DergiZan

Yazı ve Sanat Ülkesi

Gözümü Qanla Ovuram / Terane Eliyeva

Məni məndə əsir tutan
Nəsə gəlmir ki ağlıma.
Nəsə yazmaq istəyirəm,
Kəsəsi, gəlmir ağlıma.

Oyanıb yuxu görürəm,
Diksindirir səs gecəni.
Atıb dalıma qaçıram
Yanvar adlı dərs gecəni..

Əlimdə bir cüt qərənfil,
Qapının zəngin vururam.
Qırmızı gün doğub gecə,
Gözümü qanla ovuram..

Baxıram ki, göy üzündən
Ağ ələnir ələk-ələk.
Bir körpə uşaq ağlımda
İməkləyir bələk-bələk.

Ağ paltarlı gəlinin də
Yuxusunu qatıb Tanrım.
Onun əllərindən tutub
Yarına aparıb Tanrım…

Bir azca o tərəfdəsə
Qan ağzında qan görürəm.
Donub daşa dönənlərdə
Özümdən bir an görürəm…

Soyuq addımlı gecədə
İsidir qarlı qış məni.
Bir mübarək yol üstündə
Bağrına basır daş məni.

Mələklərin görüş günü
Qanadını açıb gəlir.
Otuz illik yorğunluqdan
Üzlərə nur saçıb gəlir….

Qovub qatır qabağına
Güllə səsin azan səsi..
Dualarım uçur göyə,
Rahatlanır hürr nəfəsim…

Azadlığın anasına
Müjdə verin balasını…
Səndən doğulan iğidlər
Aldı sənin qisasını.

Əlimdə bir cüt qərənfil,
Qapının zəngin vururam.
Qırmızı gün doğub gecə,
Gözümü qanla ovuram..

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 18 eseri bulunmaktadır.