Ata/ Gülsade İbrahimli
Canımın ağrıyan yeri,
Həsrətimin üç hərfli nidası,
Atam mənim!!!
Kimsə bilməz içimdəki bu yası.
Bir zəng gələ, mən açam ki,səsindir,
İnan mənə, inan atam bəsimdir.
Sənsizliyim ağrılıdır, ağırdır,
Mən xırdayam, mən acizəm əlində.
Sarılıram məzarına, isinmirəm ay Ata,
Çağırıram hər nəfəsdə adını.
Ayrılığın yaman oldu, sərt oldu,
Deyəmmədim salamat qal, hələlik.
Ay ata, dərdin mənə dərd üstündə dərd oldu!
Öpəmmədim əllərini doyunca,
Mən qayğına qalammadım, bağışla
İndi mənə boylanırsan məzardan,
bir həsrətli,
Bir nisgilli baxışla.
Vəfasızmış bu dünyanın o üzü,
Gedən dönmür, qalan ölmür…
gün keçir.
Həyat bizə hər addımda kəfən adlı don biçir.
Mən küsmərəm,
İncimərəm bilirsən,
Bilirsən ki, bu şeirim
Susdurduğum dərdimdir.
Bir zəng gələ, mən açam ki, səsindir,
İnan mənə, inan, Atam bəsimdir.