DergiZan

Yazı ve Sanat Ülkesi

Üç Şiir / Süleyman Abdulla

  1. Şiir:
    Göyd
    ə

 

Mənim günahıma yazsın torpağı,
Bəlkə görəmmədim mələyi göydə.
Mən yerdə gəzirdim doğrunu, axı,
Oğrunun var imiş kələyi göydə.

Ac adam atını qılınca çapar,
Qəm dönüb özünü it kimi qapar.
Kim idi söyləyən,- axtaran tapar,
Haqqı yerdə ara, fələyi göydə.

Can çəkə bildiyi dərdi tən bilə,
Nə mən bölə biləm, nə də sən bilə.
Bəxti qara gələn girər zənbilə,
Düşməmiş bələnər bələyi göydə.

A tanrı, sirr imiş sehirli qurğun,
O bəxtiqaranı vurmadı vurğun.
Atəşi tapılmaz yerdə Simurğun,
Yandıra bilmərik lələyi göydə.

Birdən bir şey olmaz üstünə gəl bir,
Zaman bəla verər məkanla əlbir.
Dənlə yabalaşar xırmanda xəlbir,
Küləklər oynadar ələyi göydə.

 

 

2. Şiir:
     Düşüncə

 

Yaddan çıxarmıram çox adamı mən,
Hər gün unutmağa ad düşünürəm.
Nə olsun, dünyada yaşamıram şən,
Şükür, ölüm haqda şad düşünürəm.

İlantək sürünür hər ömür sürən,
Külü kütah olur alov püskürən.
Daha adam qapır kölgəyə hürən,
Var imiş sümükdə dad düşünürəm.

Adi həqiqətmiş qəliz qandığım,
Niyyəti bəd imiş pir inandığım.
Heç vaxt anlamadı doğma sandığım,
Bir sözdən qanardı yad, düşünürəm.

Yenə düz gəlmədi bu payız da say,
Nə yazım yaz imiş, nə də yayım yay.
Adama dərd verən olmayacaq bay,
Canını alacaq bad, düşünürəm.
25.09.2018

 

3. Şiir:
Ə
llərindən

 

Pırpız saçlarında qarışar sığal,
Şəbnəm ətri gələr nəm əllərindən.
Həyat vəfasızdır, ömür-gün cığal,
Çıxar həm canından, həm əllərindən.

Dağlar öz başına sarıyar cuna,
Göydə bulud gülər, şimşək uğunar.
Düşər ayaqların dərd bolluğuna,
Sevinc azıb gedər kəm əllərindən.

Havada asılan nisgildir duman,
Aynımaz kədərdən xoşbəxtlik uman.
Gedəndə qüssədir ardınca cuman,
Gələndə zinhardır qəm əllərindən.

Bu geniş dünyada imkan olur dar.
Uşaq fərəhinin ahıl dərdi var.
Üzü payızadır yarpaq mahnılar,
Xəzəllər tökülər dəm əllərindən.

Sonda hali olmaz kimsə halından,
“Gəl” deyən bir gün də dəyər dalından.
Gözün doymasa da dünya malından,
Toplanar-çıxılar cəm əllərindən.

22.09.2018.

 

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 3 eseri bulunmaktadır.

Yazarın diğer yazıları