DergiZan

Yazı ve Sanat Ülkesi

Atlar Ataları Hara Apardı? / Nicat Hunalp

Torpağa qarışdı qılıncda, oxda,
Atlar ataları hara apardı?
Qulağımdan getmir o nalə, ahda,
Atlar ataları hara apardı?

Savaşlar görmüşdü o köhlən atlar,
Yalmanı qan görmüş o yüyən, atlar,
Ölümün üstünə yürüyən atlar,
Atlar ataları hara apardı?

Qaynadı savaşda, coşdu savaşda,
Min illər kükrədi qoşdu savaşda,
Küləkdən itidi, quşdu savaşda,
Atlar ataları hara apardı?

Hardadı o murad, o baxt atları,
O mülk xaqanları, o taxt atları,
Tarixə çevirdi o vaxt atları,
Atlar ataları hara apardı?

Qılıncı qınında ölən igidlər,
Taleyi üzünə dönən igidlər,
Bilsəniz mənə də deyin igidlər,
Atlar ataları hara apardı?

Atlarla yaşıddı dünyanın yaşı,
Atlar savaşçının dostu, qardaşı,
Əyil qulağıma de, at yaddaşı,
Atlar ataları hara apardı?

Hayana ayrıldı bu yol, bu cığır,
Tarixin yükünü çəkmək nə ağır,
Dəli atım, köhlən atım bir çağır,
Atlar ataları hara apardı?

Cismi torpaq, ruhu göyün üzündə,
Nə təlaşlar, nə qorxular gözündə,
Atlar getdi ataların izində,
Atalar atları hara apardı?
Atlar ataları hara apardı?

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 1 eseri bulunmaktadır.