Şeirler / Azər Ağayev

Uzaq sahillər
Səninçün darıxanda
Dəniz çoşur, çağlayır.
Könlümü dalğalara
Çırpıb, çırpıb ağlayır.
Sahillər dəyişsə də,
Xatirələr dəyişmir.
Cisimlər ayrılsa da,
Ruhlar heç ayrı düşmür.
Halıma yanır göylər,
Hicran çiləyir yağış.
Ürəyimi ovudan
Hanı o sirli baxış?
Otaqlar boş, ev soyuq…
Dərd tükənmir yazınca.
Suya desən, çin çıxmır
Bir yuxunu yozunca.
Yatağın sol tərəfi –
Həsrətin dar ağacı.
Biləsən, səndən özgə
Yox bu dərdin əlacı.
Ağlaya da bilmirəm,
İçim qəhərlə dolur.
Səndən uzaq şəhərdə
Ömrüm yarpaqtək solur.
Əlləri, qolu bağlı
Dustaqtək sevdim səni.
Könlümü odlara yax,
Amma unutma məni…
Köhnə liman
Yüz-yüz üfüqlər dolan,
Axtar, gəz, yerim dolmaz.
Günəş çəkilər səndən,
Ömür olmaz, gün olmaz.
Köhnə liman göynədər
Səni bir axşam çağı,
Xatirəsi dərd olar,
Qəlbinə çəkər dağı.
Dizini qucaqlarsan,
Ovcunda vaxt əriyər,
Boş qalan yastığında
Dərin süküt kiriyər.
Bir gecə xatırladar
Məni küləyin səsi,
Deyərsən, gəlsə, yetər
Ovunmağa nəfəsi.
O yorğun gözlərində
Bir tikə ümid qalar.
Vaxt gələr, həsrət yeli
Onu da səndən alar.
Sabaha çıxmaq üçün
Məni unutmaq çətin.
Bir də baxarsan, dönüb
Mən olmusan büsbütün.
Bir eşq çəkib apardın
Sinəm üstə çəkdiyin
Közün ocağı yanır,
Gözlərimin önündə
Son gedişin dayanır.
Təzəcə unutmuşdum
Çəkdiyin min bir dağı,
Budağından ayrılıb
Düşdü könül yarpağı.
Saçlarımın ağında
Elə tufan qopardın,
Məndən bir ömür, bir də
Bir eşq çəkib apardın…