DergiZan

Yazı ve Sanat Ülkesi

Hasar / Gülşən Mustafa

Son vaxtlar yaranmış narazılıq günü-gündən artaraq üzə çıxmışdı. Axşamdan başlayan söz-söhbət kiminin baxışını, kiminin ovqatını dəyişmişdi. Səs-küy artdıqca  gərilmiş,  gərildikcə də münasibətlər doğmalıqdan çıxmışdı. Hamı sanki səs-səsə vermiş  nəyisə isbatlamağa çalışırdi. Artıq anlaşacaq hal qalmadı. Söz dəyərdən, gözdən düşdükcə əllər, ayaqlar işə başladı. Hamı bir-birinə dəydi.  Yalnız heç kəsə qarışmadan, bir kənarda taxtaların üstündə yanaşı oturan Eldar və Səbinə sakitcə göz yaşı tökürdü.

Uşaqlıqdan bir-birinə beşikkəsmə- deyihli olan bu gənclər iki ailə arasında körpü salmışdılar. Onların bir-birini tutan əlləri böyüdükcə, gücləndikcə ailələr arasındakı o körpü də möhkəmlənirdi. Lakin  gözlənilmədən baş verən zəlzələ ilə torpaq aralanmış və bu  körpünü alt-üst etmişdi…

Səhər tezdən həyətdəki səs-küy  qonşulara Məmməd kişinin axşamkı qəzəbinin hələ də  soyumadığını xəbər verirdi. Çardağın altındakı taxtaları hikkə ilə çəkib həyətin ortasına tökür, iki evin arası boyu düzürdü. Hər iki evin eyvanından heyrət dolu baxışlar onun qəzəbli davranışını izləyirdi. Sonra da lom ilə yerin bağrını sökür, ucunu şişlədiyi dirəkləri yerə basdırırdı. Qəzəbli Məmməd kişi bütün hirsini taxtalardan çıxır kimi  misamarlayırdı. Onu izləyən baxışların arasında iki cüt qorxu və həyəcan dolu baxış vardı. Bu baxışalrın sahibi gözlər, taxtalara sancılan hər mismarı ürəklərində acısını hiss edərək ağlayırdı. Taxtalara sancılan hər mismar, sanki Səbinənin ürəyinə, Eldarın səbrinə sancılırdı.   Çəkilən hasarın keçilməz sədd yaradacağı fikri qızın hönkürtüsünü, Eldarın pərişanlığını artırırdı. Bu hasar təkcə evləri, həyəti ayırmırdı, bu sevgi dolu gəncləri də bir-birindən ayırırdı.

Bu gənclərin evinə tavan olacaq taxtalar, indi  iki  evinin arasında  hasar olmuşdular. Bir üzləri Eldarın qəzəbinə, o biri üzləri Səbinənin hüzününə şahid olurdu. Əvvəlki gülüşlər, şadlıqlar çəkilib, getmişdi. Beləcə il ötür,  gənclər də böyüyürdü. Özləriylə birgə sirr kimi saxladıqları sevgiləri də böyüyürdü. Bu hasar evləri bir-birindən ayırsa da, onları ayıra bilməmişdi. Yağış yuyub, gün qurutmuş taxtalar özünə çəkilmiş, sıxılmışdı. Onlar da Eldar və Səbinə ilə birlikdə sıxıntı çəkirdi. Səbinənin göz yaşlarında islanır, Eldarın isti baxışlarında quruyurdular. Bu sıxıntıdan açılan boşluqdan həyət sakinləri bir-birini daha yaxşı görürdülər. Bu boşluq sevgi məktublarının yolu olmuşdu. Həyətdə o yan,  bu yana gedən insanların kinli baxışlarına, bir-birinə acıq verən hərəkətlərinə, Eldarla Səbinənin həsrət və sevgi dolu baxışlarına şahid olmaq hasara dərd olmuşdu. Hər fürsətdə ona sığınan gənclərin sevgi dolu pıçıltısı taxtalara nə qədər xoş gəlsə də, bu sevdaya yuva ola bilməmək o qədər üzürdü.

Bir vaxtlar bu taxtalar da bir-birinə sığınmış qoşa sevgili idi. Bu qoşa palıd ağacı da  bu gənclər kimi yanaşı böyümüşdülər. Böyüdükcə də kökləri bir-birinə sarılmışdı. Bir-birinə qol-qanad açaraq təbiətin şıltaqlığına, yayın istisinə, qışın soyuğuna dözmüşdülər. Bir gün onları kəsib, doğrayıb bu həyətə gətirsələr də sevdaları bitməmişdi. Özləri ilə gətirdikləri sevgini bu həyətdə böyüyən yeniyetmələrə ərmağan etmişdilər. Çoxdandır çardağın altında üst-üstə yığılıb qalmış taxtaların bir arzusu vardı.  Həyətin ayağında tikilmiş o evin üstünə döşənmək. Bir evə dam olmaqdan gözəl nə ola bilərdi. Bu ev  bu həyətdə doğulub, bu həyətdə böyüyən, şən, şıltaq gülüşləri və oyunlarıyla həyəti başına götürən Eldarla Səbinə üçün tikilirdi.

Bu şən usaqlar  taxtaların ətrafında  oynaya-oynaya  həddibuluğa catdıqlarıni hiss etmişdilər. Onların hamidan uzaq öz dünyası vardı. Oyunlarla bəzənmiş bir dünya. Baxışlarının özlərindən xəbərsiz oğurlanıb bir-birinə qaçmasının səbəbini hələ özləri də anlamırdı. Bu da onlar üçün  bir oyun idi. Vaz keçə bilmədikləri gözəl bir oyun…

Beləcə günlər ötürdü. Taxtalar bu həyətdə  çox şeyə şahid olmuşdular. Uşaqların gülüşünə,  gəlinlərin qeybətinə,  dostların  söhbətinə. Bu həyətin sakinləri onlar üçün doğma idi. Hər səsə qulaq verir, hər addım səsini tanıyırdılar. Gizlənpaç oynayan uşaqları gizlədər, onlarla birlikdə sevinərdilər. Heç dava səsi  eşitməmişdilər o günə qədər.

Bu  gecə hamı yatandan sonra sevgililər hasarın dibində görüşdülər. Eldar hirsindən yumruqladi hasarı, Səbinə göz  yaşı tökdü. İncə  barmağını  taxtaların arasından keçirib sevgilisinin yumruğuna toxundu. Sığal çəkdi qəzəblə möhkəmcə düyünlənmiş barmaqlara. Ele bil yumruğun gücü tükəndi. Barmaqlar boşaldı, yumruq açıldı. O sehirli incə barmağa toxundu. Məktublarının yolunda barmaqları qovuşdu. Sanki illərin həslətli sevgililəri idi o iki barmaq. O incə barmaq  qəzəbli barmağı başa saldı.  Atalarının davasının onların sevgisinə gücü çatmayacağını anlatdı. Səbirli olmağı öyrətdi. Heç bir qüvvənin onların sevgisindən güclü olmadığını söylədi. Xırda bir arvad qeybətindən başlanıb, bitmək bilməyən bu kinin bir gün sona çatacağına inandırdı. Hər şeyin düzələcəyinə inandırdı. Eldar başını hasara söykədi sevgilisinin gözlərinə boylanıb, onun inamına daha yaxın olmaq istəyirdi. Birdən aralığa dözməyən taxtalardan biri mismardan çıxıb aşağı endi və hər ikisinin üzündə təbəssüm doğdu. Baxışlar fərəhlə qovuşdu, nəfəslər gərildi, ilk öpüşün şirinliyini daddılar. Susdular, baxışdılar və bu dəfə günəşı qarşılamaq üçün ayrıldılar…

 

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 1 eseri bulunmaktadır.