DergiZan

Yazı ve Sanat Ülkesi

On Şiir / Sevil Gül Nur

İSTI ŞEIR

Nə uzun gediş oldu?
Dolan səbrin daşmadı?
Gözlərimi incitdin,
Heç sənə yaraşmadı.

Sən ki qıymazdın mənim
Gözlərimə yaş dola.
İndi nəmli gözlərim
Yağır getdiyin yola.

Sığalının dadını
Unutmayıb tellərim.
Öz qoynumda üşüyür
Sən öpdüyün əllərim.

Sən yoxsan, heç duyulmur
Gəlişi də bu yazın.
Güldanda gülün solub,
Çiynimdəsə əl izin.

Səni xəbər almaqdan
Bezdirmişəm hər kəsi.
Dodağımda titrəyir
“Qayıt, dön, gəl” kəlməsi.

Nəfəsin yanağımı
İsidən bahar yeli,
Qayıt gəl ki, isinsin
Saçlarımın hər teli.

Gəl, yorğun baxışımdan
Acı həsrəti götür.
Gözləmə, ömrüm-günüm,
Vaxt keçir, ömür bitir.

Nə bu ömrü bada ver,
Nə eşqi hədər elə,
Mən olduğum yerdəyəm,
Sən gəlsən, xəbər elə.

Yoluna eşqətirli
Misraları düzüm, gəl.
Zəng elə, qapıdayam,
İsti şeir süzüm, gəl.

TITRƏYƏN ÖPÜŞ

Məndən sonra pozular günlərinin düzümü,
Sabahların sükutla, gecələrin lal keçər.
Ruhun eşq libasını soyunar öz əynindən,
Ayrılıq ürəyinə özün boyda qəm biçər.

Məndən sonra düzülər misralar da yan-yana,
Yüz şeir də yazılsa, ödəməz bir ağrını.
Köksün üstə alışan o köz səni yandırar,
Dodağında titrəyən öpüş didər bağrını.

Məndən sonra yozular yuxuların tərsinə –
O mənli röyaların bircəciyi düz olmaz.
Məni unutmaq üçün sayarsan günü, ayı,
Məni unutmaq isə bir ömürdən tez olmaz.

AKSIOM

Yığıb ağrılarımı ürəyimin çiyninə
Daşıyıram özümlə,
Günahların iziylə sabaha çatmaq olmur.
Sevgi adlanan yolun dönüşü yoxdur,ömrüm,
Geri qayıtmaq olmur.
Boğazımda ilişib qalan düyün kimisən,
Səni nə udmaq olmur, səni nə atmaq olmur.
Elə bir ağrısan ki, vallah, ovutmaq olmur…
Səni unutmaq olmur…

Bilmirəm, gündə neçə məktub yazıb-silmişəm,
Sayını unutmuşam,
Ömrümü qayçılayan illərin həftəsini,
Ayını unutmuşam,
Gözümdə mövsümlər də dəyişib öz rəngini,
Fəsillərin qışını, yayını unutmuşam…
Səni unutmaq olmur…

Elə ki şeirlərin ruhumu sığallayır,
Yanına uçmaq üçün ruhum həvəsə düşür.
Meh saçımı darayır, yarpaqlar pıçıldayır – qulağım səsə düşür,
Xatirələr yolunu mənim yadımdan salır,
Sənə gedən yolları yenə də kəsə düşür.
Yanımda məhəbbətdən kimsə şeir söyləyir,
Kimsə mahnı oxuyur,
Yadıma nəsə düşür…
Səni unutmaq olmur…

Səndən sonra bütün gün elə qəhər içirəm,
Çörək yadımdan çıxıb,
Yemək yadımdan çıxıb.
İtirmişəm fərqini gecə ilə gündüzün,
Səhər “Sabahın xeyir”,
Gecəsə “Yuxun şirin” demək yadımdan çıxıb.
Varlığımı bürüyüb “Sən” adlı bir təlatüm,
Ruhum sənə yoluxub, sən olmuşam büsbütün.
Yaddaşım zəif deyil,
Sənlə bağlı hər nə var,
Hər nə var, yadımdadır,
Bircə səni unutmaq, demək, yadımdan çıxıb,
Səni unutmaq olmur…

Səni unudacam e, dilimdən söz almısan,
Amma bir az tələsib, bir azca tez almısan.
Mən sevgi məktəbinin hələ ilk sinfindəyəm,
Hələ həsrət bilmirəm, ayrılıq tanımıram.
Sən ayrılıq dərsinin unutmaq mövzusundan
Həmişə “yüz” almısan!
Afərin sənə, vallah!
Qurban olum, sən allah,
Öyrət, mənə də öyrət yolunu unutmağın.
Axı unutmaq olmur,
Sən necə bacarmısan?

QURBANLIQ ŞEIR

Aramızda məsafələr uzandı,
Tutunacaq ümidə yer qalmadı.
Üşümək var axırında iyunun,
“Darıxmaq”dır bu ağrının tək adı.

Ayrılığın vurduğu dərd çəkilməz,
Ruhumdakı yaraların sayı yox.
Söz vermişdik xoş günləri saymağa,
İndi acı günümüzü sayırıq.

Həsrətinə dözmək olmur gecələr,
Xatirələr ürəyimə dağ çəkir.
Təbiət də yoxluğunu hiss edib,
Yayın günü gözlərindən yaş tökür.

Barmaqlarım istiliyə tamarzı
Əllərimi o sahildə sıxalı.
Saçlarımın yaddaşına ilişib
Nəfəsinin od-alovlu sığalı.

Sən gedəli söz inciyib dilimdən,
Unutmuşam şeirdəki yerimi.
Gəlişini neçə misra gözləyir,
Gəl, yoluna qurban kəsim şeirimi.

UZAQLIQ

Bu ayrılıq parçaladı köksümü,
Qopub düşdü ürəyimin tək simi.
Baxışların tez soyundu əksimi,
Daha sənə görünürəm yad kimi…

Şeirlərin keçmədi ki əynimə,
İndi bu sərt soyuqlarda neynim, hə?
Nəfəsindən köz düşmədi çiynimə,
Bürümədi vücudumu od kimi…

Bilməzdim ki, doğma dönər yad olar,
Gedişinin başqa necə adı var?
Saçlarımda əllərinin dadı var,
Dad görmədim ondan şirin dad kimi…

DODAQLARIN YADDAŞI

Bu həsrətin atəşi heç səngimir,
Hicran dolu od-alovdur yan-yörəm.
Mən gündüzlər adlayıram siratı,
Gecələrsə cəhənnəmdə yanıram.

Əllərimi soyuq kəsir bu bahar,
Saçlarımı yaz küləyi dağıdır.
Buludlarda baxışlarım əriyir,
Gözlərimin alovunu dağ udur.

Dodaqlarım həzm eləmir bu dərdi,
Sən gedəli tökür qanlı göz yaşı.
Yadındadır, demişdim ki, unutmur,
Güclü olur dodaqların yaddaşı.

Hey adını pıçıldayır gizlicə,
Qürurum da yoxluğuna yenilir.
Çeynənməkdən gömgöy olub dərisi –
Bütün hirsim dodaqlara yönəlir.

Bu eşq qaya, ayrılıqsa xəfif yel,
Nə apara bilər ki, yel qayadan?
Nəfəsimi kəsir acı yoxluğun,
Sənsizliklə boğma məni, ay adam…

AYRILIQ VAXTI

Demişdim ki, bircə dəfə sevir ruh,
Demişdim ki, dərin olur sevgisi.
Bilirdin ki, ruhum sənə bağlıdır,
Sənin qədər sevməmişəm heç kəsi.

Böyük eşqim dar qəlbinə sığmadı,
Cılız hisslər yağmaladı ruhunu.
Baxışların ünvanını dəyişdi,
Kirləndirdin belə təmiz duyğunu.

Dodaqların yalanlardan biçdi don,
Neçə kirli günah geydin dilinə.
Sevgi dolu ovucların boşaldı,
Xəyanəti yığdın iki əlinə.

Ağır oldu budəfəki günahın,
Bir tövbəylə yuyulası iş deyil.
Boşa verdin eşqin vüsal vədəsin,
İndi zaman ayrılığa işləyir.

Göz yaşımla atdım səni gözümdən,
Bir az da sən ağrı-acı çək indi.
Qoy qanasın vicdanının yarası,
Bəlkə ruhun günahlardan çəkindi…

DAŞ ÖMÜR

Ayrılıq adlı düşmənlə
Vuruşur adam, vuruşur.
Gedənə – yol, qalana – qəm,
Barışır adam, barışır…

Dərdi qəlbdən yan atmağa,
Xoşbəxtliyə can atmağa,
Gedəni də unutmağa
Çalışır adam, çalışır…

Qulağında donur səsi,
Boynunda yanır nəfəsi.
Hamıdan o doğma kəsi
Soruşur adam, soruşur…

Yol çıxır sərt döngələrə,
Ümid qalır “bəlkə”lərə…
Bir ovucluq kölgələrə
Qarışır adam, qarışır…

Gündən-günə daş olmağa,
Bu daş ömrü daşımağa,
Ağrılarla yaşamağa
Alışır adam, alışır…

SOL AĞRI

Geyinmişəm əynimə
Ayrılığın biçdiyi
Dərdlərin ən yekəsin.
Yolların bağrın yaran
Səfil kimi gəzirəm
Bu milyonlar ölkəsin.

İndi mənim ruhumu
Oxşamır o şeirlər,
Oxşamır o nəğmələr.
İndi mənə dağ çəkir
Ruhuma göndərdiyin
Eşq ətirli kəlmələr.

O xoş günlər vardı ha,
Hamısı bircə-bircə
Silinib yaddaşımdan.
İndi də qucaq-qucaq
Kədər yağır içimdən,
Qəm tökülür başımdan.

Bu yarımcan ürəyə
Ağırlıq eyləyirsən,
Birdəfəlik yığış, get.
Sol tərəfim yıxılıb,
Sol yanım viran qalıb,
O yandadır çıxış, get.

Gedəndə elə get ki,
Gedişini görməyim,
Addımın səs salmasın.
Ağlını da götür, get,
Apar onu özünlə,
Ağlın məndə qalmasın.

UNUTMAQ CƏHDI

Məndən nigaran olma,
Birtəhər yaşayıram.
Dağ boyda bir ağrını
Ruhumda daşıyıram.

Sən ki mənə bələdsən,
Tükənən deyil gücüm.
Məndən böyük olsa da,
Çiynimi əymir yüküm.

Daha gözüm asılmır
Telefon ekranından.
Cana ziyandır deyə
Ayırmışam yanımdan.

Günü ötürmək üçün
İş-güclə baş qatıram.
Səhərlər gec oyanır,
Axşamlar tez yatıram.

Beləcə, keçinirəm
Günləri saya-saya.
Verdiyin qəhəri də
İçirəm doya-doya.

Fincanda çay soyuyur,
Boşqabda donur yemək.
Səni unutmaq üçün
Hələ verirəm əmək.

Hələ səy göstərirəm
Yaddan çıxasan deyə.
Unuda bilmirəm ki…
And olsun yerə, göyə…

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 8 eseri bulunmaktadır.

Yazarın diğer yazıları