DergiZan

Yazı ve Sanat Ülkesi

Hekayəmiz Bitir mi? / Şəfa Vəli

…1 sentyabr 1923-cü ildə gündüz saat 12:00-da Yaponiyada 8,3 bal gücündə zəlzələ baş verir. Bu dəhşətli təbii fəlakət tarixə Böyük Kanto zəlzələsi adıyla keçir. Çünki, zəlzələdən ən çox zərər çəkən ərazi Kanto vilayəti idi. Tokio və Yokohamanı yerlə-yeksan edən zəlzələdə, təxminən, 174 min adam ölür, 542 min nəfər itkin düşür…

Təbii fəlakətin şahidi olan bir uşaq-sonradan şöhrəti dünyaya yayılan kinorejissor Akira Kurosava öz xatirələrində həmin dövrü belə xatırlayır:  “Böyük Kanto zəlzələsi məni dəhşətə düşürmüşdü, həm də önəmli şeylər öyrətmişdi. Bu zəlzələ sayəsində təbiətin inanılmaz güclərini görməklə qalmamış, eyni zamanda, insanların inanılmaz şeylər edə biləcəklərinə şahid olmuşdum”.  Ardnca da: “İnsanlar  panikaya düşəndə məntiqlərini itirib əməlli-başlı axmaqlaşırlar…”-deyə yazan Kurosavanın dediklərini XXI əsrin 20-ci ilində siz də müşahidə etdinizmi? Qorxmayın, etiraf edə bilərsiniz…

Koronavirusun dalğaları üfüqdə görünən kimi Yer sakinləri hamısı eyni cür panikaya düşdü; böyük  ölkələrdə marketlərə hücumlar oldu, alış-veriş mərkəzlərində rəflər boşaldıldı. Bir qutu makaron üçün dalaşanları da gördük, iki qutu gigiyenik vasitə üçün intihara cəhd edəni də…

Sonra, sözün əsl mənasında, maskarad başladı. Koronavirusun  insanlığın məğlubiyyəti münasibətilə təşkil etdiyi bu maskaradda başına plastik su qabı keçirənlər də vardı, əleyhqaz taxanlar da… Hələ yanvarda qonşusuna keçən ilin dəbini geyindiyi üçün lağ eləyənin zibil torbalarına bürələnməyi isə koronavirusun sosiallığa çaldığı qələbənin rəmzi idi…

Nənəmin bir sözü vardı: “Dünyanın düz vaxtı…” İndiyə qədər bu söz mənə adi deyim kimi gəlirdi. Amma, indi, dünyanın nahamar vaxtında dilimin əzbəri olub. Görüşməyə, bir fincan çay içib dərdləşməyə söz verdiklərimə də elə beləcə deyirəm: “Dünya düzələndə gələcəyəm…” Nə edəsən ki, dünyanı dağıtmaq insanın əlində olsa da, düzəltməkdə acizmiş…

Bir də “koronalı günlərdə” darıxmaq var. O günü bir hekayə yazdım: “Epidemiyada darıxan qoca…”  Cəmi 18 dəqiqəyə, birnəfəsə yazılan bu hekayənin son nöqtəsini qoyduqdan sonra, azı, yarım saat ağlamışam. Niyəmi? Çünki, o “əlahəzrət darıxmağa kəniz olan məndim”…

İndi koronavirusu bütün təbii fəlakətlərlə eyniləşdirənlər də tapılır. “Filan ildə zəlzələ bu qədər can aldı”, “həmən vaxtı sunamidən nələr oldu” və sair və ilaxır… Hələ xərçəngin, diabetin, cinayətlərin aldığı canlarla koronaviruslu günləri müqayisə edənlər də var. Mən onların sözünü kəsməyə heç vaxt çalışmıram. Çünki, A.Kamyu “Taun” əsərindəki qoca gözətçinin diliylə o cavabı çoxdan aksioma çevirib: “Zəlzələ bir dəfə olur və qurtarıb gedir. Ölüləri-diriləri sayırlar, sonra söz-söhbət kəsilir. Amma, bu xəstəlik çox səfeh şeydir. Xəstəliyə yoluxmayanlar da xəstəliyi ürəklərində gəzdirir…”

Xəstəliyi ürəyində gəzdirməyin ikinci adıdır darıxmaq… Əvvəllər  aşiqi Qaf dağının o üzünə aşan məşuq ayrılıq yanğısıyla bayatı söylər,  göz  yaşları görünməsin deyə üzünə rübənd çəkər, əllərini solğun rəngdə xınalayardı… “Koronalı günlər”də bütün bu eşq simvolları da öz məzmununu dəyişdi. İndi ayrılıqlara səbəb Qaf dağı yox, divarlardı. Ayrı-ayrı otaqlarda karantinə salınanlar dastanlardakı o dağlar aşan ayrılıqları elə gözəl utandırırlar ki… Rübəndmi? Bir ətrafa baxın, eşiyə çıxa bilmirsiniz,  pəncərəni açın və küçəyə boylanın. Tibbi maskalar da “koronalı günlər”in rübənd dəbidir.  Əzablı ayrılıq və hüznlü darıxmaq yaşayanların xınası da əskik deyil-antiseptik vasitələr bütün qapıların ağzında hazırdı. İçəri girdinmi, xınalanmamış kimdi sənə əl uzadıb “xoş gəldin” deyən?!

Koronavirus insanlığın “mən” mərkəzli yaşamına təbiətin harayı kimi də dəyərləndirilir. Biz dünyəvi arzularımıza tac taxıb ruhumuzun başına qoyduq, o da bumeranq effekti göstərib geri döndü, “taclı virus” kimi həyatımızın təhdidinə çevrildi…

Ruhunu yazıya təslim edənlər də bu günləri nahamar yaşayırlar. Onlar da “dünyanın düz vaxtı”ndan mənən qopublar. Yeganə üstünlükləri yazdıqları hər cümləylə bu bağı yenidən qurmağa cəhd etmələridir. Düzdür, yazıçı Varis Yolçuyev bu günləri “yaradıcılığımızı dincə qoyduğumuz günlər” adlandırdı, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs “İndi bizim təklikdən təkliyə qapıldığımız günlərdir” dedi, amma “ 525-ci qəzet”in  baş redaktoru Rəşad Məcid ümidini üzmür: “Koronavirus bitsin, böyük dəyişikliklər olacaq”. Bu cümlədəki “bitsin” kəlməsini “bitdi” deyə oxumağı arzuladım. Bir də gördüm arzumun yolunu bir sarı yarpaq kəsib. Apreldə sarı yarpaq? Təəccübümün qulağını Rəşad Məcidin müsahibəsinə söykəyəndə eşitdiklərim sarı yarpağın sirrini çözdü: “…psixoloji durumuna görə unutqan olan insan bunları da unudacaq”.

Unudacağıqmı? Əlibala Hacızadənin o məhşur əsərindəki şeir kimi:

Unudulmaq yaman dərddi,

Gülüm, başına gəlməsin…

Unudulmaqdan bu qədər qorxan insanın unutmağı könlünə peşə seçməsi də həyatın savab-günah təzadının paralelliyidir…

Atatürk Mərkəzinin şöbə müdiri, şair Əkbər Qoşalı “koronalı günlər”də kitabxanasına baş çəkdi, unudulmuş kitabları sevindirdi, yaddaşının xatirə küncünün tozunu aldı. “Şairin ilk kitabı” seriyasından tutmuş, bir çox dəyərli kitabların şəkillərini çəkib paylaşdı. Onun bu paylaşımları çoxlarını (çoxumuzu) xatirələrin Zümrüd quşunun qanadlarına yük elədi, illərin o tayındakı xatirə bulaqlarına “susuz aparıb susuz gətirdi…”

“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan isə ümidini könlünü verdiyi ədəbiyyata bağladı. “Koronavirus:bəşəriyyətin qorxu çağı” adlı essesində yazdı: “Sənət, ədəbiyyat dünyanın ən qaranlıq çağlarında belə, günəşi qoruyub saxlamağa yardım etdi…”

Şahanə Müşfiqin karantində xoşbəxtliyə yeni anlamlar axtardığı, Gülnar Səmanın arxasını kitab rəfinə söykəyib şeir oxuduğu, Sərdar Aminin dünya şöhrətli filmlərə yeni rakursdan baxdığı bir vaxtda anam Güldərən Vəli də darıxdı, özünə facebook səhifəsi açdı və ilk paylaşımı “O Ulu Göyçəmə dönərik dedim” şeiri oldu. Görünür, anam da  koronavirusdan xoflanıb, “boyat dərdi”nin üstünə bir ovuc göz yaşı çiləyib ki, yumşalsın…

Son günlərdə internetdə ən çox axtarılan və oxunan kitablar siyahısına Silviya Brownun  “Kəhanətlər” kitabı da daxil oldu. İddia  olunur ki, hələ 15 il əvvəl bu kitabda koronavirus haqqında yazılıb. Həmin kitabda müəllifin qəşəng bir sözü var: “Bilgi gücdür”… Bəs insanın bilgisi, elmi niyə məhz bu günlərdə onun gücünə çevrilib koronavirusa qələbə çalmağına vəsilə olmur?  Bu suala güvənərək koronavirusun bəşəriyyəti təhdid etdiyi günlərdə günahı  elmdə görənlər də az deyil. Öyrənmək arzu yox, instinktdirsə, insanoğlu günahkardırmı? Yaxud, əksinə, o, öz öyrənmək arzusundan əl çəkməlidirmi? Nəyin xətrinə? Əvvəllər bu sualların qarşısında cəsarətiylə dayanan insanoğlu indi həmin cəsarətinə söykənib bildiyi sözlərdən nida cümləsi qura bilirmi? Bu suallarla baş-başa qalanda yazdıqlarımızın özəyinə-özümüzün hekayəsinə çevrilirik.  Hər gün eşitdiyimiz ölüm xəbərləri düşüncəmizdə düyünə çevrilir və biz bu düyünü açmaqçün güzgülərə deyil, ovuclarımızın içindəki göz yaşına üz tuturuq. Orda qırışmış alnımıza baxa-baxa inildəyirik: “Hekayəmiz bitirmi?”

Bu məqamda Silviya Brownun  xoşuma gələn bir sözünü də xatırlayıram:  “Zamana  çox bağlıyıq”.  Nə olar, təki olsun, təki ruhumuzu dünyaya bağlayan bütün bağların qopduğu məqamda, heç olmasa, zamana bağlı qalaq. Kim bilir, bəlkə elə zaman öz “sabah” adlı paraqrafında bizə söyləyəcək: “…davam edir… İnsanlığın yeni hekayəsi növbəti səhifədə…”

 

(may, 2020)

 

 

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 24 eseri bulunmaktadır.