Əllərindən / Süleyman Abdulla
Pırpız saçlarında qarışar sığal,
Şəbnəm ətri gələr nəm əllərindən.
Həyat vəfasızdır, ömür-gün cığal,
Çıxar həm canından, həm əllərindən.
Dağlar öz başına sarıyar cuna,
Göydə bulud gülər, şimşək uğunar.
Düşər ayaqların dərd bolluğuna,
Sevinc azıb gedər kəm əllərindən.
Havada asılan nisgildir duman,
Aynımaz kədərdən xoşbəxtlik uman.
Gedəndə qüssədir ardınca cuman,
Gələndə zinhardır qəm əllərindən.
Bu geniş dünyada imkan olur dar.
Uşaq fərəhinin ahıl dərdi var.
Üzü payızadır yarpaq mahnılar,
Xəzəllər tökülər dəm əllərindən.
Sonda hali olmaz kimsə halından,
“Gəl” deyən bir gün də dəyər dalından.
Gözün doymasa da dünya malından,
Toplanar-çıxılar cəm əllərindən.
22.09.2018
Bu şiiri aşağıdaki videodaki bozlak ezgisi ile okumayı tavsiye ederim (giriş bölümündeki ezgi…)