Sevgi Kitabım / Leyla Metin
Əzəldən bəxtimiz belə gətirdi
Sevgi atlı oldu biz də piyada
Çox çətin yol idi yürüdüyümüz
O qədər sevərkən çevrildik yada.
İndi o gözlərin baxmır eşq dolu
Səninçün bəlkə də uşaqlıq idi
Sevirəm dediyin ümid verdiyin
Demədin bir insan arzularıdı.
Olmadı sevgimin səndən sonrası
Gəlmədi ömrümə daha bir bahar
Çiçəklər ətrini apardı sənlə
Mən sənli yaşadım sənsiz bir təhər
Nə olsun dəniz də yerində idi
Nə olsun günəş də saçırdı yenə
Səninlə qapandı sevgi kitabım
Heç doğma olmadı bir insan mənə.
Bu sevgi bənzəməz başqa bir eşqə
Unudulmaz oldun əvəzsiz oldun.
Ürəkdən sevdiyim, hər an sən mənim
Ruhumda uyuyub əbədi qaldın.