Ay ilıq / Gülnarə İsrafil

Sarılıb sarmaş-dolaş, seyri-süluk edərəm,
Nə saat tak-tak edər, nə də zaman var olar.
Sənin hava axını çəkdiyin hər nəfəsdə,
Hissənə, hüceyrənə dönüşərəm doğrular.
Sən olaram gülüşdə, sən olaram kədərdə,
Sındıraram sehirli, sirr doğuran tilsimi.
Narçiçəyi rəngində bəzənərəm, bəzərəm,
Öpüşümlə boyaram dodağına sevgimi.
Ozonqatımda sərib ayağına çilçıraq,
Apararam illərin səndən gedən fəslinə.
Səni ruhuma çəkib edərəm yaza qonaq,
Səni vermərəm yerin, torpağın da əslinə.
Mənim ruhum əbədi yaşanacaq baqidir,
Sən mənim bədənimin tənyarı hissəsisən.
Gözlərimin işığı, hisslərimin güzgüsü,
Zamansız dövrə vuran nəbzimin qu səsisən.
Gəl ömrümə, ruhumu uçurt göyə çərpələng,
Sonra yapış, bərk sarıl, qoparmasın ayrılıq.
Əriyək bir can olaq, bir səs, bir bədən, ətir,
Bizə Günəş işığı gecə gəlsin, ay ilıq.
22.08.24.