Şuşa / Səidə Əliyeva*

Doğma yurdun ayrılmaz bir parçası,
Vətən torpağının dilbər güşəsi.
Qarabağın tacı Şuşa qalası
Qürur heykəli, hünər abidəsi
Qələbə rəmzi, zəfər salnaməsi
Döyünən ürəyi Azərbaycanın!
Dağların zirvəsində salıb məskən,
Başı bəyaz buludlara söykənən.
Vüqarla ucalan yenilməz qala,
Möhtəşəm zəfər, misilsiz qələbə,
Tarixə qızıl hərflərlə yazılan,
Böyük uğurların mübarək Şuşam.
Hər qaya köksündə, hər dağ başında
İftixarla dalğalanır bayrağın.
Qədim torpağının hər qarışında
Yorulmaz xalqının əzmkarlığı
Xarüqələr yaradıb qucağında
Dünyanın ən gözəl şəhəri Şuşa.
Canlı tarix hər bürcü, hər qalası
Molla Pənah Vaqifin məqbərəsi
Dahi Üzeyirin ölməz sənəti,
Xanın, Cabbarın, Bülbülün səsi
Pənah xanın əvəzsiz əmanəti
Cəngavərlər məskəni Şuşadadır.
Tükənməz sərvət, xəzinə torpağı
Başı kəlayağılı Murov dağı.
Xınalı qayalar qartal yuvası
Gül-çiçək dənizi Şuşa yaylağı.
Açar Xarıbülbül, tər bənövşəsi
Gülüstan qucağı, ecazkar Şuşa.
Əlçatmaz sıldırım qaya zirvəsi
Dibi görünməz uçurum dərəsi
Çöllərə haray salar çayın səsi
Təbiətin möcüzə, əfsanəsi
Tükənməyən səxavəti, töhfəsi
Məsum gözəllik səltənəti Şuşa.
Cənnətə bənzəyir aranı, dağı
Tilsimləyər aləmi, hər görəni.
Sehir Cıdır düzü, İsa bulağı,
Şəlalələr ağ duvaqlı gəlini
Gözüyaşlı kövrək bulud karvanı
Çən, çiskin, duman yorğanı Şuşanın.
Əbədiyyət beşiyi Odlar Yurdu
Dədə Qorqud eli, Zərdüşt vətəni.
Cavanşir, Babək, qoç Koroğludur
Bu dağlarda diz çökdürən düşməni
Şahid hər mamırlı qayaları
Atların ayaq izi düşən nalı.
Xan Arazı dolaşır yaxasında
Qaçaq Nəbi, Həcərin ayaq izi.
Bu qədim torpağın hər obasında,
Müqəddəs xalq qəhrəmanı türbəsi.
İgid oğulların Vətən uğrunda
Döyüş öz möhürlü alın yazısı.
Qoca Qafqazın vüqar, əzəməti,
Ən gözəl ölkəsi Odlar diyarı.
Mehriban Bakı, göy gözlü Xəzəri,
Zümrüd gözlü mələyi, yox bənzəri
Ana təbiətin min bir hikməti
Vətənin incisi Şuşa şəhəri.
Rəşadətli Ordumun sərkərdəsi
Təşəkkür cənab Ali Baş Komandan.
Sevinsin bəşəriyyət, Türk dünyası
Azaddır işğaldan, bizimdir Şuşa.
Gözlərin aydın olsun Azərbaycan,
Ən böyük qələbə, hünərdir Şuşa.
Dünyanın özündə özü bir dünya
Mədəniyyət paytaxtının mərkəzi.
Böyük zəfər yolu inam sabaha
Hünər dastanı, qalibiyyət rəmzi
Müzəffər ölkənin zəfər müjdəsi
Qayalar üstündə qartaldı Şuşa.
Ulu babaların yurd-yuvası
Göz açdığı ilk beşik, son mənzili
Hər şair könlünün ilham dünyası
Ruhudur hər şeiri, hər qəzəli
Musiqi beşiyi, muğamın sehri
Şuşa əsrarəngiz nağıllar kimi.
Yenidən qurulub bərpa olundu,
Qədim Şuşa, Gövhər Ağa məscidi
Zəfərin sevinc notları, simvolu
Natəvan ruhlu, Cavanşir hünərli
Bu torpağa Vətən deyən hər kəsin
Doğma el obası, yuvası Şuşa.
Əsirlikdən azadlığa qovuşdu
Tarixdən səkkiz mayı silib Şuşa.
Otuz illik həsrətinə son qoydu
Azan səsindən sehirləndi dünya
Gündən-gündən dirçəldi, gözəlləşdi
Hər günü bir əsrə bərabər Şuşa.
İki yüz yetmiş yaşlə qədim Şuşa
Heyrətamiz aləmin şah zirvəsi.
Baxıb fəxrlə yüksələn bayrağına
Qanadlansın qoy sülh göyərçinləri
Pıçıldasın hər şəhid məzarına
Qələbə müjdəli zəfər xəbəri.
* Azərbaycan Yazıçılar Birliyinin üzvü

