DergiZan

Yazı ve Sanat Ülkesi

Sekiz Şiir / Şehnaz Şahin

1

Hələ bu dünya sənindi
Mışıl-mışıl yatan uşaq.
Nazını od qiymətinə
Gözün yumub satan uşaq.

Fırlayıb atdın oxunu
Aldın əlimdən yuxumu
Ağzında kədər salxımı
Nə yatmısan,oyan,uşaq..

Qəm yenə miyanə gəlir
Düşüvdü ziyanə gəlir..
Hayandan hayanə gəlir
İçimizdə batan uşaq…

2

Yazıb tulladım suya

Bütün arzularımı.
Bir az torpaq, bir az od
Tütün arzularımı..

Önündə diz çökərək,
Dalınca ah çəkərək,
Eylədim göyə dirək
Sütun, arzularımı..

Çəkdim onu ah kimi,
Son günah kimi yudum.
Sonra da sərib günə
Yarpaq-yarpaq qurutdum
Yetim arzularımı…

3

Burda küləkdi
Orda qar yağır.
Sürüşür dağlar
Bu qürub çağı.

Biçilmiş zəmi
Atılmış sevda.
Qurumuş ot var
Gör neçə adda..

İndi buludlar
Quş kimidilər.
Kağız gəmilər
Daş kimidilər.

Huşumdu daha
Cismimə yedək
Gedək, Şahinim,
Dur yığış gedək…

4

Daha yaxma əlinə,
Xına o xına deyil.
Nə sevgilər həmindi,
Nə sevənlər o deyil..

Al dərdini çiyninə,
Yola düşsün şəklimiz.
Cızılsın axsın qanı
Kola düşsün şəklimiz..

Burda küləklər əsir,
Dağlardan yol sürüşür..
Hərdən sınır dalğalar
Dərdli-dərdli gəzişir..

İndi bir az da tənha,
Uzaqdı xatirələr.
Ver əlini, ver mənə
Üzüldü xatirələr!…

5

Günəşin arxası sənədi,
isunməz canın..
Nahaq ümidlənirsən,
olmur mərhəməti ayrılıqların..

Sürünüb çıxacaq kölgən də səndən,
Ruhunda şırımlar açıb gedəcək.
Bu yaz qaranquşlar göylərdə azıb,
Başqa ünvanlara uçub gedəcək.

Hər gün bir intihar xəbəri gəlir ,
Dağılır hardasa bir ocaq hər gün..
Hardasa dilindən yersiz söz çıxır,
Soyuq etiraflar çoxalır hər gün..

Mən də unudulmuş,atılmış biri,
Gəl otur yanımda,bir az dərdləşək.
Vay ondan sevməyə kimsə olmaya,
Vay ondan mərhəmət hissin kütləşə!!…

6

…mən elektrik dirəyiyəm…

sinirlərim məftil….
yuksək gərginlik mənim ucun hec nedi…
mənden asilib “El vurma oldurər!” lovhesi…
…yanimdan qorxa-qorxa kecib gedir adamlar…
eh…can yaman şirin şeydi!…..
…qalaq-qalaq aqrıları otürürəm …
cekirəm başıma xatirələri…
uduram qəhər-qəhər
təzə kəşf etdiyim planeti….
…bu gun bitir ayriliqlar.!..
sabaha
vusal da yoxdu…
…bilirsən..?..

7

Səndən heç nə gözləmirəm,
Ömrü-günü pərişan.
İki sevda arasında
A taleyi qırışan!..

Dağ bildim duman kölgəni.
Sularda sınan kölgəni.
Götür get yamaq kölgəni,
Əllərimə dolaşır.

Apar qayadan at məni,
Lap heç neçəyə sat məni.
Ta eyləmə umud məni,
Xəyal təki sayrışan…

8

Yazdım fikrimdə.. eləcə
Sonra itirdim bu şeiri.
Bir rahat yer tapılmadı
Dağda bitirdim bu şeiri.

Baxdım hoyuna, suyuna
Baxdlm oxuna, yayına..
Çıxardıb söz bazarına
Yoxsa satardım bu şeiri..

Siratdı, keçə bilmirəm
Gündüzmü.. gecə.. bilmirəm
Uzaqdı seçə bilmirəm
Doğma bilirdim bu şeiri.

Əlində çiçəyi solur
Gözləyir, bəbəyi solur
Eh nə olur mənə olur
Nahaq qınadım bu şeiri…

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 1 eseri bulunmaktadır.