Anali Dünyam / Səidə Əliyeva*

Könül sarayımın şahı, sultanım
Ömrünün baharı, başımda tacım
Ən yaxın rəfiqəm, könül sirdaşım
Həm mehriban anam, istəkli bacım
Mən sənə borcluyam gözəl həyatı.
Şirin laylaların düşüb sehrinə,
Yatmışam mışıl-mışıl beşiyimdə
Təbəssüm, nəvaziş qatıb sevginə
Gecələr səhərəcən keşiyimdə
Durubsan, nurlanıb analı dünyam.
Xeyir – duan yollarımın çırağı
Çətində dayağım, qolum, qanadım
Barmaqların saçlarımın darağı
Tanrıdan qiymətli ərməğanım
Əvəzsiz töhfəsi analı dünyam.
Sən dağın zirvəsi, mən ağ örpəyi
Sən günəş, mən onun zərif şüası
Sən gülsən, mən qönçən, açan çiçəyin
Ömür bağının ilk barı, bəhrəsi
Səadət quşunun sevinc nəğməsi.
Sənsən həyatıma gözəllik verən
Şair könlümün ilhamı, sehrisən.
Sən mənim ömrümün zili, bəmisən
Sən mənim and yerim, Məkkəm, Mədinəm,
Arzumun şah zirvəsi sənli dünyam.
Bu geniş dünyada sənsən olanım
Qəlbimdə qaynayan sevgi bulağım
Ümidlə yaşadan böyük amalım
Yer üzündə tək köməyim, pənahım
Tilsim, möcüzəsi analı dünyam
Sən həyatı ləyaqətlə yaşadın
Mən şirin nübarın, nurlu sabahın
Əzmin, hünərin, təmkin yaraşığın
Mən bir dünya sevinc iftixarın
Hər yerdə qürurla çəkildi adın.
Gözəllik xilqətində yaranışdan
Sən yaşamaq həvəsim, həyat eşqim
Fəxrim, vüqarımsan inan hər zaman
Ürəyimin sarı simi, nəğməsi
Analı dünyamdı uca, ucadan.
*Azərbaycan Yazıçılar Birliyinin üzvü

