DergiZan

Yazı ve Sanat Ülkesi

Altı Şiir / Osman Fermanoğlu

Güldanda Böyüyür…

Bir dostum güldanda bənövşə bitirməyiylə öyünür..

Bizdə bənövşələr çöldə bitərdi,
Güldanda böyüyür sizdə bənövşə.
Kol dibində, xəzəl altda itərdi,–
Yanıb qovrulardı düzdə bənövşə.

Suyunu verərdi dağın dumanı,
Təbiət qoynunda gözəldi, hanı?…
Güldanın içində sıxılır canı,
Açıb-solan olur gözdə bənövşə.

Osman, ev gülüsə baxmağa dəyməz,
Nə çöllərə boylan, nə bənövşə gəz…
Daha Qurbaninin sazı da çəkməz,–
Sızlayıb solacaq sözdə bənövşə.

 

Azalandadı
(təcnis)

 

Paşam, gedən gedir, qayıda çətin,

Damaq çəkə bilmir azalan dadı.
Gözlər gördüyündən kirə istəyir,
Ağızda itirir az alan… dadı…

Deyir, aldığını çox al anında,
Əridib azları,çoxal anında…
Bir onu bilirəm çox alanın da
Yazarlar, suçları az alandadı.

Osman, qeyzlənmə,çətin vurasan,
Asana yeriyib topla, vur asan…
Daha yüz toplaya, yüz də vurasan,
Ömür bölünmədə, azalandadı.

10 Mart 2018

 

Yaz Arı Yazar

(Təcnis)

Sıyrııb dumanın, çənin içindən

Bütün yazdığını yaz arı yazar.
Yayılar çəmənə qoca köçündən,
Hər gülün şəhdinə yaz arı yazar.

Qoşular arıya gələn gül dərə,
Dağın ayağında dərindi dərə.
Divlər keşikçidi hər gizli dərə,-
Yoluna ya ağla, ya zarı yazar.

Qovuşa könlündə halal halala,
Hallallıq canında gözəl hal ala.
Deyələr, yaraşır,vallah, al ala,-
Böyük hərflərlə yaz arı, yaz AR.

Oturar yanakı Şah divanında,
Hünərdi əyləşmək şah divanında.
Üzünə dayanar şah divanında,
Cibindən çıxarar yazarı “yazar”.

Osman keçər günlər zaman əsimi,
Arıda dillənər zamanə simi…
Zamanə ağalıq zamanəsimi?-
Sözün doğrusunu yazarı yazar.

13 Mart 2018

 

İt İlə

(təcnis)

Paşam, vaxtdı torpaq çəkir özünə,
Qılıncını kəskin elə, itilə…
Yalmananın arxası nə, özü nə,-
Üstünə get, qıy vur, söylə: itil,ə.

Orda-burda desələr də Türk iyi,
Oğurlarlar Türkdən gələn türkiyi…
Başlarında duman olar Türk iyi,
Guya yeni ad qoyarlar İtilə…

Hiyləgərin quyu qazmaq “cənginə”
Əvəz kimi əlini sal cənginə…
Bir qədər də “Misri” qat ki,”Cəngi”nə
Düşmən qorxub ilim-ilim itilə.

Osman, inan itin meyli yaladı,
Dişlərində şirə salar yal adı…
Nə olsun ki, əllərini yaladı,-
Çomaqla gəz dost olsan da it ilə.

14 mart 2018. (İtil– çay adıdı)

 

Aparır

 

Paşam, hamı canhacandı,
Kim gəlir, kimi aparır?…
Küləyindən göz açanı
Buludun nəmi aparır.

Dolansa da, dəli kimi,
Düzdü adamın seçimi.
Dili bada verir kimi,–
Kimi görkəmi aparır.

Kəndirdi boyunda şərəf,
Dolaşır, açılmır kələf…
Balığı əcələ tərəf
Qarmağın yemi aparır.

Yurddu didilən,sökülən,
El-obaya düşür şülən…
Taxtadan yapışıb gələn
Gedəndə gəmi aparır.

Osman, yüz çabala,yenə
Əlac olmur cin düyənə…
Borclunu ölməli günə
Salır, sələmi aparır.

12 mart 2018

 

 Bütün Sevdalar

 

“Bütün sevdalar köhnədi”
Gəlsə də, yeni çalarla…
Sinən altdakı köhlənin
Kişnər əzəlki bağlarla.

Hər ocağa yol alıb tək,
Yelpikləyər ətək- ətək.
Sən təzə bildiyin külək
Əsər köhnə havalarla.

Kimisə yaylı taxt çəkər,
Oyaqdısa bəxti əgər…
Sevənlər dərin ah çəkər,
Yanar Kərəmli ahlarla.

Butalar dillə deyilər,
Öyülənlər hey öyülər…
Ömürlər dən-dən döyülər
Yazı güllə, qışı qarla.

Eşqdi başdan- ayağacan,
Eşqiylə durudu insan…
Osman,təzə görünür can
Köhnə–köhnə sevdalarla.

15 mart 2018
Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 41 eseri bulunmaktadır.

Yazarın diğer yazıları