DergiZan

Yazı ve Sanat Ülkesi

Qırxıncı Vəzir / Akif İmanlı

 Filologiya üzrə elmlər doktoru, professor Gözəlov Füzuli Bayata dərin hörmət və ehtiramla

Balacaboy, cücəgözlü, paxıl adamın seyrək taxıl zəmisi kimi seyrək saqqallı, göy gözləri qıyıq, ensiz alnı qırış-qırış bir nəfər özünü tələsik yetirib qapı vəzirinin qulağına nəsə pıçıldamaq istədi. Qapı vəziri yaxşı eşitsin deyə əyilib sol qulağını az qala onun ağzına dirədi. Qapı vəzirinin əvvəlcə pırpız qaşları çatıldı, sonra həbəşi dodaqları sağa-sola azacıq dartıldı, sifətində çox xəfif təbəssümə bənzər ötəri bir əlamət sezildi. Qəddini düzəldib xəbər gətirən adama-anlaşıldığına görə casusuna əbasının cibindən çıxartdığı kiçik pul kisəsini atıb dedi:

  • Yaxşı, indi göstəriş verərəm saray keşikçilərindən bir-iki nəfər də sənə qoşarlar, gedib başından yekə danışan o yaramazın əl-qolunu bağlayıb, atarsınız zindana.

Casus pul kisəsini göydə qamarlayıb, kisə qarışıq iki əlini sinəsinə qoydu, “Baş üstə”, deyərək təzim etdi.

Qapı vəziri üzündə süni ciddiyət, bir qədər də təlaş yaradıb sarayın dərinliyinə doğru cumdu. Özünü Sultan Hüseyn Bayqaranın hüzuruna salıb, yerə döşəndi. Sultan onun nəsə vacib xəbər gətirdiyindən əmin olub amiranə səslə dilləndi:

  • Vəzir, qalx görüm nə olub?
  • Şahım, deməyə dilim gəlmir.
  • Uzatma! Söylə görüm nə baş verib? – deyə sultan acıqlı-acıqlı soruşdu:
  • Şahım, Herat bazarına bir cavan sövdəgər varid olub, qabağında da bir sürü qoyun. Qoyunları camaata müftə paylayıb əvəzində deyirmiş ki, padşaha ölüm arzulayın. Dilim, ağzım qurusun, şahım, deyirmiş ki, padşaha ölüm! Belə padşah ölməlidir. Xalqı üsyana, qiyama çağırırmış….
  • Sən nə danışırsan, vəzir! – deyə Sultan Hüseyn elə qəzəblə qışqırdı ki, səsi ərşi-əlaya qalxdı, – tez o məlunu tutub mənim hüzuruma gətirin.

Qapı vəziri təzim edib dalı-dalı çıxdı, az sonra tusdağı əli-qolu bağlı halda sultanın hüzuruna gətirdilər. Sultan Hüseyn Bayqara baxdı ki, bu gənc adam onun uşaqlıq dostu, məktəb yoldaşıdır. Özünü bilməməzliyə vurub, amiranə tərzdə soruşdu:

  • Nə üçün mənim ölümümü istəyirsən?

Gənc bir az irəliyə yeriyib, ədəblə təzim etdi, sonra başını qaldırıb görək nə dedi:

  • Sultanım, mən atamı çox erkən itirmişəm, həddi-buluğa çatanda Səmərqəndə oxumağa getdim, təhsilimi qurtarıb, uzun yolu payi-piyada çox çətinliklə başa vurdum. Çöldə atamın çobanına rast gəldim. Çoban məni tanıdı və dedi ki, bu qoyunlar sənindir. Atan o vaxt mənə 200 qoyun vermişdi, indi artıb 700 olublar, buyur malına sahib ol. Sultanım, mən də 200 qoyunu atamın sadiq dostu çobana bağışlayıb, qalanını Herat bazarına gətirdim. Kök yaylaq qoyunlarını görən adamlar bir göz qırpımında başımın üstünü kəsdirdilər, qoyunları neçəyə satdığımı soruşdular. Mən də dedim ki, qoyunları nisyə verirəm, bir şərtlə ki, padşah ölən günü pulumu sizdən alacam. Kim bu şərtimlə razıdırsa, bir qoyun götürüb getsin. Dərhal hərə bir qoyun götürüb apardı. Sultanım, mən heç bir pis iş görməmişəm, əksinə, sənin padşah olduğunu bilib qoyunları camaata payladım. İndi qoyunları müftə alanlar mənim pulumu tez verməsinlər deyə gecə-gündüz sənə dua edəcəklər ki, ömrün uzun olsun. Sənin ömrün uzun olduqca onların da qoyunu artacaq, güzəranları yaxşılaşacaq.

Sultan Hüseyn Bayqara dostunun ağlına, sədaqətinə heyranlığını gizlətmədi, taxtından enib onunla səmimi görüşdü, elə həmin gün də onu özünə vəzir götürdü.

     ≠    ≠    ≠

Belə rəvayət edirlər ki, Xorasan vilayətinin hökmdarı Sultan Hüseyn Bayqaranın nə az, nə çox düz 40 vəziri varmış. Qapı vəzirindən tutmuş baca vəzirinə qədər, iç vəzirindən tutmuş dış vəzirinədək, məktəb-mədrəsə vəzirindən bazar-dükan vəzirinə kimi, xülaseyi-kəlam, onların hərəsi bir sahəyə nəzarət edir, məmləkəti 40 yöndən idarə edirmişlər.

Sultan Hüseyn 40-cı vəzirə-məktəb yoldaşı və uşaqlıq dostuna daha çox etimad edir, onun ağlına, dərrakəsinə, hazırcavablığına heyran qalırdı. Hökmdarın 40-cı vəzirə olan yaxınlığı digər 39 vəzirin paxıllığına səbəb olmuşdu. Sultan Hüseynin bir şakəri vardı. Vəzirlərinin ağlını, hazırcavablığını yoxlamaq üçün onlara suallar verirdi. Ağıllı cavabın sahibini iki min tümənlə mükafatlandırırdı. Bu şərəfə həmişə 40-cı vəzir layiq görülürdü.

Günlərin birində paxıllıq vəzirləri dilə gətirdi:

  • Əlahəzrət, necə olur ki, siz qırxıncı vəzirin bir cavabına iki min tümən verirsiniz, bizə yox. Bəlkə bizi ağılsız hesab edirsiniz?

Hökmdar qaşlarını çatıb, yüngülvari istehza yaranan üzünü yoğun peysərlərini qısıb ölü qoyun gözü kimi cansız, sönük baxışlarını altdan-altdan ona tuşlayan vəzirlərə dedi:

  • İndi sizə verəcəyim suala doğru cavab verən iki min tümən alacaq.

Canavar hənirtisi alıb çaxnaşan qoyun sürüsü kimi vəzirlər canlandılar, hərəkətə gəlib yerbəyerdən dilləndilər:

  • Sualınızı verin, əlahəzrət, taparıq.

Sultan Hüseyn sağ əlini irəli uzatdı, barmaqlarını yumruq kimi yığıb, təkcə şəhadət barmağını irəli çıxartdı. Vəzirlərin ürəyi qopdu, elə bildilər hökmdar onları bir neçə dəfə olduğu kimi hədələyəcək, hədlərini bildirəcək. Lakin belə olmadı, şah şəhadət barmağını qaldırıb başını nişan verdi. Heç nə başa düşməyən vəzirlər çaşqınlıq içində bilmədilər nə etsinlər, nə desinlər. Altdan-altdan bir-birini sönük gözləri ilə süzdülər. Çaşbaş qalan vəzirlər birdən hökmdarın amiranə səsini eşitdilər:

  • Qırxıncı vəziri çağırın!

Sultan Hüseynin 40-cı vəzirə olan hörmət və ehtiramı, diqqəti vəzirlərin paxıllıq hisslərini get-gedə coşdururdu. Hər fürsət düşəndə onu sultanın gözündən salmağa ciddi-cəhdlə çalışırdılar. Vəzirlər o qədər şər, böhtan atdılar, sultanın baş-beynini o qədər doldurdular ki, sultan axırda o qədər də düşünmədən, araşdırma aparmadan 40-cı vəziri zindana saldırdı. Zindanda rahatlıq tapan 40-cı vəzir öz yazı-pozu işləri ilə məşğul olmağa

başladı.

İndi şah şəhadət barmağını başına dirəyib cavab gözlədiyi kütbeyin vəzirlərə hökm edəndə ki, 40-cı vəziri çağırın bunlar əl-ayağa düşdülər. Zindana qaçdılar. Neylədilər 40-cı vəzir zindandan çıxmadı. Vəziyyət gəlib sultana da çatdı. Sultan Hüseyn hiss elədi ki, saray dedi-qodusuna inanıb, nahaqdan zindana saldırdığı dostu ondan bərk inciyib; zindandan çıxmaq istəməməsi, inadkarlığı dəfələrlə ona olan haqsızlığa görədir. Sultan Hüseyn onu zindandan çıxarmağın yollarını aramağa başladı. Fərasətsiz vəzirlərindən heç bir ağıllı məsləhət gözləməyən hökmdarın birdən yadına dostluq elədiyi qoca bağbanı düşdü.Sultan Hüseyn gündüzlər məmləkətin idarəsi ilə məşğul olur, yorulanda hərdən gecələr “Bağı-Hüsey”nə, dostu qoca bağbanı görməyə gedir, ordan-burdan söhbətləşir, bu yolla qismən dincəlir, rahatlıq tapırdı. Onların bu dostluqlarından heç kimin xəbəri yox idi. Sultan Hüseyn yaxın gecələrin birində 40-cı vəzirlə bağlı əhvalatı bağban dostuna söylədi və onu zindandan çıxarmaq üçün məsləhət istədi. Dünyagörmüş bu bağban 40-cı vəziri məmləkətin ən ağıllı, xeyirxah, kasıblara əl tutan, hər fürsətdə yollar çəkdirən, körpülər saldıran, məktəblər açdıran adamı  kimi yaxşı tanıyırdı. Həm də onun qüdrətli şair olduğunu bilirdi. Qoca bağbana o da əyan idi ki, padşahlar çox zalım olur, həm də padşah padşahdı nə istəsə, ağlı nə kəssə onu edə bilər. 40-cı vəzir kimi müdrik, ağıllı adamlar isə həmişə xalqa arxa olur, əlinə düşən qızıl-gümüşü yoxsullara paylayır. Bağban eşitmişdi ki, Sultan Hüseyn bir gün öz vəzirlərinin ağlını, fərasətini yoxlamaq üçün onları hüzuruna çağırıb, hökm edib ki, mənə üç pis adam tapıb gətirin. Tapan yüz qızıl alacaq, tapa bilməyənlərə isə iyirmi şallaq vurduracağam. Sizə üç gün möhlət verirəm.

Vəzirlər özlərini ora-bura vurub çox axtarmış, ancaq üç pis adamı müəyyənləşdirə bilməmiş, vaxt tamam olanda yalnız 40-cı vəzir padşahın hüzuruna cəlladı, qəssabı və ovçunu gətirmiş, yüz qızılı almış, ertəsi gün aldığı yüz qızılı əlsiz-ayaqsızlara, şikəstlərə paylamışdır. Sultan şərtə görə qalan vəzirlərin hərəsini iyirmi dəfə şallaqlatmışdı. Aradan bir neçə gün keçəndən sonra Sultan Hüseyn Bayqara vəzirlərini yenə yanına çağırmış, üç pis adama tərif verməyi, yəni səciyyələndirməyi tələb etmişdi. Məclislərdə heç kimə danışmağa macal verməyən vəzirlər ağızlarına su almış adamlar kimi susmuş, 40-cı vəzir irəli yeriyib, üç pis adamın tərifinə cavab olaraq demiş ki, cəllada fərman kifayətdir ki, haqlı, ya haqsız olduğuna baxmadan adamın boynunu vursun, qəssab həmişə heyvanların ən yaxşısını kəsir, ovçu da qəşəng heyvanları tutub qəfəsə salır, onları azadlıqdan məhrum edir.

Bütün bu olaylardan xəbərdar olan qoca bağban bir az fikirləşəndən sonra Sultan Hüseynə məsləhət gördü ki, zindana – 40-cı vəzirin yanına axmaq bir boşboğaz, naqqal adam tapdırıb göndərsin.

Bu məsləhət sultanın ağlına batdı. Herat bazarından gəvəzə birini tapıb, uydurulmuş bir bəhanə ilə suçlayıb, zindana, 40-cı vəzirin yanına saldılar. Bu adam içəridə başqa birisinin olduğunu görəndə salamsız-kəlamsız sevincək qışqırdı:

  • Ay can, ay can! Burada bir adam da varmış ki! Güman edirdim ki, birdən heç kim olmaz, danışmağa, söhbət etməyə adam tapa bilmərəm. Daha darıxmaram. Hə, qardaş, demək belə, -üzünü ona diqqətlə baxan zindan yoldaşına, tanımadığı 40-cı vəzirə tutub ağzını açdı, nə açdı, -hə, qardaş, demək belə, mənim səndən yaxşı olmasın bir yaxşı eşşəyim, səndən pis olmasın bir dənə də pis inəyim var. Qış vaxtı onları tövlədən çıxardıb arxa suvarmağa aparanda inəyə bir-iki zopa vurmasam su içməz, eşşəyi də tumarlamasam. Körpəlikdən elə öyrəniblər…

40-cı vəzir bu adamın söhbətinin ardını eşitmədən yerindən dik atılıb zindanın qapısını döyəclədi. Qapı arxasında ayıq-sayıq dayanan keşikçi cəld qapını açdı. 40-cı vəzir həyəcanla, əsəbi halda:

  • Məni bu zəvzək səfehin əlindən tez xilas edin, – dedi.

Onu həmən götürüb gətirdilər düz Sultan Hüseynin hüzuruna. Hökmdar bir kəlmə “Dostum”, – dedi və şəhadət barmağı ilə başını göstərdi. Sultan Hüseyn “dostum” deməklə   ona qarşı etdiyi haqsızlığını, peşmançılığını, şairə olan ehtiram və mərhəmliyini ifadə etməklə vəzirlərə verdiyi sözsüz sualı 40-cı vəzirə də bəlli etmiş oldu. 40-cı vəzir dərhal barmağı ilə dilini göstərdi. Sultan Hüseyn çaşbaş qalan vəzirlərə:

  • Mən başımı göstərdim, bu ağıllı vəzirim (vəzir sözünü işlətməklə 40-cı vəzirin öz vəzifəsində qaldığına işarə etmiş oldu) isə dilini. Bunun mənasını tapana bundan sonra hər ay iki min tümən veriləcək, -deyə şərtini kəsdi.

Üç gün möhlət istəyən vəzirlər, təbii ki, belə mənaları çözmək iqtidarında deyildilər. Əlacsız qalıb bu sirli, sözsüz danışığın mənasını öyrənmək üçün 40-cı vəzirin yanına yollandılar.

  • Əgər hər biriniz min tümən versəniz işarələrin nə məna daşıdığını açıqlayaram, -deyə bu müdrik, 40-cı vəzir bildirdi.

Vəzirlərin razılaşmaqdan başqa çarələri yoxdu. 40-cı vəzir öz xeyirxah məqsədləri üçün 39 vəzirin hərəsindən min tümən alıb dedi:

  • Sultan barmağını başına qoymaqla soruşmaq istədi ki, başa bəla nədən gələr. Mən də dilimi göstərməklə bildirdim ki, başa hər bir bəla dildən gələr.

Cavabı öyrənən vəzirlər  tələm-tələsik özlərini sultanın hüzuruna çatdırıb, bir-birinə macal vermədən “Mən tapdım, mən tapdım”, -deyə qara qarğalar kimi qarıldaşdılar. Sultan Hüseyn onları sakitləşdirib cavabı soruşdu. Vəzirlər cücə gözlərini yumub, qiybət etməkdən, onun-bunun dalınca danışmaqdan dodaqlarının son ucları gəriləndə az qala qulaqlarına çatan ağızlarını açıb, bir ağızdan xorla 40-cı vəzirin söylədiklərini padşaha deyib susdular. Sultan Hüseyn soruşdu:

  • Düzünü deyin, bunu sizmi tapdınız?
  • Özümüz bir yerdə fikirləşib tapdıq.

Sultan Hüseyn vəzirlərinin fərasətinə az-çox bələd idi. Yalan deyib, demədiklərini yoxlamaq istədi. Əmr etdi ki, cəllad gəlsin, cəllad hazır oldu. “- Düzünü deməsəniz boynunuzu vurduracam.” Vəzirlər işi belə görüb, sultanın ayaqlarına düşdülər. “Boynumuza alırıq, bunu bizə 40-cı vəzir öyrətdi,”-deyib əhv dilədilər, yalvarmağa başladılar.

Sultan Hüseyn Bayqara bərkdən güldü:

  • Mən ona ayda iki min tümən verirdim, bu sizə ağır gəlirdi, özünüzü ondan ağıllı hesab edib, sizə də iki min tümən verməyimi istəyirdiniz. Siz indi onun bir ağıllı cavabına hərəniz min tümən veribsiniz, istəsəydi hərənizdən iki min tümən də ala bilərdi.

Sultan Hüseyn artıq danışığın bunlar üçün faydasız olduğunu bildiyindən sözünü kəsib boyunlarını qısaraq, əllərini qoşalayıb şişman qarınlarının üstünə qoyan, əmrə müntəzir dayanan vəzirləri süzdü.

  • Hamınız mürəxxəs olun, təkcə 13-cü vəzir qalsın.

Vəzirlər baş əyib dalı-dalı sultanın hüzurundan çıxdılar. Sultan Hüseyn intizarla altdan-altdan gözlərini ona zilləyib duran 13-cü vəzirə dedi:

  • İki sadə yəhərli at hazırlat, səhər tezdən, dan yeri sökülənə yaxın çıxaq məmləkətə, görək nə var, nə yox, rəiyyətin dolanışığı necədir?

≠    ≠    ≠

Sultan Hüseyn Bayqara ilə 13-cü vəzir dan yeri sökülməmiş təğyiri-libas olub, hərəsi bir ata süvar olaraq saraydan çıxdılar. Paytaxt Heratın sakit küçələrindən keçərək yolu qabaqlarına qatıb az getdilər, üz getdilər, dərə, təpə, düz getdilər. Günəş qüruba enən vaxt gəlib bir kəndə çıxdılar. Kəndin qırağındakı bir evin yanında atdan düşdülər. Həyətdə bir qız gördülər. Vəzir dilləndi:

  • Qonaq istərsinizmi?
  • Qonaq Allah qonağıdır, deyiblər, buyurun.

Təzəcə yerbəyer olmuşdular ki, vəzir yenə dilləndi:

  • Uzaq yol gəlmişik, bərk yorulmuşuq. Bizə yeməyə qatıqla çörək verərsənmi?

Qız tələsik gedib, hərəsinin qabağına içində taxta qaşıq olan bir kasa qatıq gətirib qoydu. Bunu görən vəzir:

  • Bu necə qonaq qarşılamaqdır ki, qonağa qatıq verib, çörək vermirsən, -deyə üz-gözünü turşudub bozardı.
  • Bəs sən necə qonaqsan ki, vardı-yoxdu bilmirsən? – deyə qız əlüstü cavab verdi.

Bu olanları diqqətlə izləyən Hüseyn Bayqara hiss etdi ki, qız çox ağıllıdır; həm də gördü ki, qız vəzirin cavabını verəndə ani olaraq ona – sultana nəzər saldı. Sultan bu anda qızın bulaq suyu kimi saf, şəffaf, işıqlı üzündə güclə sezilə biləcək təbəssümə bənzər bir əlamətin titrəyib keçdiyini sezdi. Sultan onu da hiss etdi ki, qızın dediyi “vardı-yoxdu” əsas məsələ deyil, qonağın yersiz sualına layiqli cavabdır. Vəzirin yenə gic-gic danışacağından ehtiyat etdi və fürsəti əldən vermədən “bismillah” dedi və qatığı götürüb yeməyə başladı, vəzirə qaş-gözlə işarə etdi ki, o da başlasın.

Qatığı yedikcə ürəklərinə bir sərinlik, bədənlərinə bir rahatlıq gəldi. Elə təzəcə qurtarmışdılar ki, ev sahibi olan kişi də gəldi, qonaqlara xoşgəldin elədi. “Qızım, şam yeməyi hazırdırsa, gətir, qonaqlarımız da yəqin ki, həm yorğun, həm də acdılar,” – deyə qızına tapşırıq verdi. Az keçməmiş süfrə salındı, Allah verəndən yedilər-içdilər. Yatmazdan əvvəl sultan kişidən soruşdu:

  • Gününüz, güzəranınız necə keçir, dolanışığınız nə təhərdir?
  • Allah padşahımıza uzun ömür versin, onun sayəsində yaxşı dolanırıq.

Sultan məmnun oldu.

Səhər ev sahibinin oğlanlarının hərəsi qonaqların bir atını yəhərləyib qurtarmışdılar ki, tövşüyə-tövşüyə bir adam özünü həyətə yetirdi, qonaqları görüb özünü itirən kimi oldu, əllərini sinəsinə qoyub, qonaqlara salam mənasında yüngülcə təzim edib, ev sahibinə yanaşdı və qulağına nəsə dedi. Ev sahibi oğlanlarına sarı dönüb:

  • İş çıxdı, siz gedin öz işinizə başlayın, -dedi və üzünü indi gələn adama çevirib, -qonaqları yola salıb indi gəlirəm, -deyə əlavə etdi.

Qonaqlar ata minəndə vəzir birdən kənarda ocağın yanında dayanan qıza sarı səsləndi:

  • Qız, ocaqdan bir köz gətir qəlyanımı odlayım.

Qız əlüstü soruşdu:

  • Yastısını gətirim, yoxsa yumrusunu?

Vəzir çaşqınlıq içində bir söz tapıb deməyincə, Sultan Hüseyn vəzirin əlində tutduğu qəlyanın içinə baxıb:

  • Yumrusunu gətir, – dedi.

Sultan Hüseyn qızın ağlına bir daha heyran oldu, onu saraya aparmaq haqqında düşündü. Kütbeyin vəzir qəlyanını tüstülədə-tüstülədə ata mindi, istədi soruşa ki, sultanım, qız mənə nə demək istədi? Ancaq ehtiyat etdi, soruşmadı. Fikirləşdi ki, bunu xəlvətcə 40-cı vəzirdən öyrənərəm, əgər şah soruşsa, onda cavab verərəm. Əgər…. Bu an Sultan Hüseyn Bayqara vəzirin düşüncələrini yarıda qoydu:

  • Vəzir, kişinin dediklərini eşitdin. Əhali yaxşı yaşayır. Vergiləri artır, xəzinəmiz zəifləməsin!
  • Əmrə itaət borcumuzdur, – deyə 13-cü vəzir dərhal cavab verdi.

        ≠    ≠    ≠

Nağıl dili yüyrək olar. Aradan bir il keçmişdi. Sultanla vəzir yenə təğyiri-libas olub atlarını həmin kəndə, həmin evə sürdülər. Nə görsələr yaxşıdır? Bir il əvvəl gördükləri daxmanın yerində əməlli-başlı ev-eşik bərqərar olub. Qonaqları həmin qız qarşıladı. Qonaqlar atdan düşməmiş vəzir soruşdu:

  • Atan evdə yoxdurmu?
  • Xeyr, atamın son vaxtlar işi-gücü o qədər çoxalıb ki, heç macalı yoxdur. Bu gün işində azacıq fasilə oldu, fürsət bilib oduna getdi. Odunumuz qurtarmışdı.
  • Tezmi gələr? -deyə vəzir soruşdu.
  • Yaxına gedibsə gec gələr, uzağa gedibsə tez gələr, – dedi qız.

Vəziri fikir götürdü. “Lənət şeytana, bu qız ağzını açdıqca məni dolaşdırır, indi gəl bu tapmacanı aydınlaşdır, ilahi, sən kömək et, padşah bu dolaşıq cavabın mənasını məndən soruşmasın.”

Sultan Hüseyn qızın cavabından xeyli xoşhal oldu, dodaqları qaçdı, “Bu qız saraya layiqdir,” – deyə ürəyində götür-qoy etdi, özünü cəmləşdirib soruşdu:

  • Dolanışığınız göründüyü kimi deyəsən yaxşıdır.
  • Atam gecə-gündüz padşahın ömrünə dua edir, həmişə deyir ki, Allah padşahımızı bizim məmləkətdən əskik etməsin, onun sayəsində yaşayışımız günü-gündən yaxşılaşır.

Sultan Hüseyn atının başını cəld döndərdi. Geri qayıtdılar.

  • Görürsənmi, vəzir, xalq yaxşı yaşayır. Vergini bir az da artır.
  • Baş üstə, göz üstə. Əmrə itaət borcumuzdur.

                          ≠    ≠    ≠

        Yüyürək nağıl dili vaxtı bir ildə ötdürdü. Sultanla vəzir həmin kəndə gəlib, həmin evi görəndə mat qaldılar. Yaraşıqlı bir imarət, hasara alınmış həyət, həyətdə hovuz, gül-çiçək.

Sultan Hüseyn bu işə məəttəl qaldı, “bu necə olur? – deyə düşündü, – yəqin kişi və iki oğlu həddindən artıq zəhmətkeşdirlər, vergilər artdıqca, bunlar da yatmır, gecə-gündüz işləyirlər”.

Vəzir adəti üzrə soruşdu:

  • Atan evdə deyilmi?

Qız cavab verdi:

  • Atamın və qardaşlarımın işi o qədər çoxalıb ki, onların üzünü anamla mən də görə bilmirik.
  • Anan evdədirmi?

Bu dəfə sultan soruşdu. Anasını danışdırmaqla onun həm dolanışıqları haqqında fikrini, həm də qızına layiq ağıllı ana olub olmadığını bilmək istədi.

  • Anam su gətirməyə gedib.
  • Tezmi gələr?
  • Gedəndə dayanıbsa gec gələr, gələndə dayanıbsa tez gələr, – deyə qız cavab verdi.

Qızın bu cavabını eşidən padşah “Bu qızı hökmən saraya aparmalıyam”, – deyə ürəyində qəti  hökm verdi. Vəzirin isə kürkünə birə düşdü: “Allahım, sən kömək ol, sənə pənah gətirirəm, sən kömək et, bu qızın dediklərinin izahını, açımını Sultan Hüseyn məndən soruşmasın”.

  ≠    ≠    ≠

 

Sultan Hüseyn Bayqara   saraya çatan kimi, paltarını dəyişib, şah qiyafəsinə düşdü və taxta əyləşib, bütün vəzirləri yığdı.

  • Bu necə işdir? Biz vergini qaldırdıqca xalqın vəziyyəti yaxşılaşır? Cavab ver, vergi vəziri, -deyə hirslə üzünü 13-cü vəzirə tutdu. Vəzirin rəngi saraldı, bir cavab verə bilmədi.
  • Siz deyin!

Hamısı susdu. 40-cı vəzir ədəblə baş əyib dedi:

  • Şahım, sultanım, əhfinizə sığınıb soruşuram. Siz öyrəndinizmi kişi, yəni evində qonaq olduğunuz adam nə işin sahibidir?

Sultan Hüseyni fikir götürdü, “Doğrudan ha, nə üçün bunu öyrənmədim”, – deyə özünə ürəyində sual verdi, – mən də deyəsən bu kütbeyin, ağıldan kəm vəzirlərimin tayıyam.

  • Səncə, o adam nə işlə məşğuldur? – deyə sultan 40-cı vəzirin sualına sualla cavab verdi. Həm də bu yolla öz səhvini ört-basdır eylədi.
  • Məncə, ya qəbir qazandı, ya da ölüyuyan.

Məsələ sultana aydın oldu. Demək, kişi ölüyuyanmış, iki oğlu qəbirqazan. Əmr etdi ki, vergilər azaldılsın, 13-cü vəzir öz işinin öhdəsindən gələ bilmədiyi üçün edam edilsin, malı, mülkü müsadirə olunsun ki, başqaları ibrət götürsün.

13-cü vəzirin rəngi saraldı, bədəni əsməcə tutdu, özünü taxtın ayaqlarına atıb yalvarmağa başladı. Faydası olmadı, fərraşlar qollarından yapışıb sürüyə-sürüyə apardılar.

≠    ≠    ≠

       Sultan Hüseyn Bayqara bir axşam dostu 40-cı vəziri şam yeməyinə çağırtdırdı. Dostlar süfrə ətrafında əyləşib söhbətə başladılar.

  • Yadındamı, – dedi sultan, – keçən dəfə sənə demişdim ki, qədim tarix kitabında belə bir məlumat oxudum: “Dünyaya bir gündə iki oğlan, iki qız gələcək. Bunlar məmləkətdə ən ağıllı adamlar olacaqlar. Qızlardan biri şəhər, digəri kənd qızıdır”. Yəqin ki, həmin ağıllı adamların biri mənəm, o biri də sən, – deyə Sultan Hüseyn əlavə etdi, – şəhər qızını səninlə birlikdə axtarıb tapdıq. Xatırlayırsanmı?

40-cı vəzir dedi:

  • Bəli, çox yaxşı yadımdadır. Biz atlanıb şəhərə çıxanda şərtləşdik ki, qız gördükdə qamçının dəstəyi ilə bir-birimizə toxunub diqqət yetirək. Bir azdan qarşımıza iki qız çıxdı. Mən şərtləşdiyimiz kimi sizə toxunanda qızlardan biri dedi:
  • Siz bu adamı niyə vurursunuz?
  • Bu adam həmişə bir işi deyiləndən sonra görür, ona görə vururam, -deyə mən cavab verdim.
  • Heç işi görən adamı da vurarlar? – deyə əvvəlki qız soruşdu.
  • Yaxşı eliyib vurur. Ağıllı adam boynuna düşən işi “gör” demədən görər, – deyə ikinci qız söhbətə qoşuldu.

Biz bir-birimizə baxıb, axtardığımızı, deyəsən, tapmışıq dedik və qızın adını soruşduq. Qız “adım Güldür”, – deyə cavab verdi.

Sultan Hüseyn dostunun hafizəsinə bir daha heyran oldu.

  • İndi həmin Gülü saraya gətirtdirmişəm. Onu sənə verəcəyəm. Kənddə gördüyüm qızı da özüm almaq istəyirəm. Di gəl ki, neçə dəfə vəzir, vəkildən elçi göndərmişəm, kişi vermir. Hətta deyiblər ki, qızını padşaha almaq üçün gəlmişik. Kişi də “mən padşah-filan bilmərəm”, – deyib inad edir. Sən bəlkə bu işə çarə tapasan.
  • Sənin elçi göndərdiyin vəzir-vəkil, adətləri üzrə, məndən bu işə bir əncam çəkməyi, onlara bu işdə kömək etməyimi xahiş etmişdilər. Mən də baxarıq deyə onları arxayın salıb, işi özüm həll etmək qərarına gəldim. Sultanım, evində qonaq olduğunuz o ağıllı qızın atası əslində fərasətli bir çobandır. Sürüsü dağda borana-çovğuna düşüb qırılandan sonra kəndə enib müsəlman qaydası ilə meyit yuyub kəfənləməklə, oğlanları isə qəbir qazmaqla məşğul olmuş, bu yolla düşdükləri ağır vəziyyətdən çıxmışlar. Vəzirlərinizdən elçilik əhvalatını eşidəndən sonra həmin kişinin bir çoban dostunu axtarıb tapdım, onu elçi göndərdim. Elçi-çobanın dostu yetirən kimi soruşub ki, “Ə, qızını niyə padşahı-aləm, sultanı-bakərəm Hüseyn Bayqaraya vermirsən?” O da cavab verib ki, “Sən nə vaxt elçi gəldin, mən vermədim.” Odur ki, sultanım, sizin bu işiniz də həll olunmuş sayılır.

Sultan Hüseyn Bayqara vəcdə gəldi, ürəkdən gələn bir sevinclə dostuna təşəkkür etdi:

  • Çox sağ ol, əziz dostum.

Onlar şam yeməyini qurtardılar. Süfrəyə meyvələr gətirildi.

  • Dostum, -deyə sultan söhbəti davam etdirdi, – O qız bizim 13-cü vəzirə iki, mənə bir dolaşıq cavab vermişdi. Vəzir deyəndə ki, ocaqdan bir köz gətir qəlyanımı yandırım, qız da soruşmuşdu ki, yastısını gətirim, ya yumrusunu. Mən vəzirin qəlyanına baxanda gördüm ki, vəzir qəlyanını tütünlə yarımçıq doldurub. Ona görə də dedim ki, yumrusunu gətir. Əgər qəlyanı tam doldurulmuş olsaydı, tütünün üstünə qoymağa yastı köz istəyəcəkdim. Bu bəlli. Ancaq iki sorğusunu tapa bilmədim, bəlkə sən kömək edəsən?
  • Ərz elə, şahım, dostum.

Şah dedi:

  • Vəzir soruşanda ki, oduna gedən atan tezmi gələr? Qız da cavab vermişdi ki, yaxına gedibsə gec gələr, uzağa gedibsə tez gələr.

40-cı vəzir azacıq qımışıb, izah etdi:

  • Şahım, məlum məsələdir ki, yaxın yerdə odun tez-tez yığıldığından orada odun toplamaq çətinləşər, vaxt çox gedər, amma uzaq yerdə odun daha çox olar, uzaqlığına görə, adamların ərindiyindən uzaqlara az-az getdiklərinə görə. Odur ki, uzağa gedən bol odundan şələsini düzəldib, tez qayıdar.
  • Afərin dostum. Qızdan su gətirməyə gedən anasının nə vaxt gələcəyini soruşanda qız demişdi ki, gedəndə dayanıbsa gec gələr, gələndə dayanıbsa tez gələr. Bəs bu nə deməkdir.

40-cı vəzir əlini bığına, sonra saqqalına çəkdi, gülümsəyib dedi:

  • Sultanım, arvadlar su gətirməyə gedəndə səhəng boş olduğundan ağırlıq hiss etməz, qarşısına çıxan tanış qadınla doyunca söhbət edər, vaxt gedər, evə gec gələr, lakin qayıdanda dolu səhəngin ağırlığından söhbətə o qədər də həvəs göstərməz, dayansa da söhbəti qısa eylər, evə tələsər və tez gələrlər.
  • Sağ ol dostum, buyur meyvələrdən nuş eylə, – deyə sultan meyvələrdən yeməyə başladı. Şakər şakərdir, vərdiş vərdişdir. Sultan Hüseyn yeməyinə ara verib, qəfildən soruşdu:
  • Dünyada ən ləzzətli yemək nədir?
  • Möhkəm, lap möhkəm acanda yeyilən yavan çörək də ləzzətli olar, sultanım.

Həmişə öz ağlı, fərasəti, hazırcavablığı ilə Sultan Hüseyni heyrətə gətirən 40-cı vəzirin bu cavabından da razı qaldı.

  • Şahım, izn versəydiniz bir neçə gün hücrəmə qapanıb, başladığım işimi tamamlardım.
  • Buyur dostum, icazə sənindir.

≠    ≠    ≠

     Bir həftə keçmişdi. 40-cı vəzir Sultan Hüseynin hüzuruna gəlib əlindəki bağlamanı ona təqdim etdi. Sultan Hüseyn bağlamanı açıb, “Xəmsə”ni əlinə götürdü, mütəəssir olmuş padşah məmləkətin üləmalarını, şairlərini, xanəndələrini, çalğıçılarını, el ağsaqqallarını “Baği Hüseynə” topladı. Sultan Hüseynin tayı bərabər olmayan, xalqın “sultan atı” dediyi bir ərəb atı vardı. Bu ata Sultandan başqa heç kim yaxın dura bilmirdi. Odur ki, Sultan  Hüseyn tövləyə girib atı yəhərlədi, 40-cı vəzirinin yanına çəkdi.

Sultan:

  • Dostum, ata min, -dedi.

40-cı vəzir, şair özünü itirdi:

  • Yox sultanım, elə şeymi olar?
  • Minəcəksən, dedim, padşah əmridir, demək minməlisən.

Çox çək-çevirdən sonra sultan şairi birtəhər razı saldı. Şair “Allaha təvəkkül,” -deyib ata minməyə razılıq verdi. Hüseyn Bayqara şairin qoluna dayaq verib ata mindirdi. Özü də bir əli ilə atın cilovundan yapışıb, digər əlində “Xəmsə”ni tutub atı çəkə-çəkə “Baği Hüseynə” gətirdi. Sultan gəlib taxt qoyulan yerə çatdı. Bura yığılanlar çaşıb qalmışdılar. Hamı heyrət içində bu işin tonunu  gözləyirdi. Sultan Hüseyn üzünü onlara tutub görək nə dedi:

  • Ey əhli-füqəra! Qulaq asın. Şairi sultan atına mindirib, özümün ona cilovdar olmağımın səbəbini bilin. Bu nə hərəkətdir padşah edir deyib pıçıldaşmayın. Mənim 40-cı vəzirim, dostum, böyük türk-özbək şairi Nizaməddin Mir Əlişir Nəvai müəllimi, dostu Cami Əbdürrəhman Nurəddin ibn Əhmədin məsləhəti ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinə cavab olaraq doğma özbək dilində yazdığı “Xəmsə”sini indi mənə təqdim etdi. Mən sizin sultanınız, bu elin, yurdun padşahıyam. Ancaq qarşınızdakı bu böyük qüdrətli şair elimizin gələcək övladlarının da sultanıdır. Mən şeir mülkünün sultanına, zəmanəmizin böyük şairinə cilovdar olmağımla iftixar duyuram.

Sultan Hüseyn Bayqaranın həyəcandan gözləri yaşardı, gözlərində sevinc yaşları parladı…

 

İyun 1996,
Mart 2017.
Naxçıvan

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 3 eseri bulunmaktadır.

Yazarın diğer yazıları