Şeir Özü Yazılır / Gülzar Şərifova

Bir axşam da şeir yazma,
Əziz dostum, deyirsən sən.
Fəqət yazmaq istəyirəm
Səhərimin eşqinə mən.
Bu günəşli ağ günlərə
De, yazmaya bilərəmmi?
Ellərimin sevincini
Mən duymasam gülərəmmi?
Yorulmadan yazıram mən,
Gecə keçir… Sökülür dan.
Çiçəklənən ilk bahartək
Gülür həyat, gülür insan.
Ağ günlərə şeir deyən
Biri mənim ürəyimdir.
Xoşbəxt olsun bütün dünya
Bu, arzumdur, diləyimdir.
Əziz dostum, ürəyimin
Hər xoş sözü yazılır ki,
Mən nə edim yazmasam da
Şeir özü yazılır ki.

