DergiZan

Yazı ve Sanat Ülkesi

Telli Sazın Fəğanı / Səidə Əliyeva*

Sazın nalə, fəğanı haray salar,
«Yurd yeri» ağlımı başımdan alar.
«Ruhani» ruhuma baca axtarar,
«Baş Sarıtel» için-için ağladar.

Od vurar, ocaq çatar ürəyimə,
Kövrək xəyallar pərvazlanar yenə.
Kövrələr, dözməyər sehrə, tilsimə,
Göz yaşlarım dönər şehə, çiskinə.

Simləri gərilər, könül tarımın
Tufan, dolu döyər könül bağımı.
Tüstüsü göyləri tutar ahımın,
Dondurar damarımda qanımı.

Dünyanı lərzəyə salır «Dilqəmi»,
Kərəmi yandırar «Yanıq Kərəmi».
«İncigülü», «Misri», «Cəngi», «Urfanı»,
Unutdurur özümü, geniş dünyanı.

Haray salar, tüğyan edər telli saz,
Süzülər simlərdən min hikmət, avaz.
İlhamdan yoğurular hər kəlmə, hər söz,
Hissim, ruhum sarsılar, ovsunlanar.

Ulu sazın möcüzəsi, hikməti,
Dünya boyda möhnəti, qüdrəti var.
Beşik üstə anaların axşamlar,
Oxuduğu layladan qaynaqlanar.

Hər məclisdə telli sazın yeri var,
Elə ki, köynəkdən çıxar, hamı susar.
El sənətkarları, ustad aşıqlar,
Ehtiramla anılar, xatırlanar.

  • Azərbaycan Yazıçılar Birliyinin üzvü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir