DergiZan

Yazı ve Sanat Ülkesi

Şiirler / Banu Muharrem

Məsələ 10-da deyil

Özümdən yıxılanda bircə kömək olmur heç.
Bax, necə də, izinsiz ürəyimdən keçirsən…!
Səni yol-yol axtaran gözümdən də özün keç.
Məsələ onda deyil.

Bir xəyal qurduğumda tökülür qırıqları.
Ən tükəndiyim yerdə, sən uzaqdan gör deyə;
məni məğrur gəzdirir qəlbimin sınıqları.
Məsələ o da deyil.

Bəzən bir məqam gəlir, ölüm qurtuluş olur.
Gecələrin birində sözünü tanımırsan.
Çox gəlirsən özünə; dözüm “qurd işi” olur.
Onda “məsələ deyil”.

Qış düşmüş çiyinlərə sevgi ayrı dərd olur.
Məzarlıqda bilirsən bütün çarəsizliyi.
Sevdiyin kəs anlamır məsələ o, həll odur.
Məsələ “o”nda deyil.

Kimsənin sığmadığı ürəyimə sığırdı.
Mən bir 10 rəqəmiyəm, onsuzluq da sıfırdı.
Hamını yığ, vur o’na. Cavab yenə sıfırdı.
Məsələ 10-da deyil.

Yalanım varsa

Qara sellofan gətir, topla arzularımı.
Yığ içinə, apar at, qaç gəl, kimsə görməsin.
Sonra otur yanımda; göstərim necə olur
atəş ilə oynamaq – sənə asan gəlməsin.

Sənə yerlər deyim ki,yer adları biləsən.
Qucaqlayım.İçindən uçanları görəsən.
Bilmədiyin hal ola, haldan-hala girəsən.
Nur içində uçasan,amma ruhun ölməsin.

Qayıtdığım yolları bircə dəfə sən dolan,
Dönə bilsən qayıt gəl, arzular olsun yalan.
Atəşin içindəki ayaza möhtac olan
adama qış olasan, alovun da sönməsin.

Qırılıb göylərdəki buludlara dönmüşəm.
İçimdəki dünyamla ürəyimə gönmüşəm.
Səni qəlbimdən sonra gözümə də gömmüşəm.
Yalanım varsa de ki,o gözlərin gülməsin.

Ruhumun geymələri

Təsəlli söhbətlərin ürəyimin dincidir,
Göz yaşıma islanar quru su gölmələri.
Qübar cəhənnəm odu- ürəyimi incidir
doldurarkən dumanlar ağlımda xeymələri.

Dağların yamacını parçalayar ildırım
Yağışlar burulduqca təmizlənər qaldırım.
Güvəndiyim dağa da qar ələnər bir yığın,
Üşüyər səhralarda bağrımın heybələri.

Qınanılsa da ölüm dəli bir eşq uğruna,
Səhvlərim heçnə etməz, gözüdönmüş doğruma.
Bir reseptlik əlacdır-hüzur verib ağrına
dodağına pıçıldar ruhumun geymələri.

Bağışlanmaq kəfəndi

Sabahlar da meyvə kimi, çürükdür.
Bəlli olmaz nə çıxacaq içindən.
“Gün sayaram, payız gələr”-deyincə
Görərsən ki, qaydıram biçindən.

Səhv addımlar elə-belə atılmır.
Yanlış nədir,günah nədir öyrədim?!
Bir baharlıq döngələri gəz yenə,
Bu şaxtada gözlərini göynədim!

Baxacaqsan qarda donmaq üzrəsən.
Görəcəksən yuxun gəlir-şirindir.
“Pis adama heçnə olmaz” deyirlər.
Gözlərimdə hər gün ölmək -işindir.

Demək- mənim zəifimmiş inanmaq
Zəiflərim xırda-xırda tükəndi.
İç ışığım yanmır bağışlamaqdan.
Bağışlanmaq ölənlərə kəfəndi.

Getmək mənim evimdi

Getmək mənim evimdi, ünvanımı bilirəm.
Qalmaq isə çətindir boş çoxluğun içində.
Baxır niyə gedirəm, baxır kimdən gedirəm.
Çoxluqlar da boş gəlir, sıfırlanır içim də.

Pəncərəmdən keçən kadr-fəsil deyil, ömürdü
Pəncərələr gözümdə mənalı görünmürdü.
Ömründən getdiklərim öz içimə gömüldü.
Nəyimə lazım daha günahından keçim də!?

Şəkillərdə yaşayır bizdən çıxıb gedənlər,
Çərçivələr tanımır könlümüzə girənlər.
Məndən yaxşı bilirmiş iç üzünü görənlər
Deyirəm:”bağışlayın,uşaqlıqna keçin də…”

Dünya sakit fırlanır, bir kölgəsən Gündə sən.
Nə qədər addımlasan, dayandığın yöndəsən.
Ürəyimdən yıxılmış, ruhu elə gündəsən,
Söz dünyamın içində bir nəfəsə keçin də!

Sən yadıma düşəndə

Sən yadıma düşəndə günəşə göz atıram, gözlərimi yandırır.
O parıltı sənsənmi?! qalan ağlımı alır.
Sən yadıma düşəndə kəndimizin şəklini ürəyində daşıyır içimdəki boz divar.
O kənd sənə tanışdı?! Səsin kəndə aparır, mənə tanış o civar.

Sən yadıma düşəndə ay günəşlə yarışmır, günəş ayla öpüşür.
O ay sənin dostundu?! Mənə səndən danışır, sözünü kəsməyəndə
darıxmağım ötüşür.

Sən yadıma düşəndə içir gülür babalar; gözündə cavanlaşır ən deyingən
qarılar.
O cürünü görmüsən?! Elə bil çiçəklərdən toz daşıyır arılar.
Sən yadıma düşəndə dənizdə qayıq batır, əllərimdən yapışır kömək istəyən
qollar.
O dənizi bilirsən? Necə xoşbəxt olurlar, neçə yuva qururlar on bir rəngli
balıqlar.
Sən yadıma düşəndə düşür yadıma yollar. Yeridikcə hər küçə, səssiz
dolanmış qollar.
O qolların ağrımır ələndikcə yağışlar?!
Mənəm də, Allah haqqı! Sən yadıma düşdükcə sonunu dəyişirəm-xoşbəxt
bitir nağıllar.

Unuduram

O qədər təmiz idin yenilmiş ürəyimdə.
Mən sevib saxlamışam,yenilmiş ürəyim də.
Gözlərim açıldıqca gördüm ki, kürəyimdə.
ağrı, kədər, qüssə, qəm-adiləşir..
unuduram.

Hər nə yalan danışdın,mən anlayışlı oldum.
İçimdəki uşaqla içimdən yaşlı oldum.
Qüsurlarınla sevdim, bir başıdaşlı oldum.
Gördüm sənin sevgin də faniləşir,
unuduram.

Doğru sözün yalanmış, doğruların da varmış,
Sən də bu cür adamsan-doğru!Arın da varmış.
Bazarmış ürəyin də; oğru yarın da varmış
səni kim oğurladı-pişik ya şir?!
unuduram

Gedirəm

Yollara bax, elə hey yeridikcə uzanır,
Bu yollar ayrılıqdan görəsən nə qazanır?!
Yol özü də yorulur, uzanmaqdan usanır.
Bu yola ayrılığı dərin qazıb gedirəm.

Bu gecə mənlik deyil, zaman məni dişləyir,
Darıxmaqdır ayrılıq, lap qanıma işləyir.
Kədər gözümdən axır, göz yaşlarım “şş…”deyir
Ayrılığın adına şeir yazıb gedirəm.

Vidalaşıb gedirəm, yağışlar nəğmə çalır,
Şənliklər dağılırmı? yel yağışa dolanır.
Özüm gedirəm amma, ürəyim burda qalır.
Bu şəhərin izindən yolu azıb gedirəm.

Keçi inadı kimi inadım var savaşda.
Nə çox həkayəm oldu bu ağılda, bu yaşda.
Tutma qolumdan məni, incidirsən, yavaş da…!
Könlüm! Sənin hökümü özüm cızıb gedirəm.

Nə günah var mənimdi

Göz yummuşdum hər şeyə
Nə günah var-mənimdi.
Qüsuruna baxmırdım
Qəbahətə bax indi.
Baxmırdım ki, gözümdən
yıxılarsan nə vaxtsa.
Mən səni dağ sanmışdım,
dağ yıxılar nə vaxtsa?!
Gözlərimdə gözündən,
üzündən bağ qurmuşdum.
Min tikana düz ikən,
mən müqəvvan olmuşdum.
Güvənirdim bilmərrə,
Ay gözümdə Şəkli nəm,
yalanları tapmacam!
Qollarına şəklinəm.
Tək sən mənim evimdin.
Gəlib çıxdı şaxta da.
Təmizliyin vaxtıdır.
Silməliyəm, baxma da…
Göz yummuşdum hər şeyə.
Nə günah var mənimdi.
Qüsuruna baxmırdım
Qəbahətə bax indi.
Mən gedirəm – yaxşı ol!
Qüsurumu keç indi.
Elə bil ki, yolların

ayağımda keçindi.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir