DergiZan

Yazı ve Sanat Ülkesi

Bir Demet Şiir / Xeyale Sevil

Bu Gün Bütün Günü…

Bu gün bütün günü
Səni gözlədim!
Göyün o yeddinci
Qatından düşdüm,
Arzumun bəmbəyaz
Atından düşdüm,
Bu gün bütün günü
Səni gözlədim!
Söz verdim, söz aldım
Özümdən sonra,
Eşq verdim, qız aldım
Özümdən sonra,
Belə qohum oldum,
Özümlə sonra…
Üzümü çevirib
Özümə baxdım.
Əvvəl
Çırpdım yanağıma
Yaş qamçısını.
Sonra qıfılladım
Yaş damcısını.
Gördüm bu gəlişlə
Və bu gedişlə
Bizdən yol ola bilməz.
Ürəyin də canı var,
Bəyəm yorula bilməz?
Yoruldum, bu dəfə
Tamam yoruldum.
Sən mənimçün göy olmuşdun,
Mən sənincün yer oldum.
Qapım, pəncərəm açıq…
Sən məni qarət etdin,
Məndə heç nə qalmadı.
Demişdim mi gücün çatmaz,
Demişdim mi bitəcək?
Mən deyən oldu, olmadı?

*

Göz Yaşı Düşür

Ağlamaq da adətdəndi,
Hər sona göz yaşı düşür.
Xatirəmi əziz saxla,
Ver, ona göz yaşı düşür.
Gün çəkim gündüzlərinə…
Mən yoxam, mənim yerimə
Əllərini dizlərinə
Sər, ona göz yaşı düşür.
Üzü axşama küləyəm,
Buzam, soyuğam, beləyəm.
Mən sənsiz də sən iləyəm,
Bir ona göz yaşı düşür

*

Həkim də Səni Yazdı

Həkim də səni yazdı:
“Səhər yeməkdən əvvəl,
Axşam şər qarışanda”
Fərəhim dağ başında,
Ürək uşaq yaşında,
Mən sənə yaraşanda…
Oyundu dəə, gəl oynayaq,
Könüllü uduzaram.
Əlini qoy sinəm üstə
Qoy görünməsin yaram.
Bir addım da yaxın dayan,
Hər addımda sev məni.
Çağır, elə yanındayam
Yuva məni, ev məni.
Həkim də səni yazdı:
“Səhər yeməkdən əvvəl,
Axşam şər qarışanda”
Yuxalıram, sağalıram
Sən işə hər qarışanda.

*

Öümün Nübar Vaxtıdı

Bu uzun gecənin qaranlığında
Canıma vəlvələ düşüb.
Bir kəndir özünü asıb tavandan,
Məndən əvvələ düşüb.
Gecədən bir az keçir,
Saat səhərə yaxın.
Nə intihar vaxtıdı…
Ruhum üzü göylərədi,
Ölümün nübar vaxtıdı.
Yoxdu burdan o tərəfi,
Nə günəş, nə də ki, ay olasıdı.
Bir cüt qərənfilə dönüb əllərim
Sinəmin üstünə qoyulasıdı.
*

Ürək Yol Yoldaşıdı

Səni içimdən qovub,
Çölümdə saxlamışam.
Gözlərimdən endirib
Dilimdə saxlamışam,
Ovucumun içində,
Əlimdə saxlamışam,
Atım, ya tutum səni?
Ürəyimə yol tapıb
Guya ki, kəsə girdin.
Qəbul, bir az maraqlı,
Bir az baməzə girdin.
Əvvəlini bilmirsen,
Sonuncu dərsə girdin,
Kəsim, ya yazım səni?
Ürək yol yoldaşıdı,
Sözümüz tutsun gərək.
Mənə söz veribdisə,
Səni unutsun gərək.
Gözlərim göz yaşını
Bu dəfə udsun gərək.
Yeyim, qəm payım səni?

*

Xatirə İzdihamı

Yenə qayıtmağa çoxdan niyyətli,
Yenə barışmağa hazır dayandım.
Könlümün xatirə izdihamında
Hər şey sənin haqda yazır, dayandım.
Az getdim, üz getdim… Yolum sənədi,
Bir nağıl yol gəlib çatdım işığa.
Kökü suda idi məhəbbətimin
Ürəyim boy atdı bu yaraşığa.
Nə tez yağıb kəsdi bu yağış, nə tez?
İslanan kirpiyim də yaza düşdü.
Axşam bazarına döndü ürəyim,
Könlümü almağın ucuza düşdü.

*
Ürək Xatirənə Qəm Torbasıdı

Tüstüsü gözümü yaşardır indi,
Özüm qalamışdım bu ocağı da.
Guya ağlım kəsir, guya böyüdüm,
Sındırıb tulladım oyuncağı da.
Nə yoxsan, nə varsan, baş açammadım,
Ümidim nə yoxa, nə vara qaldı.
Elə hey gözlədim, eh… ara yerdə
Gözlərim yollarda avara qaldı.
Ürək xatirənə qəm torbasıdı,
Nahaq yırğaladım bu boş beşiyi…
Sən kimsən? Özüm də bilmirəm daha,
Heç nəyim, heç kimim, yoxsa, hər şeyim?

*

Ürəyim Axşamtərəfi…

Yüyürə-yüyürə getdiyim yolu
Sürünə-sürünə qayıdıramsa,
İlahi, bu kədərə
Nə boyda torpaq düşür?
Duamıydı məni göyə çağıran?
Göyündən yerinə qayıdıramsa,
Əllərimə bax, düşür.
Gözlərim adamla dolu,
Ürəyim axşamtərəfi…
Mənim payız ürəyimdən
Nə yarpaq?… Budaq düşür.

*

Sükut Eylədim

Nə çox söz var deyiləsi…
Dinmədim, sükut eylədim.
Sən məni işğal etmədin.
Mən özüm süqut eylədim.
Sən ki, yalnışdın əlimə…
Necə qovuşdun əlimə?
Səni danışdım əlimə
Beləcə qunut eylədim.
Adın uca səsdən düşdü,
Ah çəkdim, nəfəsdən düşdün.
Ürəyimə qəsdən düşdün,
Sonra da “unut” eylədin…

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 3 eseri bulunmaktadır.

Yazarın diğer yazıları