DergiZan

Yazı ve Sanat Ülkesi

10 Noyabr-Beynəlsevgi Azalya Günü / Şəfa Vəli

Azalya bapbalaca, yumrusifət bir qızdı. Gözləri azacıq qıyıqdı. Güləndə ağzını geniş açır, kədərlənəndə isə dodaqlarını büzür, qaşlarını çatır. Yanaqlarında bapbalaca batıqlar var.  Qapqara saçları tez-tez gözünün üstünə düşür. Anası onun saçlarını balaca, rəngbərəng saç rezinləri ilə bağlayır hərdən. Amma qızcığazın saçlarının rezində qalması, uzağı, 5 dəqiqə çəkir. Azalya balaca barmaqlarını atır başına, anasının möhkəm sıxmağa qıymadığı rezini çəkib ordan çıxarır. Atır uzaqlara… Çox uzaqlara… Məsələn; anası evi təmizləyərkən ya jurnal masasının altından, ya kitab şkafı ilə divarın arasından, ya da xalçanın saçaqları arasından saç rezini tapır…

            Azalya bu uzaqları kəşf etməyi, hər gün yeni nəyisə tanımağı çox sevir… Axı o, hələ bapbalacadır-cəmi, 11 aylıqdır…

            Azalyaya dovşanqulaq papaq

            Azalyanın papaqlarının hərəsi bir rəngdə, hərəsi bir formada idi.  Elə papağı vardı ki, əlcəklə dəst idi. Amma bütün əlcəklər onun balaca əllərinə böyük gəlirdi deyə, anası taxır, Azalya əlini oynadan kimi əlcəklər çıxırdı.

            Bir gün nənəsi Azalyaya dovşan oyuncağı aldı. Parçadan tikilmiş oyuncağın qulaqları  yaman uzun idi; gəlib dovşanın ta ayaqlarınadək çatırdı. Azalya bütün oyuncaqlarını unutdu və bütün günü dovşanla oynamağa başladı. Dovşanın hər böyründən biri sallanan uzun parçaların  qulaq  olduğunu anlaması  üç gün çəkdi. Anlayanda isə  Azalya xeyli güldü.

            Bir dəfə anası gördü ki, Azalya dovşanı başının üstünə qaldırıb, onun qulaqlarını öz balaca qulaqlarının üstünə salıb. Qızcığaz çox qəribə və maraqlı görünürdü. Anası qərara gəldi ki, Azalyaya dovşanqulaq papaq alsın.  O, fikrini Azalyanın atasına da dedi. Hər ikisi də başladı qızlarına dovşanqulaq  papaq axtarmağa…Di gəl, papaq tapılmırdı. Bakı boyda şəhərdə heç kim dovşanqulaq papaq satmırdı.

            Hər axşam ata-anası üzgün-üzgün  Azalyaya, bir də parça dovşana baxır,  deyirdilər:

            -Görəsən, dovşanqulaq papaqlar hara yoxa çıxıb?

            Azalya bunu eşidir, gülümsəyirdi. Çünki böyüklərin görə bilmədiyini görürdü… Hə,  böyüklər nə vaxtsa uşaq olduqlarını unutduqlarından sonra   nağılları görə bilmirlər… Azalya isə görürdü…  Dovşanqulaq papaqlar  havanın soyumasını, qarın yağmasını gözləyirdilər ki,  gizləndikləri yerdən-anbarlardan çıxsınlar, dükanların vitrinlərinə düzülsünlər, gözəllikləri ilə balaca uşaqları çağırsınlar. Və onların çağırışını hələ aylar əvvəldən eşidən uşaqlar ata-analarına baxıb başlarını sağa-sola yelləyərək  gülümsəsinlər.  Bu təbəssümün sehirli səsi ata-anaların düşüncəsinin qapısını açıb içəri girsin, onlara  eşidilməyən səslə pıçıldasın: “Get, bu balaca uşağa dovşanqulaq papaq al!”

        Azalyanın ata-anası ilə də belə olmuşdu… Ta ki, bir gün Bakıya qar yağdı. Elə həmin gün ata işdən gələndə əlində  sarı rəngli, üstü çəhrayı xallarla dolu dovşanqulaq papaq vardı. Axşam anası Azalyanın şəklini çəkəndə bütün mağazalardakı dovşanqulaq papaqlar sevincdən yerlərində qımıldadılar. Onlar hamısı uzaqdan-uzağa bilirdilər ki, dovşanqulaq papaq Azalyaya çox yaraşıb.

Azalya “çemodan əhvalı”nda…

Azalyanın anası esse yazırdı. Bu dəfə essesinin mövzusu yol üstə olan insanlar idi.  İlk cümləsi belə başlayırdı: “Gələnlər bizim üçün sirr olsa da, gedənləri iliklərinə qədər tanıyırıq…”  Bu cümlənin təsirilə başını qaldırıb  dəhliz dolabının yanında dayanan boz çemodana baxdı.  Azalya   dəhlizdəki xalçanın üstündə oturub çemodana baxır, gülürdü. Anası öz essesində, Azalya öz nağılında idi…

…Hava limanında hamı tələsirdi. Oturub təyyarə gözləyən də tələsirdi, kofe içən də tələsirdi, papağını gözünün üstünə qoyub, başını dəmir  oturacağın söykənəcəyinə dayayıb yatan qoca kişi də  tələsirdi. Birdən  hava limanındakı yükdaşıyanlardan biri dedi:

-Burda bir boz çemodan var, bilmirsiniz, kimindi?

Ortalığa deyilən sual hamını çaşdırdı.  Hərə bir dəfə göz atdı çemodan tərəfə, tezcə də başlarını çevirdilər.   Hardansa qaçaraq gələn mühafizəçi çemodana tərs-tərs baxdı:

-Bu çemodan hara gedəsidir? Niyə burda qalıb?

Hamı çiynini çəkdi… Mühafizəçi  qapının yanına qayıtdı. Bir az keçdi, bu dəfə boz kostyumlu, qalstuklu bir kişi ilə hündürdaban geyinmiş, upuzun boylu bir qadın gəldi. Onlar da çemodanın yanında dayandılar, o yan-bu yana baxdılar, eyni anda dedilər:

-Çemodanın içində nə var?

Hamı başını buladı… Qadınla kişi tələsə-tələsə eskalatora tərəf getdilər. Bir az da keçdi… Bapbalaca kəpənək açıq qapıların birindən içəri təpildi, gəlib çemodanın qulpuna qondu.  İnsanların səs-küyündən, həyəcanından, qaçaraq addım səslərindən oyanmayan çemodan kəpənəyin sehirli toxunuşuyla yuxusundan oyandı… Başladı balaca təkərləri fırlanmağa… Gəlib yükdaşıyanların yanından keçdi. Onlar bir-birinə dedilər:

-Çemodan kimindir?

Gəlib mühafizəçinin yanından  keçdi, qapıdan eşiyə çıxdı. Mühafizəçi əlini irəli uzatdı ki, çemodanın qulpundan yapışsın, yapışammadı.   Gözlərini bərəldərək dedi:

-Bu çemodan hara gedir?

Çemodan yolu piyada keçidindən keçdi, səkiyə çıxdı.  Arada təkərinin birini səkinin sağındakı çəmənliyə sürtə-sürtə, gülümsəyə-gülümsəyə yola qoyuldu… Hava limanının ikinci mərtəbəsindəki geniş pəncərələrdən yola baxan boz kostyumlu, qalstuklu kişiylə upuzun boylu qadın eyni anda dedilər:

-Bu çemodanın içində nə var?

Çemodansa heç nəyi eyninə almır, gah kəpənəyin sığalıyla xumarlanır, gah da təkərləriylə çəmənliyə sürtünür, yolundan qalmırdı…   Ağıllı çemodan idi, heç vaxt maşın yoluna çıxmadı, səkidən-səkiyə piyada keçidlərindən keçdi, axırda gəlib Azalyagilə çıxdı. Axı o, Azalyanın anasının çemodanı idi.  Öz nağılını Azalyaya danışmağa tələsirdi; özü də, onu qucağına alaraq…

Azalya şirni yağışında

Eşikdə yaman yağış yağırdı. Nənəsi demişdi bunu: “Yaman yağışdı!” Anası  düşünmüşdü: “Niyə yamana da “yaman” deyirik, güclüyə də? Güclü olmaqçün  yaman olmaq  şərtdirmi?” Gedib bundan da bir esse yazacaqdı, bilirdi. 

Azalya ilk dəfə idi ki, bu cür güclü yağışla tanış olurdu. Pəncərədən baxır,  göydən tökülən suyun niyə onun da başının üstündən yağmadığını anlaya bilmirdi. Bapbalaca boyuyla gah tavana tərəf dartınır, gah iməkləyərək qapıya  tərəf gedir, gah da qayıdıb xalçada oturur, yenidən pəncərədən eşiyə baxırdı. Axı bu yağış niyə onun başından da yağmırdı? Yoxsa ancaq eşiyin göyü var idi? Azalyanın göyü yox idi?  Bəs, niyə yox idi ki?

            Ev qupquru idi, su ancaq onun balaca, ağzı əmzikli şüşəsində vardı. Amma o, başından tökülən su istəyirdi.  İməkləyə-iməkləyə jurnal masasına yaxınlaşdı, oturdu. Bir az masanın üstünə boylandı. Orada  iki dənə qəndqabı vardı: birində iri şokoladlar, yumru-yumru kökələr üst-üstə qoyulmuşdu, birində isə bapbalaca, Azalyanın çeçələ barmağından da balaca, elə burnunun ucu boyda, rəngbərəng şirnilər vardı.

Azalya dizlərini jurnal masasının ayağına dayadı, sinəsini irəli verdi, masanın kənarından tutub ayağa qalxdı və qolunu uzadıb balaca qəndqabını özüə tərəf çəkdi. Qab çevrildi, içindəki rəngbərəng  şirnilər havaya uçdular, gəlib Azalyanın başından yağış kimi töküldülər. Azalya nə qəndqabının çevrilərkən çıxardığı “tıqq” səsindən qorxdu, nə də başına tökülən şirnilərdən. Sevindi…Güldü… Qayıdıb xalçada oturdu və əllərini bir-birinə vurdu… İndi onun da “göyü” və “yağışı” vardı…

Azalyadan xalaya  gül

Azalya kəndə gəlmişdi… Bütün yol boyu anası düşünmüşdü: “Hələ ibtidai insanların vaxtında kənd var idi, şəhərlər idarəçilik prinsipi ilə ortaya çıxdı. Bəs, niyə indi kəndlər  təfəkkürdə dəbdən düşüb?”  Fikirlərini Azalyanın atasına deyəndə, o cavab verdi:

-Anası, bundan esse yox e, birbaşa povest çıxar ki! “Qaranlıqlar günəşi” qədər gözəl bir povest!

…Kəndə çatdılar.  Maşından düşdülər və iki tərəfi də qızılgül kolları ilə əhatələnmiş cığırla evə tərəf addımladılar. Yol boyunca Azalyanın anası əyilib qızılgülləri iyləyir, amma dərməyə qıymırdı. Azalya oturduğu uşaq arabasından anasını diqqətlə izləyir, öz nağıllarından birini başlayırdı…

…Qızılgüllərin ən göyçəyi çəhrayı rəngdə olanı idi. Balacaydı, elə Azalya kimi.  Nənəsi həmin gül kolunu  cığırın bəri başına-düz pilləkənin böyrünə əkmişdi. Gedib-gəlib əzizləyirdi:

-Mürəbbəlikdi ey! Bundan bir mürəbbə bişirəcəyəm ki, şipşirin dadacaq, Azalya kimi şipşirin!

Azalya gözlərini yumub güləndə çəhrayı qızılgül onun ürəyindən keçəni anladı. Azalya istəyirdi ki, xalası üçün bir gül dərsin. Amma gül dərməyi hələ öyrənməmişdi.

Çəhrayı qızılgül özü  budağından qopub onun qucağına düşə bilərdi. Onda nənənin mürəbbəsi kəm qalardı… Kəm qalan mürəbbə isə Azalya kimi şipşirin olmazdı. 

Zoğalı, iri qızılgüllərin biri çəhrayı qızılgülün fikirli olduğunu görüb soruşdu:

-Nə olub, mürəbbəlik?

Çəhrayı qızılgül üzgün-üzgün dedi:

-Azalya xalasına gül dərmək istəyir. Mən qopub onun qucağına düşsəm, nənənin mürəbbəsi Azalya kimi şirin olmayacaq. Bilmirəm, neyləyim?

Zoğalı qızılgül ətrafına boylandı. Sarı, ağ, tünd-qırmızı qızılgüllərə kəpənəklərlə xəbər göndərdi. Hamısı sözü bir yerə qoydular ki, Azalyanın bu arzusunu yerinə yetirsinlər.

Axşamüstü idi. Atası Azalyanın oturduğu uşaq arabasını  sürür, anası da arxadan qızılgüllərə mahnı oxuya-oxuya gəlirdi.  Cığırın sonuna çatanda ata dedi:

-Anası, bax, Azalya nə qədər gül dərib!

Anası təlaşla arabanın içinə boylandı. Azalya qollarını yana açmışdı. Qucağında rəngbərəng qızılgüllər vardı: sarı, ağ, zoğalı, tünd-qırmızı… Anası bir   arabadan hündür olan qızılgül kollarına, bir də Azalyanın güllərə qarışan gülüşünə baxır,  bapbalaca qızın necə bu qədər gül dərə bildiyinə təəccüb edirdi.

…Uzaqda, çox uzaqda, dağların o üzündə yaşayan xalası isə  başı üstündə uçan bənövşəyi kəpənəklərə baxır, gülümsəyirdi. Kəpənəklər ona xəbər gətirmişdilər ki, Azalya  xalasına gül dərib. Xala ürəyində həm kainata, həm  özlərini Azalyanın qucağına atan qızılgüllərə, həm də Azalyaya mütəşəkkir idi…

Şəfa Vəli

2023, Şəki, Yuxarıbaş

Bu yazıyı paylaş:

One thought on “10 Noyabr-Beynəlsevgi Azalya Günü / Şəfa Vəli

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 24 eseri bulunmaktadır.