DergiZan

Yazı ve Sanat Ülkesi

“Bu Mənəm, A Kəndim” / Osman Fərmanoğlu

(Məmməd İsmayıl mənim düşüncələrimdə)

Bu yazını necə başlayacağımı fikirəşirdim ki, qeybdən ovucu qabar-qabar  bir cüt əl uzandı…

O əl dil açıb nələr dedi, dedi, dedi…  Bilmədim o qabarlı əllərə  “ ANA ƏLLƏRİ DEYİM, ATA ƏLLƏRİ DEYİM”…

60-cı illərin sonlarında kəndimizdəki balaca kitabxanaya “inkubator”dan çıxmış kimi əl boyda kitablar gətirmişdilər. Üstündə “Gənc şairin ilk kitabı” yazılan bu kitabları elə bil böyük bir nəhrə buraxmışdılar ;

yaşaya , bilirsənsə, yaşa… əlimə keçən kitablardan biri  Məmməd İsmayılın “ANA ƏLLƏRİ” kitabı idi…boz üzlü, cib dəftəri boyda. Orada Davud Nəsibin(Tanrı rəhmət eləsin), Musa Yaqubun, hətta sonralar alim olanların da kitabarı vardı. Mənim Məmməd İsmayıl aləmi ilə tanışlığım belə başladı.Bu ana sevdalı şairin şeirləri yavaş-yavaş iliyimə, qanıma hopdu.

O illərin ədəbi mühitində bir qaynarlıq vardı, müzakirələr daha geninə-boluna keçirilirdi. Səhv etmirəmsə, belə müzakirələrdən birincisi, Məmməd İsmayıla, Musa Yaquba və Davud Nəsibə həsr edilmişdi.Məmmədin “Analı şeirləri”, Davudun “Ata həsrətli”, ömrü təbiətlə qoşa çəkilən Musanın təbiəti canına çəkmiş şeirləri… “Ulduz” yurnalında keçirilən müzakirələrdə kimlər iştirak etmirdi… dəyərli fikirlərlə yanaşı, qərəzli sayılacaq rəylər də olurdu və deyilənə görə,Musa Yaqubun bu misraları elələrindən birinə ünvanlanmışdı:

Torpağı duymazsan sən mənim kimi,

Başqadır ruhumuz danışma hədər.

Isti otaqlarda səməni kimi

Məni nəlbəkidə göyərtməyiblər…

Məmmədin “analı şeirlərində” “ayaqlarının altındakı cənnəti”, oğluna qurban verən bir ana tənginəfəs Əsrikdən Tovuza yüyürürdü, qəzet redaksiyasına gedən,evdə qoyduğu şeir dəftərini oğluna çatdırmaq üçün… başaq yığırdı oğlunu yedirtmək üçün… on barmağını on şam eləyirdi, gecələr oğlunun oxuması, “adam olması” üçün. Ağır zaman idi, evində başıpapaqlı olanlar uşaqlarını saxlaya bilmirdiər, o ki ola köməksiz ANA… Sonralar Məmməd İsmayıl yazacaq:

Biz dörd nəfər idik,

Təpəl qoyun idi,

Gözəl alma idi,

Anamdı, məndim.

Bu dörd nəfər baş-başa verib illəri adlamağa çalışırdı. Ana uradan nəsə gətirirdi, təpəl qoyun süd verirdi, alma qış azuqəsi yetiridi… Sonra ana oğlunu oxumağa göndərdi.

“19 yaşımda bərk xəstələnmişdim, sağalmağıma ümid çox az imiş. Amma mən kəfəni yırtmışam”,- deyəsən, sonralar belə yazmışdı M. İsmayıl.

XXX

… İllər keçdi, mən Bakıya gəldim və uzaqdan da olsa, şairləri gördüm. Mən Məmməd İsmayılla iki dəfə görüşmüşəm. İkisi də 80-ci ilərdə olub. Onda M. İsmayıl artıq tanınmış şair, N. Ostrovski adına Ümumittifaq və Respublika Lenin komsomolu mükafatları laureatı idi.  1980-ci ilin son aylarından biri idi. Kənddən, təyinat yerindən gəlmişdim. Gözəl şairimiz Zahid Xəlil tələbə yataqxanasında görüş olduğunu söylədi, sən də gəl, -dedi.Elə Zahid müəllimlə bir yerdə getdik. Görüşə gələnlər Məmməd İsmayıl, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Oqtay Rza və biz ikimiz idik. Görüş çox gözəl keçdi… iki nüans daha çox yadımda qalıb. Biri Nüsrət müəllimin Oqtay Rzaya söz verərkən dediyi, gülüş doğuran, “indi də söz geoloqlar içində şair, şairlər içində geoloq Oqtay Rzaya verilir”, sözərinin yumoristik ahəngi, biri də Məmməd İsmayılın şair dostlarına “Mənim qvardiyam”deyə müraciət etməsi idi.

İkinci dəfə isə 1981-ci ildə … Dostlardan biri M. İsmayılın almanax tərtib etdiyini söylədi, “istəyirsən sən də şeir ver”,-dedi. “Yazıçı” nəşriyyatına getdim, Qapını açdım, içəridə çox adam olduğunu görüb geri qayıtdım. Adil Cəmil arxamca çıxıb:

–Qardaş, niyə qayıtdın ,gəl,-dedi.

–Tünlükdü, sonra gələrəm.

–Gəl, özümüzük.

Keçdim, gəlişimin məqsədini söylədim. Məmməd müəllim:

–Gecdi, artıq almanax tərtib edilib,-söylədi…

Mən çıxmaq istəyəndə gözlərimdə hansı ifadəni gördüsə,- bir şeir oxu, xoşuma gəlsə ,al manaxda gedəcək , -dedi.

Ani bir az uzun şeir oxuyum, nə olar, olar , deyə fikirləşdim… Şeiri oxudum, şeiri məndən aldı və “gedəcək”-dedi.

“Azərbaycan” almanaxı bir az gec– 1984-cü ildə çıxdı, mənim şeirimlə çıxdı.

Sonra 1987-ci ildə “Yaşıl budaqlar”da  şeirlərim də M. İsmayılın tərtibi ilə çap olundu.

  1. Ismayıl həm özündən böyüklərə, həm də özündən kiçiklərə qarşı diqqətli və qayğıkeş idi.

Bir dünyayam,

Pozulubdur bu dünyanın

İqtisadi xəritəsi,

Mədəm vardı bir vaxt daşı

əridəsi…—

o kasıbçılıq çökən illərdən gələn səs idimi?!

***

İllər keçdi…

Qar yağdı Əsrikdən Tovuza qədər,

Qar yağdı Məmməddən o qıza qədər…

Şəhərdə yaşayan oğulların qapılarını  Ağacdələnlər döyər, kimsəsiz evlərin sükutunu Ağacdələnlər pozar, kəndindən uzaq düşən şairə

Ağacdələn döy qapımı, döy görüm,

Nələr gəlir başımıza qoy görüm.—dedirdər.

(Bir vaxt bir Yurd şeiri yazmışdım:

“Yurdundan uzaq düşən adam,

Yatar üzü yurduna sarı,

Kirpikləri olar,

Yiyəsiz qoyub gəldiyi evin hasarı…”

Nə isə bu şeiri xatırladım… hamımızın şeirimizdən həsrət xətti keçir.)

1988-ci ildə mən Bakıya köçdüm. Küçələri veyil-veyil ölçür, iş axtarırdım.M. İsmayıın “Gənclik “jurnalı təzə nəşr olunsa da, hamının sevimli jurnalına çevrilmişdi. Dostum Hüseyn Əfəndi yurnalda işləyirdi, o məni Azərbaycan radiosunun Türkiyə üçün verilişlər redaksiyasında işləyən Kamil Məmmədovla tanış elədi. Kamil müıllim təklif etdi ki,radio üçün 6 səhifəlik yazılar yaz, qonorar verək. İlk yazını M. İsmayılın yaradıcıığından yazdım, şeirləri də, şeirlərə bəstələnən mahnılar da veriişə uyğun gəlirdi. Kamil müəllim yazıya baxdı və axşam radioda gedəcək , dedi.Mən Hüseyndən xahiş etdim ki, Məmməd müəllimə verilişin gedəcəyini desin.Özüm utandım deməyə, fikirləşdim, birdən zəif olar…

Məmməd müəllim mənim bir neçə yazımın jurnalda getməsinə şərait yaratdı.

Məmməd İsmayıl meydan hərəkatı dövründə də istər jurnalda, istər yazdığı şeirərdə əsil milli təəssübkeş idi. “kimi seçirsən , xalqım “ ,deyirdi.

1990-cı ildə 20 YANVAR hadisələrindən sonar ilk səsini ucaldanlardan idi.

“Bu qan yerdə qalan deyil”,-deyirdi.

Az TV-də işlədiyi dövrlərdə də dilimizin təmizliyinə, milli kimliyimizə aid yüzlərlə verilişər hazırlandı, Milli şüurun inkişaf etdirilməsi ön plana keçirildi.

***

İllər keçdi…Əsrikdən başlayan yol uzandı, Çanaqqalaya dayandı. Əkrəm Əylisli demiş:  “Əsrik deyəndə adamın yadına əsirlik  düşür”. 20 ildən çoxdu ki, M. İsmayıl Çanaqqala Universitetində professor kimi fəaliyyət göstərir.

2004-cü iI idi. Bir dostum bir qəzet səhifəsi yazı istədi. Dedim:

–M. İsmayıldan yazsam olarmı?

–Yox, dedi, verməzlər.

Kənardan Sərvaz Hüseynoğlu:

–Yaz, mən çap eləyərəm, yeni qəzet çıxarıram,-dedi.

Və çap elədi də.

Bir gün qızım, ata, Sərvaz əmi zəng eləmişdi, dedi, mənə zəng eləsin, –söylədi.

Zəng elədim. Dedi ki, Məmməd müəllim “Ədəbiyyat və incəsənət” redaksiyasına gəlmişdi,sənin yazından danışdım, amma hansı qəzetdə getdiyini yadıma sala bilmədim.Sabah gələcək, hansı qəzet idi?

Qəzetin adını ,nömrəsini dedim.

Sonra söyləyirdi ki, Məmməd müəllim yazını alanda:

–Mən bu adamı tanımıram, yaxşılığım da keçməyib, o qədər yaxşılıq elədiklərim var ki, adımı çəkməyə qorxurlar, -dedi.

Gec də olsa deməliyəm ki, mənə də yaxşılıq eləmisən ustad, deyirəm. Elə indi də eləyirsən. M. İsmayılın bir şeiri var:

Bu mənəm ,a kəndim, tanımadınmı?

Bu həmin Məmməddi bir az sınıxıb,

Bir az sıxıb onu şəhər havası,

Dərdinə dərmandı  dağlar havası…

Sənin qucağında arzuladığım,

Günlərdən qayıdıb gəlmişəm sənə…

İndi təkcə kəndin deyil, səni çox ökələr tanıyır, sevir… özün demişdin:

Bir adam yol gedir bizdən qabaqda,

hələ bir adam da bizdən sonra var.

19 yaşında xəstələnən Məmməd İSmayıl, ikinci doğuluşunun 60 YAŞI MÜBARƏK OLSUN!

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 40 eseri bulunmaktadır.

Yazarın diğer yazıları