Getdin / Saida Alieva

Sən getdin… arxanca baxdı gözlərim,
Qulağımda qaldı şirin sözlərin.
Xəyalımda canlandı söz-söhbətin,
Gül-çiçək ətirli təbəssümlərin.
Getdin… arxanca baxdım dalğın-dalğın,
Çırpındı qəlbim, əsdi dil-dodağım.
İslandı göz yaşlarımla yanağım,
Gecə yuxum oldun, gündüz xəyalım.
Qəmli baxışlar səni yola saldı,
Titrək barmaqlar dalınca su atdı.
Könlümdə qəm-kədər haray qopardı,
Gözümdə hicran-həsrət yuva saldı.
Getdin… bulud kimi kövrəldim,
Getdin… yağış, sel ələdi gözlərim.
Getdin… cücərən ümidlər təsəllim,
Xəyallar pərişan, həsrətin qəmim.
Kövrəlmişdim səni yola salanda,
Qərq olmuşdum qəm dumanında.
Sel-sular cığır saldı yanağımda,
Hər səni düşünüb xatırlayanda.
Həsrətlə gözlərəm qayıtmağını,
Qovaram yollardan qarı-boranı.
Qonaq çağıraram qışda baharı,
Günəş gülər, şəfəq bəzər yolları.
Gəlişin ömür yoluma nur saçar,
Arzularım qönçələnər, gül açar.
Xəyallarım yoldan-izdən yığışar,
Ümid, vüsal qanadlanar, ucalar.

