Dört Şiir / Saday Şəkərli

1. Şiir

Asıldım dar ağacından,
fikrim sarı yarpaqdadı,
nə başım göylərə çatır,
nə ayağım torpaqdadı.

Gileyim yardandı mənim,
qismətim hardandı mənim,
yorğanım qardandı mənim,
döşəyim quru taxtadı.

Bu nə zülüm, bu nə zillət,
qürbət acı, vətən zülmət,
dərdindən öldüyüm millət,
yatıb, isti yataqdadı.

Təzə çəpərdi dörd yanım,
gül seyrində yaradanım,
dindirmə, qaradı qanım,
bəlkə də laxta-laxtadı.

Gözlərim boyda çuxuram,
çəkib yolları, sıxıram,
bağışla, səndən çıxıram,
səndə soyuqdu, şaxtadı…

 

2.Şiir

Görəsən, əhvalımı, bu
gözləri nəm bilir, bilmir?
Baxdıqca çoxalıb artan,
bircədənəm bilir, bilmir?

Yeriməyə yer tap, yeri,
qoy göynəsin sinəm yeri,
sözün qurtardığı yeri,
bir cəhənnəm bilir, bilmir?

Oda düşüb göynüyənlər,
hər saatı teyliyənlər,
qəmimi dərd eyliyənlər,
dərdimi qəm bilir, bilmir?

Qurd yurd salıb, yuvalanıb,
quzu köçdən qovalanıb,
bəni-Adəm havalanıb,
məni Adəm bilir, bilmir?

Yaydım Saday olduğumu,
tanrıdan pay olduğumu,
eldə rüsvay olduğumu,
külli-aləm bilir, bilmir?

 

3. Şiir

Ayırdı bir canı cəllad əlləri,
yurdumun Təbrizi, Dərbəndi, getdi,
tüpürüb dabana oğuz elləri,
yerindən at kimi tərpəndi, getdi.

Oldu yastığımız dərdlər, ələmlər,
uca sandığımız endi dağından,
üstündən xətt çəkdi qara qələmlər,
min ağlar göz baxdı Qarabağımdan.

Doğrayıb böldülər, ya da payladı,
yaralı könlümün hər qitəsini,
qana boyadılar qurban ayları,
bu yurdun müqəddəs xəritəsini.

Əyilə-əyilə gizlənib haqdan,
əlacı gözlərin yaşında gördüm,
o qeyrət misalı dəri papaqdan,
dünən rus arvadın başında gördüm.

Susdumu ərənlər, hanı haqq-hesab,
ölüb yerə girdim xəcalətimdən,
elə bil, kətilin üstündə qəssab,
ayırdı bir tikə qoyun ətindən…

 

4.Şiir 

 

Qalıb dünyanı da bulandırmışam,
cavandım, bir zaman kürdüm, ey vətən,
bir ocaq başında yandırıbdı şam,
avarım, talışım, kürdüm ey vətən.

Kim səni ayırıb, paralayıbdı,
ox atıb, arxadan yaralayıbdı,
kim sənin şəklini qaralayıbdı,
kim basıb bağrına, gördüm, ey vətən!

Ömürdən bir cığır, iz qalan kimi,
öpdüm divarları öz qalam kimi,
darayıb saçını qız balam kimi,
yayıb kürəyində hördüm, ey vətən.

O küsmüş ellərdən yolumu saldım,
bir anda yüz deyil, min il qocaldım,
xaraba yurdların iyini aldım,
uladım, ey vətən, hürdüm ey vətən.

Hər günüm nalədi, hüzn, oxşama,
səhərin göz yaşı çatmır axşama,
qara daşlarını öpüb-oxşayan,
bulanıq Arazdım, Kürdüm, ey vətən.

Yer yox xısın-xısın ağlamaq üçün,
bir ürək gəzdirdim dağlamaq üçün,
səni gözüm üstdə saxlamaq üçün,
hər kəs yer altına girdim, ey vətən!

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir