Gəl Həsrətim / Müşfiqə Baləddin

Bilirsənmi ötüb keçən günlərim,
Necə çətin, necə ağırdı sənsiz.
Necə deyim, necə izah edim ki,
Qurduğum xəyallar dağıldı sənsiz.
Elə bil ki, payız çöküb ruhuma,
Elə bil ki, hər yan qara dumandı.
Məni belə yarıyolda buraxma,
Məni qoyma bu gecəylə, amandı!
Bir çiçəyəm, torpağım sən, suyum sən,
Şaxta vurar, yaza çata bilmərəm.
Axı könlüm anasız bir uşaqdır,
Ovundurub başın qata bilmərəm.
Gəl, gözümü yoldan yığım ,gecikmə
Axı mənim bir sevgilik yolum var.
Gəl, həsrətim, gəl, sarılım boynuna,
Sənə tərəf bir qucaqlıq qolum var.