DergiZan

Yazı ve Sanat Ülkesi

Şiirler / Osman Fermanoğlu


DURNALARIN KÖÇÜ

Geriyə qayıdır durna dəsləri,
Dərdlə gəlmişdilər,dərd aparırlar.
Bu il də yarımçıq çıxdı səsləri,
Yenə gələn ilə şərt aparırlar.

Yazdan payızadək keçən ömür-gün,
Barıt havasına köklənir hər gün…
Qoca Vidadini evində köçkün,–
Havalı Vaqifi pərt aparırlar.

Daha yollarına işıq salmır Ay,
Səslərində azır gələn hay-haray.
Düzlər gözlərində solğun, ölüvay,
Dağları bir az da sərt aparırlar.

Osman, kül ələnir alışan közdən,
Adlaya bilmirik əmələ sözdən.
Durnalar qan gölü Kərkükə bizdən
Qarabağ ağrılı yurd aparırlar.

KÖLGƏLİK

O qədər kölgəlik aradıq, gəzdik,
Dönəndə tapmadıq öz kölgəmizi.
Sürünməyin ilan dilindən bezdik,
Ögey övlad saydı ölkəmiz bizi…

Soldu tağı üstə çiçək payımız,
Duymadıq qönçənin pıçıltısını.
İşığını uddu göydə Ayımız,–
Çayımız unutdu qıjıltısını…

Qaldı daş altında ana laylası,
Ata istəyini torpaqlar örtdü.
Yad əllərə düşdü, bizim olası
Yaylaq yerlərində bayqular ötdü.

Boşluq içindədir çəkdiyimiz can,
Dərvişlik eylədik xarabalarda…
Kor etdi beləcə bizi tutan qan,
Yatdıq yad kölgəli arabalarda.

Nəyi axtarırıq yiyə durmağa?–
O yanda, bu yanda kölgə gəzirik.
Yerimiz qalmayıb çadır qurmağa,
Ağrıya ağayıq, dərdə nazirik.

AY ALA QARĞA

Hərənin əlində bir paslı qarmaq,
Yuxarı qalxanı çəkir ayağa…
Bizim içimizdə bala çıxarmaq
Çətin məsələdir, ay ala qarğa.

Bəndləri kəsərək güdüyə durur,
Hikkəmiz silahtək yatır marığa.
Gələnlər gedənin puçunu burur,
Əlimiz tələdir, ay ala qarğa.

Səmti itirmişik, dönmürük səsə,
İstərsən dua et, istərsən qarğa…
Nə kömək olacaq “qa” səsi bizə,
Dərdimiz şələdir, ay ala qarğa.

Könüllər xeyirxah nağıl axtarır;-
Ərənləri qoçaq, atları yorğa.
Qocalar çöllərdə ağıl axtarır,
Cavanlar kölədir, ay ala qarğa.

Başını salamat saxlamaq üçün,
Bizdən uzaq dolan, uç get uzağa.
Tor qurmaqla keçir daha ömür-gün
İşimiz belədir, ay ala qarğa…

YERİNƏ

Paşam, bu bazar bizi haraya sürükləyir,
Ağıllını asırlar ağlı kəmin yerinə…
Adamlar bir-birinin canına yerikləyir,
Qulaqlara tuşlayır zili bəmin yerinə.

Çölün çölündə qalır içi qan ağlayanlar,
Ümidindən boylanır səsi qabaqlayanlar.
Bu günün işlərini sabaha saxlayanlar
Dəm havası tuturlar gələn qəmin yerinə.

Əyri düzün önündə gəlir qurur tələni,
Yolu yoxuşa sürür, şələ basır Lələni…
Ayağından tutaraq ölçüyə düz gələni
Kəndirə qaldırırlar kimi kimin yerinə?..
.
Bostan uyuğu olan qalxıb başa vararaq
Yalanı düz yerinə sırıyır varaq– varaq.
Əlində geniş imkan, yolunu bağlayaraq
Atalılar göz dikir bir yetimin yerinə…

Osman, tanımayanlar öz solunu, sağını,
Sökməyə çalışırlar yüz illərin dağını…
İşıqlı göz görəndə tuşlayır barmağını,
Açıb su calayırlar köhnə himin yerinə.

BAXDIM, GÖRDÜM

Mən özümdə itmişəm,
Özgələrdə sorağam…
Şeytanı təntitmişəm,
Bir qarayam, bir ağam.

Dirsəklənib bir döşə,
İmdad diləyir meşə…
Suyum çəkilib ərşə,–
Ot yandıran qurağam.

Göz önündə göz döyən,
Nəyim var ki, göz dəyə?
Qarabağ tək yel dəyən,
Kərkük kimi irağam.

Osman,həşəm dəndəyəm,
Kütə gedən kündəyəm.
Hamının içindəyəm,–
Hamıdan da qırağa

NƏYİMƏ GƏRƏKDİR

Məni sənə aparmırsa,
Bu yol nəyimə gərəkdir?
Dörd tərəfi hasardısa,
Sağ-sol nəyimə gərəkdir?

Qoyunu verərək qurda,
Yiyəlik etmədik yurda.
Sən orda əsir, mən burda,
Bu qol nəyimə gərəkdir?

Osman, gözündən qan çilə,
Torpaq qayıtmaz sinc ilə…
Öl bu qədər utanc ilə,–
Ya qal, nəyimə gərəkdir?

HAQLA SƏN VAXTI

Nə gəliş yenidir, nə gediş yeni,
Qurdu soraqlayır günün çən vaxtı.
Qulaq duymasa da ağız deyəni,-
Sərçəyə bostandır xırman dən vaxtı.

Dolanan dolanır əlləri aşda,–
Çəkib çıxarmayır bir əli daşdan…
Haraya səsləyir ağır savaşda,–
Üzünə də baxmır ömrün gen vaxtı.

Hələ yuxuludur yolu göstərən,
Arxayın dolanır gülünü dərən.
Kimlərin üstünə yazılır, görən,
İllərin havayı ötüşən vaxtı…

Osman, yaşananlar həyat deyil ki,
Bu baş aldatmalar yükü əyir ki…
Uzaqdan çağırır, bir səs deyir ki,
Vaxt sənə çatmırsa, haqla sən vaxtı.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 40 eseri bulunmaktadır.

Yazarın diğer yazıları