Şeirler / Azər Ağayev

Hicran əsiri
Könül hicran əlində,
Mən də sənə əsirəm.
Toxunsam saçlarına,
Külək kimi əsərəm.
Ruhuna nəfəs kimi,
Ömrünə nur olaram.
Bilmirsən ki, küsəndə
Vaxt-vədəsiz solaram?
Sənsizliyin ağrısı
Gözümdə yaşa dönər.
Həsrətin yandırdığı
Bu od bir səndə sönər.
Yatağım buza dönər
Sükutun çağlayanda.
Səndən xəbər tutaram
Bir şeir ağlayanda.
Söz ətirli baxışın
Könlün ümman sahili,
Qayıt gəl ki, qəlbimdən
Siləsən bu nisgili…
-
- 2026
Bir eşq çəkib apardın
Sinəm üstə çəkdiyin
Közün ocağı yanır,
Gözlərimin önündə
Son gedişin dayanır.
Təzəcə unutmuşdum
Çəkdiyin min bir dağı,
Budağından ayrılıb
Düşdü könül yarpağı.
Saçlarımın ağında
Elə tufan qopardın,
Məndən bir ömür, bir də
Bir eşq çəkib apardın…
Taleyin hədiyyəsi
Zaman boşluğumda sızıldayanda
biləcəksən yoxluğumu,
Gecələrin qulaqbatıran səssizliyində
duyacaqsan soyuqluğumu.
Nəfəsin daralacaq aram-aram,
Boğazında soyuq bir qəhər.
Bulud-bulud arzular keçəcək,
Qatar-qatar fəsillər.
Gözlərinin mirvari yaşında
islananda kirpiklərin
sevgimi əl-əl gəzəcəksən bir səhər,
Boğacaq səni hamının olduğu
bir mənim olmadığım bu şəhər.
Zülmət gecələrinin ay işığında,
Yayın ən günəşli günlərinin birində
bürünəcəksən mənsizliyə.
Üşüdəcək səni
ömrünə qənim kəsilmiş qorxunc yoxluğum,
Varlığıma şükr edəcəksən əllərini açıb göyə.
Vicdan məhkəməsində
acı göz yaşların titrədəcək səni,
Tutacaq yaxandan ikiəlli,
Nə özünü aldada biləcəksən,
nə də zamanı,
Ulduzlar da verə bilməyəcək sənə təsəlli.
Fələyin çarxında tərs dönəndə yuxuların,
Həsrətin həzin titrəyişi qonacaq qanıqaçmış dodağına.
Diksinəcəksən hər addım səsinə.
O an göylərdən bir səda gələcək qulağına:
“Sahib çıxa bilmədin taleyin
sənə göndərdiyi hədiyyəsinə…”
-
- 2025
Köhnə liman
Yüz-yüz üfüqlər dolan,
Axtar, gəz, yerim dolmaz.
Günəş çəkilər səndən,
Ömür olmaz, gün olmaz.
Köhnə liman göynədər
Səni bir axşam çağı,
Xatirəsi dərd olar,
Qəlbinə çəkər dağı.
Dizini qucaqlarsan,
Ovcunda vaxt əriyər,
Boş qalan yastığında
Dərin süküt kiriyər.
Bir gecə xatırladar
Məni küləyin səsi,
Deyərsən, gəlsə, yetər
Ovunmağa nəfəsi.
O yorğun gözlərində
Bir tikə ümid qalar.
Vaxt gələr, həsrət yeli
Onu da səndən alar.
Sabaha çıxmaq üçün
Məni unutmaq çətin.
Bir də baxarsan, dönüb
Mən olmusan büsbütün.
-
- 2025

