün seli,
Hər şeyi apardı bu yer üzündən.
Üzümü göylərə tutub qalmışam,
Hardasan.., kiçilib dünya gözümdə.
Sən mənə gəlməzsən,
bəlkə axırda,
Yığıb daşlarımı mən sənə gələm…
Hələ ki çiynimin yükü ağırdır,
Hələ ki özümə özüm əngələm.
Nigaran
Necə keçir günlərin,
Yaxşısanmı, əzizim?!
Burda səndən nigaran
qalıb hamı, əzizim…
Mən… mən, bir də ki, mən,
Üçü, dördü, beşi mən…
Əzab olsan, dünyanın
Bircə əzabkeşi mən.
Neçəsi var, bilmirəm,
Sevənlərin sayı yox…
Armud olsan, mənimtək
Arzulayan ayı yox.
Ömür olsan, yaşaram,
Ölüm olsan, ölərəm…
Get deyərsən, gedərəm,
Qal deyərsən, qalaram.
Könlünü də alaram,
Nazını da alaram…
Çox vermə heç, sevginin
Azını da alaram.
Özünü də alaram
Gözəllərin içindən.
Səni dərib qoxlaram
Çiçəklərin içindən.
Bircə bilsəm, hardasa,
Ümid varmı, əzizim?!
Burda səndən nigaran
Qalıb hamı, əzizim.
Yaz Yağışı
Köks ötürür o dağ, bu dağ,
Dərə bir yandan ağlayır.
Bağ yaş tökür budaq-budaq,
Bərə bir yandan ağlayır.
Yaz yağışı yağir köyə,
Dəyə-dəyə, döyə-doyə.
Buludlar yığılıb göyə,
Yerə bir yandan ağlayır.
Ağlayır gur-gur hirsindən,
Ağlayır şimşək gücündən.
Ağlayır yox sevincindən,
Şərə bir yandan ağlayır.
Kimi hakim, kimi məhkum?!
İnsan oğlu kinə məhkum.
Toyuq-cücə hinə məhkum,
Fərə bir yandan ağlayır.
Baxmadı vaxta, gözlədi,
Çıxmadı taxta sözlərim.
Ağlayır bəxtə gözlərim,
Zərə bir yandan ağlayır.
Ağladıqca düşür yada
Nə ki keçib gedib bada…
Gülən yoxdur bu dünyada,
Hərə bir yandan ağlayır.
Bəraət
Aylar, illər ötüb keçdi,
Tezin ya gecin altında,
Nə çox başlar gəlib keçdi,
Dözmədi tacın altında…
Əvvəl qanın rəngi aldı,
Axşam oldu, qaş qaraldı…
Ağlı əsir qoyduq, qaldı
Yumruğun, gücün altında.
Qalxdı üsyan, endi zərbə,
Sülhə ölüm, alqış hərbə…
Günəş doğdu Şərqdən Qərbə,
Boynu ülgücün altında.
Namərd varsa, bir də mərd var,
Tamahda da ölçû, hədd var.
Hardasa bir baraət var
Aşikar suçun altinda.
Eşq ürəyə çəkmiş dağı,
Gah yuxarı, gah aşağı.
Kündə hardan bilsin axı,
Bəndəydi sacın altında?!
Yaman yazı, yaxşı işdi,
Vaxt əcəldi, yer öpüşdü.
Bir şair yorulub düşdü,
Öldü ağacın altında.
Sözardı
Nə vaxt eşitmisən sevildiyini,
Nə vaxt sevilmisən, de, hamı kimi?!
ki, bir-birinə rast gəlir.., yəni
Adam adam üçün vardır,
deyilmi?!
Əcəb çətin oldu xatırlamağın,
Duyğular dalğalı, düşüncə dəniz.
Bu yorğun yerişin, bu cavan çağın,
Bu yersiz sualın cavabı… qəliz.
Nə vaxt eşitmisən sevildiyini,
Kim deyib “Sevirəm” sənə son dəfə?!
Dünən qulağına pıçıldayıbmı,
Yoxsa bəyan edib eşqin bu səhər?!
Kim, nə vaxt, harada, necə… sual çox,
Hamısı kiçik bir sözdən yaranmış…
Sənə əzab verən heç də cavab yox,
Eləcə bir sual.., sənin yaranmış.
Yenə qopartdılar yaranı, yenə,
Üz tutub, sağalıb vardı dediyin.
Hanı, harda qalıb başına dönən,
Hanı səni sevən, yoxdur… Bildiyin.
Bəlkə də, seviblər, bilməmisən heç,
Bəlkə də, deyiblər, eşitməmisən.
Bir isti baxışla, bir isti sözlə,
Cümləylə deyiblər, eşitməmisən.
İndi qismətində bir qız dayanıb,
Özünü bağışla, onu bağışla!
Həyat bağışlamaq üçün yaranıb,
Əvvəli “bağışla”, sonu “bağışla”!
Bir bax, pəncərənə toxundu sevgi,
Qapını açıq qoy, küsüb getməsin.
Özünü istə ki, özünü sev ki,
Kimsə səni sevsin, səni istəsin.
Sözardı… ağrısı keçər gecənin,
Keçər fikirləri sabaha qədər.
Bu seçim sənindir, bu həyat sənin,
Yolun var, – eşq yolu, Allaha qədər.
Unudulsun
Deyirdin, sevgimiz unudulacaq,
Deyirdim, istəyir, qoy unudulsun.
Yer bizim olmadı, unudulacaq…
Göy bizim olmadı, göy unudulsun.
Yox, elə sənin də var unutduğun,
Görmüsən, yadından çıxıb bir yuxun…
Murad elədiyin, arzu tutduğun,
Mənə tutmadığın toy unudulsun.
Hamı necə dözür, biz də bax elə,
Keçən keçib gedib, gözləmə gələ.
Könlünün nisgilin qopar at çölə,
Gözünün yaşını soy, unudulsun.
Əvvəlcə dediyim son sözü unut,
Sonra da, bu üzü, bu gözü unut!
Hamıdan birinci sən özün unut,
Təki xatirəmdən doy, unudulsun.
Kiçilt yavaş-yavaş, ürəyə sığım,
Elə ki, balaca gileyə sığım…
Səni yaşatmağı bacarmadığım,
Məni öldürdüyün boy unudulsun.