Vüsalı / Ruhiyya MirAli
Açılan sabahlarda ümidləri boğulur
Ömrünün,
Hər günün ardınca qaçıb yetməyən,
Sevdiyi nə vardısa, yox olub unudulur.
Gözlədiyi diləyi dualara sarılı,
Son dayaq qollarında canını tapşırırdı.
Qurduğu xəyalları məsrur anları ilə,
Məzar daşına dönüb səssiz vidalaşırdı.
Yuxu deyil oyansın,
Qüdrəti yox özünə yeni bir yazı yazsın.
Hürr ruhu məhkum,
Talehsə söyləyirdi, “Deyin ona barışsın”.
Susurdu güvəndiyi, Kamalını sevdiyi,
Sirr verib ətəyində ibadətlər etdiyi
Susurdu göyün üzü, susur, danışmir kimsə.
Bütlərə səsləndi – “Hari Şiva” nəğməsilə,
Ravvinin xütbəsində arayırdı bir dayaq,
Rahib duasıyla yandırdı məbəddə çıraq.
Umurdu möhtac ruhuna məlhəm bir sədəqə
Ayələrə sığındı Allaha səcdəsində.
Bir günah axtarırdı sonda bağışlanmağa.
Etmədiyi təqsiri, alıb boynundan asıb,
Tövbə,
and edib yaşamağa.
Şikayətlər etmədi sədaqətin qəmindən
Sadiqləri vidasız addımlayır üstündən.
Bilirdi hönkürəcək tənha, üzü özünə,
Bilirdi ölüm anı dünyanı sevdirəcək.
Pünhan dünyası rəvayətə, nağıla döndü,
Yalanlara, gerçəklərə də kimlər üçünsə.
Dinləyib oxuduğu ən müqəddəs nağıllar, həqiqətdən yazılmış göy üzünün ərşinə:
- “Bədirlənmiş Ayın torpaq hicranı,
qaranlıq dünyanı işıqlandırmış.
Oxumaq istədim hekayəsini,
Yazılmışdı:
Bir sevginin yarı qalmış vüsalı.”