DergiZan

Yazı ve Sanat Ülkesi

Vətənə Sevgini Hüseyn Cavid İrsindən Öyrənək / Kamal Camalov


Vətənpərvərlik mövzusu Azərbaycan romantik ədib və pedaqoqlarının əsərlərində mühüm yer tutur. Böyük türk dünyasının romantik şair və dramaturqu Hüseyn Cavidin yaradıcılığında da bu ideya güclüdür.

Vətənpərvər şair H.Cavid özünün məslək eşqinə, əqidəsinə müvafiq bütün həyatı və yaradıcılığı boyu izlədiyi vətənpərvərlik ideyasını yeni forma, yeni məzmunla ifadə edib. Cavidin vətənpərvər qayəli əsərlərinin pedaqoji cəhətdən tədqiqi və təhlili sübut edir ki, onun vətənpərvərlik ideyaları zorakılığa, istismara, ədalətsizliyə, cəhalətə, nadanlığa qarşı çevrilmiş, doğma vətənin, xalqının taleyi və həyatı ilə bağlı olan, sinfi səciyyə etibarilə mütərəqqi məna daşıyan həqiqi vətənpərvər duyğularıdır.

H.Cavidin 1907 və 1917-ci illərdə “Vətən” mövzusuna müraciət etməsi məhz dövrün ictimai-siyasi hadisələri ilə bağlı idi. Bu şeir və əsərlərin mətbuatda dərc edilməsi (“Füyuzat”, “Açıq söz”, “Qardaş köməyi” və s.) onu sübut edir ki, şair-müəllim gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük əhəmiyyət verib. Onun vətənpərvərlik hissləri aşılayan əsərlərinin tədqiqi göstərir ki, vətənpərvərlik H.Cavidə görə gənc nəslin Vətənin tərəqqisinə, səadətinə, onun əməkçi insanlarına, dilinə, mədəniyyətinə şüurlu sədaqət və məhəbbət, əgər lazım gələrsə canını belə vətən uğrunda əsirgəməmək ruhunda tərbiyə olunmasından ibarətdir. Lakin o, əsərlərində sadəcə tərənnüm yolu ilə getməmiş, bu müqəddəs hissin mahiyyətini araşdırmaq, gənc nəslə çatdırmaq imkanlarını göstərmişdir. Odur ki, qarşıya belə bir təbii sual çıxır: Bəs H.Cavid vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması işində hansı metodlardan istifadə etmişdir?

H.Cavidin vətənpərvər ruhlu əsərlərinin pedaqoji cəhətdən tədqiqi və təhlili xalq şairinin vətənpərvərlik hissləri aşılayacaq əsərlər qarşısında qoyduğu müasir tələblərə tamamilə uyğun gəldiyini sübut edir.

Onun bir sıra şeirlərində Odlar Diyarı Azərbaycan özünün zəngin təbiəti,  dumduru, göz yaşı kimi axan sərin bulaqları, qövsi-qüzeh, otları, çiçəkləri, gülləri, ağacları, nəhrlər, hətta kiçik suları,  gözəl ormanları, əməksevər insanları  ilə hər bir yeniyetmə və yaşlı oxucunun gözü qarşısında canlanır.

H.Cavidin “Hali-əsəfiştimalımı təsvirdə bir ahi-məzlumanə” şeiri gənclərin pedaqoji prinsipə əsaslanan vətənpərvərlik tərbiyəsinə xidmətin bariz nümunəsidir. Şair bu şeirdə hər bir namuslu şəxsi öz vətənini sevməyə, onu qorumağa çağırır:

Mayeyi-iftixarı ər kişinin
Vətən uğrunda bəzli-himmətdir.
Lafə baqmazlar, iştə hər kişinin
İşi ayinəsində müsbətdir.
Qeyrət istər ki, can nisar edəlim,
Mədəniyyətlə iftixar edəlim.

Cavid o zamankı  vəziyyəti Azərbaycan üçün dözülməz sayırdı. O, vətən övladlarını ana vətənin tərəqqisi uğrunda çalışmağa, vüsət tapmağa dəvət edir. Vətənin mədəni, ictimai-siyasi inkişafdan geridə qalması (XIX əsrin axırları – XX əsrin əvvəlləri) və Azərbaycan xalqının məhkum bir millət halına düşməsini şair ağır dərd kimi qarşılayırdı. Vətən onun nəzərində “zəvalə uğramış”, “böyük bəlalara düçar olmuş”, “ayaq altında payimal olmuş”, “dərmansız dərdə giriftar olmuş” kimi görünürdü. Əlbəttə, H.Cavidin “zavallı vətən” deməsi rus imperiyasının Azərbaycanda amansız surətdə apardığı mənfur milli siyasətdən doğurdu. O zaman məktəblərimizin vəziyyəti olduqca ağır idi. Azərbaycanın hər bir guşəsində fəaliyyət göstərən milli məktəblərimiz ya qapadılır, ya da adı və yönü dəyişdirilirdi. H.Cavid bu acınacaqlı vəziyyətdən bəhs edərək yazırdı: “Naxçıvan on beş il əvvəl cəhalət uyqusundan diksinmək ehtiyacını duydu, maarif dairəsinə girmək istədi. Milli məktəb təsis etdi, mərhum Sidqi sayəsində çalışıb-çabalamağa həvəsləndi, gündən-günə arş irəli!.. Hərəkət etməyə başladı. Sidqi vətənpərvər idi, həmiyyətli idi, məslək sahibi idi, millətini sevərdi… Bu hal beş-altı il qədər davam etdi. Sonra zavallı Sidqi getdi (ölümünə işarədir – K.C.), məktəbin məktəbliyi də onunla bərabər bitdi. Sonra nə oldu… Məktəb qapandımı? Xeyr, qapanmadı… Lakin nə zərər verdi, nə xeyir gətirdi. Zira qapansa idi, gözəl bir təhəssür, həzin bir arzu ruhu oxşar idi, insanı məşğul edərdi. Məktəbin bu uyğunsuz yaşaması hər kəsi iyrəndirdi. Xalqa böyük bir dərd oldu. Məktəbdə əvvəldən hökumət barmağı var idi (rus imperiyası nəzərdə tutulur – K.C.). Fəqət Sidqi dövründə əsla əl vurulmadı. O zavallı sönər-sönməz istibdadın qara bulutları hər tərəfdən məktəbin üzərinə çökməyə başladı. İş büsbütün dəyişdi. Nəhayət işin sonu bir heçdən ibarət qaldı. İki-üç ay sonra qiraətxanə da fərağətxanəyə təbdil etdi”.

H.Cavid vətənin yad əllərlə dözülməz hala salındığını görərək:

Bana gəl! Gəl bana, zavallı vətən!
Heç unutmam səni bu halilə mən

– deyirdi.

H.Cavid qeyd edirdi ki, hər bir vətənpərvər şəxs vətənin, xalqın azad, xoş gələcəyi uğrunda fəal, ciddi mübarizə aparmalıdır. Onun məqsədi məhz vətən övladlarından vətəni, xalqı müdafiə edən mərd, mübariz vətənpərvər yetişdirmək idi. Cavid qeyd edir ki, vətənimizə göz dikənlərə layiqincə cavab verən igid, qəhrəman mübariz  oğullar az deyil. O, “Səyavuş” əsərində yazırdı:

Yurdumuzu çignəyən
Sayğısız hər kim olsa.
İnan ki, çoq sürmədən,
Diz çökəcək qarşıda.
Bizdə dəmir biləklər,
Çəlik qollar az deyil;
Saldırıcı, hünərvər
Mərd oğullar az deyil.

Bütün şüurlu fəaliyyətini ədəbi yaradıcılığa, şeirə, sənətə, maarifə, məktəbə, təlim və tərbiyəyə həsr edən yüksək amallar sahibi H.Cavid istər doğma vətənində, istərsə də onun hüdudlarından kənarda olsa belə, doğma yurdunu ana kimi, ata kimi sevmiş, onun nəfəsiylə, oduyla isinmişdi. Şair vətən övladlarına deyirdi ki, “bu vətən bir sevimli validədir”. Hələ vətənimiz Azərbaycanda ulduz parlayanda, Qərb əhli cahillik dövrü keçirirdi. Bəs necə oldu ki, sonra tənəzzülə uğradıq?!

Ey vətən! Səndə parlayanda ziya
Büsbütün əhli-qərb cahilimiş.
Şimdi bulmuş vüqu əksi-qəza,
Əcəba bu nasıl təqafilimiş?
Kim təsəvvür edərsə bu hali,
Varlığı hissdən olur xali.

H.Cavid bunun səbəbini nankor övladlarda, biganə, əhlikef ziyalılarda görərək bədbinləşirdi. Lakin gələcəyə nikbin gözlə baxan şair vətənin xoşbəxt sabahına inanır və bu inamını belə ifadə  edir, “Heç maraq etmə, nazənin vətənim” – yazırdı.

Vətəni sonsuz məhəbbətlə sevən, vətən eşqiylə alovlanan H.Cavid onun sevincini öz sevinci, kədərini öz kədəri bilirdi. Hələ yaradıcılığının ilk çağlarında “Salik” təxəllüsü ilə yazdığı bir qəzəlində vətənə olan odlu məhəbbətini, alovlu sevgisini poetik dildə belə izhar edirdi:

Olubdu qəlbimə hakim mənim məlali-vətən,
Başımda şur ilə məskən salıb xəyali-vətən.
“Vətən! Vətən!” deyərək hər diyara səs salıram.
Düşərmi bircə dilimdən mənim məqali-vətən?
Əgər sual edələr Salikin xəyalı nədir?
Deyin həqiqəti, ancaq olub məali-vətən.

H.Cavid qabaqcıl maarif xadimi kimi, xalqın maariflənməsi, cəhalətdən xilas olması yollarını gənc nəsildə görür və gənclərdə axtararaq “Topal Teymur” əsərində fateh Teymurun dilindən xitabən  qeyd edirdi: “Avropalıların dilləri başqa, yürəkləri daha başqadır. Hər halda məmləkətimiz aslanlar yurdu, qartallar yuvası olaraq qalmamalı. Bəlkə dünyada ən parlaq maarif və mədəniyyət ocağı, ən zəngin sənaye və ticarət mərkəzi olmalıdır. Əvət, qoy düşmanlarımız görsünlər ki, türk övladı yalnız basıb-kəsməkdən deyil, yaşamaq və yaratmaqdan da zövq alır. Yalnız yaxıb-yıxmaq deyil, yapmaq və yaratmaq da bilir. Bununla bərabər yapdıqlarımız heç bir şey deyil. Bu, yalnız mədəniyyətə doğru bir addım, gələcək üçün bir başlanğıcdır. Bizim başladıqlarımızı gələcək nəsil ikmal etməli. Yalnız beş-on şəhər deyil, bütün məmləkət tərəqqi və gözəlliklər üçün birər nümunə olmalı. Əvət, biz təməl daşı atıyoruz. İştə bu təməl üzərində möhtəşəm binalar qurmaq və bu şüarı çiçəkləndirmək… ancaq yeni nəslə, ancaq sarsılmaz gəncliyə aiddir”.

Bütün böyük sənətkarlar kimi, H.Cavid üçün də həqiqətin ancaq bircə mənası vardır ki, bu da öz doğma xalqını azad, xoşbəxt və mədəni görmək, vətənə xidmət etmək arzusudur. Cavidin romantik qəlbi nəcib əməllərlə döyünürdü. Şair vətənin dərdlərinə acıyır, dəhşətə gəlib belə fəryad qoparırdı:

Arkadaş, yoldaş, ey vətəndaş, oyan!
Yatma artıq, yetər… Dəyişdi zaman;
… Çox əzildin, yetər, ər oğlu, ər ol!
Çırpınıb çareyi-xilas ara, bul!

Hüseyn Cavidin əsərləri orta və ali məktəblərdə tədris edilir. Orta məktəbin təkmilləşdirilmiş proqramlarında onun əsərlərinin geniş yer tutması da vətənpərvər şairin  yaradıcılığına verilən yüksək qiymətdir.

Məqaləmi Hüseyn Cavid irsinin böyük himayəçisi olan Ümummilli liderimiz Heydər Əliyevin fikri ilə tamamlamaq istərdim. Ulu öndər Heydər Əliyev  Hüseyn Cavid və onun irsi ilə bağlı  belə deyir: “Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azər-baycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır. O, həmişə millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur”.

Kamal CAMALOV
Naxçıvan Müəllimlər İnstitutunundosent,

Pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 3 eseri bulunmaktadır.