DergiZan

Yazı ve Sanat Ülkesi

Beş Şiir / Osman Fermanoğlu

Yoldan Azanı

Dərviş könül,yoldu tutub gedirsən,
Nə çox imiş yolun yoldan azanı.
Hər azmışı özünə yük edirsən,–
Ayrı yöndə qaynadırlar qazanı…

Dörd tərəfə düşən sular tərs axır,
Yiyəsinə tən gələndi bu axır…
Yola işıq salanına kəc baxır,–
Dildə tutur quyusunu qazanı.

Adlamağa yer yox,hər yan çilləkən,
Can özü də çilləkəndə lil çəkən…
Ciddi-cəhdlə olanlara qol çəkən
Topa tutur yazısını yazanı…

Hey qaşıyır qaysaq tutmaz yaramı,
Yol üstündə ov gözləyən haramı…
Ha gizləyə, üstə çıxır haramı,—
Ödəyən yox bir ömürlük qəzanı.

Osman, gəzmə, yiyəsizə nə yiyə,
Maldı-vardı, kim qazana, kim yeyə.
Təsəlliyə, gələ, barı söz deyə,—
Uçqunlardan yüz illərin Ozanı.

28 fevral 2018

Oxuyur

Paşam, gecə bələyində boğulur,
Kimsə yanır, qərib-qərib oxuyur.
Sənan kimi özgə dində doğulur,
Öz dinindən üz döndərib oxuyur.

Səs ələnir, gəlir torpaq qoxusu,
Çox gözlərin ərşə çıxır yuxusu.
Oxuya bax, tər Qarabağ oxusu,
Pirquluda nəfəs dərib oxuyur.

Bu çınqıya çətin dözə Pir adam,
Göy mələkli,şeytanladı Yer, adam.
İçin-için göynəyərək bir adam
Dərdlərindən süfrə sərib oxuyur.

Gecə üstən nəm döşürür Bəklə nəm,
Gəlib çıxmır vədə verən, bəklənən…
Bu gecənin köynəyində təklənən–
Təkliyinə könül verib oxuyur…

Osman, çatmır daş ürəyə bu haray,
Bulud-bulud yaşmaqlanır dolan Ay.
Qismətinə bu gecədən düşən pay:–
Şahsənəmsiz Aşıq Qərib oxuyur.

3 fevral 2018.

Verirəm

Paşam, gün-gün aldadaraq,
Ömürdü, yola verirəm.
Gecələrin yuxusunu
Sorğu- suala verİrəm.
Qoşa əlim daş daşıyır,
Qabarında daş yaşayır.
Hərdən boş-boş baş qaşıyır,
Sağı da sola verirəm.
Bitməyən yoldu; bir həvəs,
Könlümə quldu bir nəfəs…
Olanım qoldu, bir qəfəs,
Boynuna dola, verirəm.
Duran yox dilinə yiyə,
Odla getməzlər körüyə.
Çaşanda düzü əyriyə,
Dəymişi kala verirəm.
Osmanı çoxları danır,
Yoxdu sözünü duyanı…
Əli açığam cahanı
Bir qara xala verirəm.

27 fevral 2018.

Keçirəm

Paşam, hər şey gözlərimdə ikili,
Zəmisindən, kövşənindən keçirəm.
Sirr bildiyim pərdə-pərdə sökülür,
Qalxanından, düşənindən keçirəm.

Ayaq altda torpaqlarım ovulur,
Səhra- səhra küləklərdə sovrulur.
Bərələrdə ov gəzərkən ov olur,–
Ağrıların qənşərindən keçirəm.

Qulağımı girinc edir bu səda,–
Yavaş-yavaş boğulmada bu ada.
Əlim çatmır tapındığım bir ada,
Fağırından, təşərindən keçirəm.

Yetişirəm dərvişlərin köşkünə,
Zərrə-zərrə çevrilmədə eşq ünə.
Yol başlayır Füzulinin eşqinə;–
Nəsiminin məhşərindən keçirəm.

Osman, nələr anlaşılır səsindən,
Xəbər söylə durnaların dəsindən.
Adlayaraq əməllərin nəhsindən,
Ömrə-günə düşərindən keçirəm.

6 mart 2018.

 

Səni Sevməyən Ölsün

Sevgi boyuna biçilər,
Qız,səni sevməyən ölsün.
Sənə yürüyər küçələr
Düz, səni sevməyən ölsün.

Alaraq şirin uyqudan,
Eşqdi qönçəni oyadan.
Alışır abır- həyadan
Üz, səni sevməyən ölsün.

Gül-çiçəklər saçaq-saçaq,
Ömrünə açırlar qucaq…
Tutuşanda gülər ocaq
Köz, səni sevməyən ölsün.

Girdin sonalar gölünə,
Şəkərlər bələ dilinə…
Kədər salmasın könlünə
İz, səni sevməyən ölsün.

Osmanı alaraq xəyal
Dolandırar mahal-mahal.
Dilimdə dönər olar bal,
Söz,səni sevməyən ölsün,
Qız, səni sevməyən ölsün.

7 mart

 

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 41 eseri bulunmaktadır.

Yazarın diğer yazıları