DergiZan

Yazı ve Sanat Ülkesi

Xaribülbül’ün Vətənində Son Nəfəsini Verən Babək Qeyrətli Şəhid / Kübra Veliyeva

XARIBÜLBÜLÜN VƏTƏNİNDƏ SON NƏFƏSİNİ VERƏN BABƏK QEYRƏTLİ ŞƏHİD

“وَلا تَقُولُوا لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللَّهِ أَمْوَاتٌ بَلْ أَحْيَاءٌ وَلَكِنْ لا تَشْعُرُونَ (سورة البقرة، ١٥٤)”     

“Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar  diridirlər, lakin siz onların canlı olduğunu hiss etməzsiniz” (Bəqərə surəsi, 154).

Şəhid olmaq sıradan bir ölüm deyil. Müqəddəs kitabımızda qeyd olunan bu ayə şəhidlərə verilən ən böyük dəyərdir.

Peyğəmbərimiz (s.a.v.) şəhidliyin nə demək olduğunu dəyərli hədislərində bizlərə açıqlamışdır: “Cənnətə girən heç bir kimsə yer üzündəki hər şey özünün olsa belə, dünyaya geri dönməyi arzu etməz. Ancaq şəhid müstəsna! Şəhid, gördüyü aşırı etibar və ikram səbəbi ilə təkrar dünyaya dönməyi və on dəfə şəhid olmağı istəyər.”

Yaşadığımız dünyada elə günlər vardır ki, heç zaman unudulmur. Belə günləri yaddaşlara salanlardan biri də qəhrəman şəhidlərdir.  Şəhid – vətəni, dini uğrunda canını qurban verən insana deyilir. İnsan oğlunun dünya həyatına ən mükəmməl formada xudahafiz etməyinin adıdır şəhidlik.

Ölkəmizin müstəqillik və azadlığının qorunub saxlanılması qəhrəman şəhidlərimizin adı ilə birbaşa bağlıdır. Bu baxımdan Azərbaycan xalqı öz igidləri ilə qürur duymağa və fəxr etməyə daha layiqdir. Belə ki, Ali Baş Komandan İlham Əliyevin əmri ilə 27 sentyabr 2020-ci il tarixdə başlanan və 44 gün davam edən vətən müharibəsində xalqımızın minlərlə igid övladı şəhidlik zirvəsinə ucalmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin də qeyd etdiyi kimi qazanılan qələbədə naxçıvanlılar böyük igidlik və qəhrəmanlıq göstərmişlər. Bu igidlərdən biri də “Qarabağ Azərbaycandır!” deyərək vətən müharibəsinə yola düşən Ümid Novruzludur. O, Şuşa şəhərinin azad olunmasında düşmənlə əlbəyaxa döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv edib qəhrəmanlıq göstərmişdir.

Novruzlu Ümid Bahadur oğlu 7 iyun 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Babək qəsəbəsində anadan olmuşdur. İlk təhsilinə 1998-ci ildə Babək rayon Babək qəsəbəsində Vəli Mahmudov adına 1 №-li tam orta məktəbdə başlamış və 2009-cu ildə isə oradan məzun olmuşdur. 2010-cu ildə hərbi xidmətə çağırılan Ümid 2012-ci ildə oranı bitirdikdən sonra Naxçıvan MR DİN-in, 2013-cü ilin may ayından isə Bakı şəhər Binəqədi rayonunun Biləcəri qəsəbəsinin daxili qoşunlarında MAXEHQ əsgər, sürücü, atıcı vəzifələrində işləmişdir. Bu müddət ərzində komandirlərinin verdiyi tapşırıqları nöqsansız yerinə yetirdiyinə və hərbi intizam nümayiş etdirdiyinə görə cənab general-polkovnik Ramil Usubov tərəfindən fəxri fərmanla təltif olunmuşdur. 2015-ci ilin avqust ayından Naxçıvan Muxtar Respublikasının DİN-nin Xüsusi Təyinatlı taqımında, 2018-ci ildə isə Naxçıvan N saylı Xüsusi Təyinatlı Qüvvələrində hərbi xidmətə başlamışdır. İdmana böyük həvəsi olmuşdur.  O, Naxçıvan MR İlham Əliyev adına Olimpiya İdman kompleksində kikboksinq idman növü ilə məşğul olmuş və burada da çeşitli medallarla təltif olunmuşdur.

Ümid 2020-ci ildə gizir hərbi rütbəsini qazanaraq taqım komandirinin müavini vəzifəsində çalışmışdır. Həmçinin 2020-ci il tarixdə Naxçıvan MR-da keçirilən hərbi təlimlərdə yaxından iştirak etmiş və ayağından zədə almışdır. O, zədəli olsa belə vətən müharibəsində iştirak etməyi özünə böyük şərəf bilmişdir.

Ümid 24 oktyabr 2020-ci ildə Naxçıvandan Bakıya, oradan da Şuşa şəhərinə  göndərilmişdir. O, Şuşanın alınmasında düşmənlə əlbəyaxa döyüşərək el qəhrəmanı sərkərdə Babəkin adını doğrultmuşdur. Döyüş yoldaşları ilə bərabər ən çətin həlledici döyüşdə iştirak edərək onları meydanda tək qoymamışdır.

5 noyabr 2020-ci il tarixdə səhər saat 9-10 arası uzaq məsafədən düşmən snyaperindən açılan atəşlə boğaz nahiyəsindən vurularaq şəhadətə qovuşmuşdur. Xarıbülbüllərin içərisində son nəfəsini verən igidimizin cənazəsi Bakıda şanlı bayrağımıza bükülərək 13 noyabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasına – ata ocağına gətirilmiş və Babək şəhər qəbristanlığında uğrunda şəhid olduğu torpağa tapşırılmışdır.  

Ümid vətəninə, elinə bağlı, hörmətli, izzətli, qorxmaz cəngavər bir igid idi. Şəhidimizdən bizə yadigar qalan iki övladıdır. Bahadur və Nilay! Nilay ilə söhbətləşirəm: “atama canım qurban!” deyir.

           Ümidgilin ata evi Babək şəhərində Heydər Əliyev prospektində yerləşir. Evin qapısında üçrəngli şanlı bayrağımız dalğalanmaqdadır. Bayrağa hərbi salam verib evə daxil oluram. Ümid kimi pəhləvan oğulu torpağa tapşırmaq, balasından ayrılmaq bir ana üçün çox çətindir. Şəhid anası ilə söhbət etmək isə lap ağırdır. Kimya ana Ümid adını eşidən kimi kövrəlir, amma qürurludur. Dərdini gizlətməyi bacarır: “Qəhrəman oğlum hərb sənətini çox sevirdi. Döyüşdə komandirlə yanaşı gedirmiş. Mən Bakiya qızımgilə qonaq getmişdim. Axırıncı dəfə Ümidlə 25 oktyabr 2020-ci il tarixdə telofonla danışdım. Oğlum mənə dedi ki, “Bakıya gəlirəm, mama!” Elə bir ürəyimə damdı ki, oğlum müharibəyə gedir. Dedim: Qarabağa gedirsən Ümid? Ümid də dedi ki, hə, qorxma, gedib gələcəm! Və gələndə də səni görəcəm!.

Babək kimi mərd vuruşan,
Şuşada qarlı dağ aşan.
Daşaltıda meydan açan,
Gizir Ümid, şəhid Ümid.

Vətən uğrunda canından keçən igid qəhrəmanlarımızın göstərdiyi şücaətlər  daim dövlətimizin diqqətindədir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncamına əsasən şəhidlərimiz müxtəlif ad, orden və medallarla təltif olunmuşlar. Şəhidimiz 15 dekabr 2020-cil tarixli Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncamına əsasən göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Vətən uğrunda” medalı və Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət göstərdiyinə görə Prezident İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalı ilə  təltif edilmişdir.

Şəhid ailəsi olmaq böyük şərəfdir. Xalqımız şəhidlərinə böyük ehtiram göstərərək, ruhları və qəhrəmanlıqları önündə daima baş əyərək onların xatirəsini uca tuturlar. Ümid Novruzlu kimi qəhrəmanlarımızın şəhadəti ilə Qafqazın incisi sayılan Şuşa şəhəri və Qarabağ torpağı əbədi olaraq Ana vətəninə qovuşdu!. Biz vətənin oğul və qızları olaraq səninlə fəxr edirik Babək şəhərinin Babək qeyrətli mərd oğlu Ümid! Siz hər zaman bizim qəlbimizdə və xatirələrimizdə yaşayacaqsınız!. Allah sənə və bütün şəhidlərimizə  rəhmət eləsin!.


Kübra Vəliyeva
AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun elmi işçisi

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 3 eseri bulunmaktadır.

Yazarın diğer yazıları