DergiZan

Yazı ve Sanat Ülkesi

Şiirler / Cavid Fərzəli

Səssizliyin Şəhəri

İlk yağışlar
körpə çiçəklərə əl tutardı,
ilk kölgələr
qorxaq addımlara iz salardı.
İndi səssizlik, tərk edilmiş dua kimi
boş divarlardan asılır.
Bu şəhərin səssiz addımları,
bənövşəyi küçələrin
ölümünə göz yumur.
Tanrını
dinlə aldadır.

Susduqca
ittiham böyüyür ürəklərdə
Səssiz qalan küçələrdə,
ürəyi sınmış bir uşaq səsi yatır.
Dərindən bir çaya atır
məni bu şəhər.

İndi bilirsən, səssiz qalmaq necə göynədir sözlərimi?
unutqanlığını
dişlərinin arasında gizləyən xəyanətkar kimi.
iç səsini yastığa bürüyüb boğan xudpərəst kimi.
yanan bir ürəyin istisini oğurlan qaranlıq kimi.

Qışqırmayan divarların
gündən-günə bağrı çatlayır axı.
Çiyinlərinə mələk qonan adamların
barmaqlarında tətik izi gördüm həmişə.
Demə, bizə sülh verən
göyərçinlərə dar ağacında dənik.

Daha yağışlar
çirklənmiş səssizlikdən diksinir,
daha kölgələr
səssizlikdən qaçır, kölgəliyindən utanır.
Çünki bütün xəyanətlər
unutqanlıqla başlayır.
Səssiz qalmaq –
ən çirkin intiqamdır,
Suda boğulanı görüb suya mərhəmətli baxmaqdır.


Edam Günü

Edam gününün bağbanı,
yarpaqları qıpqırmızı
ağacların başını kəsərdi,
hər baharda.
Əllərində
qan udan çiçəklər açardı,
susqunluğun dibində.

Hər kölgə salan ağacın
sinəsinə günəş bıçaq kimi batardı.
Budaqlarından sallanardı
başı kəsilmiş yarpaqlar.

Ən körpə laylalar susardı qorxudan,
körpə çiçəklər doğulduğu-
gün ölərdi,
külək belə dilini udardı.

Ana südündə qorxu vardı belə,
bəbəklərimiz
gözlərimizin qucağından yıxılardı belə.
Əlimi göyə qaldırsam,
buludlar
itkin düşərdi deyə,
əllərim Tanrıya ağız aça bilmədi.

Bəlkə nə vaxtsa
yarpız qoxusuyla
qayıdar o yağış;
qucaqlayar küçələrin boyunu.

Bir gün
edam gününün bağbanı
qorxar ilk çiçəyin rəngindən
çünki üsyanın da rəngi qırmızıdır,
çünki hər qanlı yarpaq
yenidən doğular yaddaşımızın budağında.
Və ağaclar susmağı unudar,
Bağban
öz əllərindən qorxar.

Əkrəm Əylisliyə

Hər səhər bir pəncərə oyanır daş yuxudan,
divarların arasında gizlənmiş bir zaman nəfəs alır…

Odda bir uşaq səsi yanır,
əlləri çatmayan sülhə, dilində böyüməmiş laylalara.

Ovcunda bir ocaq yeri soyuqdan ölür
bəlkə də dünən doğulan bir susqun nəğmənin ürəyidir o köz.

Duydum ki, ana göldə,
qanlı sularda çiçəklərlə barışmaqdır sənin adın.

Bağışlamaq suların axışı kimidir;
öz yolunu tapar qaya içindən belə.

Səni kim bağışlamaz,
vətənin qanını səngərdə içən?
Vətənin üzünü göy üzündən gizləyən…

Körpə bir kəpənəyin qanına susamaqdır vətən olmaq;
adam öz yerişlərini görmədikcə torpaq tanımaz…

Səni sevmək, hamının qorxusunu gizləməkdir,
gülüşün altında gizlənmiş bir səs kimi.

Hər evə dustaqlıq yazılıb daş yuxulardan;
divarlar səssiz ağlayır gecənin içinə.
Sənsə hələ də üzüqara yağışlardan çiçək naməsi gözləyirsən…

Bilirəm — indi Əylisdə əkdiyin ərik ağaclarından
bir qızcığaz boylanır kirlənmiş hekayələrinə,
səsini itirdiyin küçələrə…

Bütün ayrılıqlar, intiqam ala bilməmək qorxusudur.
Gedənlər susar, qalanlar danışmağa utanar…

Adam göz yaşlarını görməyəndə öz içinə uduzur.
güzgüylə göz-gözə gələ bilməyən bir alaçıq kimi.

Bir çinar boyda susqunluq danışar gecələr;
şairlərin nəfəsində titrəmiş bir kölgə kimi…

Ey Əylisli, sənin gördüyün yuxular oyatdı içimizdəki əsrlik qorxunu.
Axı Tanrı bir az da ürəyin çəkdiyi işıqdı;
nə qədər gizlətsən də sızır kor pəncərələrdən.

Yolların da bir yuxusu var;
biz onu ayaqlarımızın izindən öyrənirik.
Hər iz bir dua,
hər dua Əylisdə susan min illik səsdir…

İndi hardasa bir söz iməkləyir yandırılmış kitablarına sarı.
İndi hardasa bir leylək ağlayır, qanadlarının başında.
İndi hardasa bir ümid yıxılır ərik ağacından…

Ağaclar da öz kölgəsi qədər yalnızdır,
Adamlar da.
Heyif, daha Əylis axşamlarını ağlamağa kimsə qalmadı;
hamı qaçdı, vətənin dilində ağladı.

Bu yazıyı paylaş:

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir