Nə Yaxşı ki Rəsmin Varmış / Səidə Əliyeva

Rəsminə dönə-dönə baxdım,
Səni öz yanımda sandım.
Həsrətindən alovlandım,
De hardasan, indi söylə?
Sən mənim arzum, amalım,
Sən mənim kövrək xəyalım.
Sənsizliyə necə dayanım?
De hardasan, indi söylə?
Rəsmini əlimə aldım,
Keçən günlərə qayıtdım.
Qəm dəryasına daldım,
De hardasan, indi söylə?
Sənsiz solğun bir nərgizəm,
Boynubükük bənövşəyəm.
Gör bir nə vaxtdır sənsizəm,
De hardasan, indi söylə?
Sən mənim tər ətirşahım,
Sən mənim nurlu sabahım.
Sən mənim yoxum-varım,
De hardasan, indi söylə?
Axşam, səhər dönə-dönə,
Baxıram sənin rəsminə.
Kaş birlikdə olaq yenə,
De hardasan, indi söylə?
Rəsmlərinə baxmaqdan,
Mən artıq yorulmuşam.
Bulud kimi dolmuşam,
De hardasan, indi söylə?
Sən göydən enən mələyim,
Sən təzə-tər çiçəyim.
Nə yaxşı ki, var rəsmin,
De hardasan, indi söylə?
Səidə ƏLİYEVA, Azərbaycan Yazıçılar Birliyinin üzvü

