Üç Şiir / Firuzə Quliyeva

1. Şiir
Kədəri məndən soruşma,
Kirpiklərimin altına sıçrayıb gizlənər,
Baxışımın küncünə sığınar,
Enməz üzümə sətir-sətir.
Danışmaz,
amma gözümün içində
axar ciyərimə
Bir körpə məsumluğu ilə.
Gecələrdə pəncərə axtararam,
bir dəniz düşər yuxuma
ayaqsız bir qadın təki
dalğalarla rəqs edər
Notlara toxuna-toxuna.
Səni unutmuş deyil,
səndə itib bu kədər.
Yollar məni çağırmır artıq,
izlərim silinib yoxsa yeni xəbər?
Qulağımda bir səs qalır həmişə,
sanki adımı unudan adam kimi
məni səsləyir yanlışca,
amma tanışca.
Göz yaşım quruyub,
amma duzu səpir içimə –
Pay kimi, söz kimi
Yaramı bişirir.
Mən bir sətrin sonuyam –
oxunmayan,
baxılmayan bir şeirdə.
Kədər sənə yazmayıb
o mənə torpaq töküb bir yerdə.
26.06.2025.
2. Şiir
İndi susuram.
Bu qəriblik
Sirki dağılan klounun
əlindəki boş hava topudur.
Çiynimdə oturan təklik –
pambıq yumuşaqlığında deyil.
İçdən içə
İynə kimi deşir fikrimi.
Baxışımda ölçülməyən yer var –
Bir qızıl balıq kimi unutqan…
Səni buraxdım.
Suyun altı danışırmış əslində –
Neçə xatirəni batırdım.
Hansı gündə ölmüşdü şəklin?
Yaddaşımın buz bağlamış qovluğunda
Günəşsiz bir iyul gecəsi?
Sən –
Riyaziyyat xətasında qalmış ədədsən
Heç yerə yerləşməyən kimsəsiz…
Və indi,
sən mənim yoxluğumu xatırlayırsan –
Kim idin sən?
Xatırlaya bilmədim…
Yolun məndənmi keçmişdi?
07/07/2025
3. Şiir
Qaranlıq səmanın içində
Üzür gözlərimin çuxuru.
Misralarım sığışmır
Zəncir çeynəmiş ruhuma.
Damarımda təkliyim….
Necə də bəllidir
Ayrı süzülən qanımdan.
Gözlərimin yumrusu
Yarısı yeyilmiş aydır.
Üzündə diş izi var –
Keçmişin gövdəsindən
Süzülən –
kökünün çeynəndiyi…
Ağzımın kənarlarından
Acılarım gicitkən kimi çıxır,
Toxunsam yanaram.
Dilimin ucuna sığınan “söz”ümdə
“Ölsəm, bağışla” yatıb.
Bu ürək çınqılla dolu
Boş qənimət sandığıdır.
İcazə ver çırpınsın
Dünyamda “Ümid quşu”.
11/07/2025

