DergiZan

Yazı ve Sanat Ülkesi

Qız Atası / Aynur Rasulova Masimova

O arvadının yenidən hamilə olduğunu eşidən andan Allah’a dua eləmədiyi gün olmamışdı. Gecəni dua ilə yatmış, sabahı dua ilə açmışdı. Hər an, hər saat oğlu olması üçün yalvarmışdı.

Küsmüşdü Tanrısından. Üçüncü də qız olduğunu eşidəndən yalnız gecədən-gecəyə evə gəlmiş, səhər erkəndən bir kimsəyə görünmədən çıxıb getmişdi. Bilirdi, ömür-gün yoldaşı ondan küsüb inciyib. Axı qız doğulması onun təqsiri deyildi. O bunu bilirdi. Amma neyləyəsən ki, qədəriylə barışmaq istəmirdi. Onun oğul atası olmaq sevdası dəryalara qərq olmuş, ümmanda əriyib getmişdi. Kişilərin əksəri kimi, o da oğul balası atəşiylə yanıb qovrulmuşdu. Küçədə oğlunun əlindən tutub yeriyən ataları gördükçə göz yaşlarını içinə axıtmışdı. Onun xislətində paxıllıq yoxdu. Lakin indi qibtə və həsədlə onlara baxırdı. O acı-acı evinin, ocağının yurdçusuz qaldığını düşünür və bu hiss də onun içini dağlayırdı.

Əyyub böyük sexlərin birində sıravi usta işləməklə ailəsini pis-yaxşı dolandırırdı. Bütün çətinliklərə baxmayaraq əli açıq və yardım sevər biri idi. Aylıq gəliri az olsa da, özünü oda-közə vurur, üstünə diləyə gələn bir kimsəni əli boş geri qaytarmırdı.

Fikirli-fikirli işə tələsirdi ki, qarşısına uzaq qohumları çıxdı. Salam verib ötüb-keçmək istəyirdi ki, adam qarşısını kəsib bir dəstə pulu ona uzatdı.

-Bu nədir? -deyə Əyyub müsahibini süzdü. Səsi o qədər zəhimli çıxdı ki, adam duruxdu.

-Mənim sənə olan borcumdur. Hər şeyə görə çox sağ ol. Bağışla ki, imkan edib borcumu vaxtında qaytara bilmədim. Allah sənə özü kömək dursun. Bütün dualarım sənin üçündür. Allah balana da şəfa versin.

Əyyubu sanki cərəyan vurdu. Güclə udqunaraq qarşısındakına baxdı “Bu nə deyir belə. Balana şəfa versin də nə deməkdir. Məni yəqin ki, kiminləsə qarışdırır. Amma yox. Bir öyrənim görək, nə məsələdir. Xəstə kimdir?

Qaşlarının birini adəti üzrə göyə qaldırıb sınayıcı nəzərlərlə kişiyə baxdı:

-Sənə kim dedi?

-Deməyə anam dedi. Amma bunu bilməyən yoxdur ki? Yaxşı. Az fikir elə. İnşallah dərdi verən Allah dərmanını da verər.

Daha qulaqları heç nə duymadı. Qəlbi dəhşətli bir həyəcanla inlədi.

-Sağ ol -deyib sürətlə uzaqlaşdı. Gözləri dolmuşdu. Bu yaşda, otuz dörd illik həyatında bu qədər sarsıldığı heç olmamışdı. Özünü sakit bir yerə verdi. Hönkür-hönkür ağladı. Günah qarışıq bir qəzəb içinə dolub sıxdıqca sıxdı. Özünə mi hirsləndi, arvadına mı acığı tutdu, yoxsa ona bu qisməti yazan qədərinəmi qəzəbləndi. Daxilində baş qaldıran fırtınanı güclə yatırdı. “Özünə ələ al . Yekə kişisən. Kişi ağlamaz -deyərək bir təhər sakitləşdi.

Həyətə girəndə küskün-küskün ona baxan arvadıyla göz-gözə gəldi. Adilənin qarşısında durub:

-Nə vaxtda kimi qızının xəstə olduğunu gizlədəcəkdin -deyərək arvadını ittiham edici baxışlarla süzdü. Adilə övladının dərdinin altında əzildiyi bir zamanda ərindən dəstək əvəzinə acı sözlər eşidib artıq özünü saxalaya bilmədi. Əli ilə üzünü qapayıb pilləkənə çökdü. Əsmər arvad oğlunun dediklərini eşidib əsəbi halda özünü çölə atdı:

-Sən uşağın olandan bir kərə də olsa evinə gəlib soruşdun ki, balam necədir? Arvadın nətəhərdir? Yox. Soruşmadın. İndi də durmusan yazıq qızı sorğu-suala tutursan. Allah’ından qorx oğul, Allah’ından. Adam var ki, bir parça övlad üçün illərlə doktor yolunda qalır. Nə istəyirsən sən? Nə? İnsan bir balasıyla maraqlanar, sənin kimi əl boyda çağaya düşmən kəsilməz.

Qapını zərblə çırpıb getdi. Qulaqlarında Adilə’nin səsi, qəlbində vicdanın ağrısı. Anası haqqlı idi. Arvadının xəstəxanada yatdığı o bir neçə gündə bir kərə də olsa nə ömür-gün yoldaşıyla maraqlanmışdı, nə yenicə doğulan körpəsiylə.

Yorğun idi. Ruhu yorğun, bənizi solğun gəzirdi gecəni. Hər şeyə həyata, yaşamağa həvəsi ölmüşdü. O bu qızını sevməyəcəkdi. Çünki qəlbində ona qarşı zərrə qədər sevgi, mərhəmət yox idi. Əyyub iki qızına verdiyi o böyük sevginin heç bir damlasını bu qızına verəcək qüvvədə deyildi.

Evə döndükdə artıq gecə çoxdan düşmüşdü. Evləri zülmətə qərq olmuşdu. Kədərlə gülümsədi. “Hələ mən ölməmişəm evim viranəyə dönüb. Mən olmayandan sonra kim yandıracaq, kim sahib olacaq bu yurda, bu evə. Qızlarım, yoxa özgə oğlanları olan yeznələrim” Açarı burub aynabəndə girdi. Hər kəs çoxdan yatmışdı. Zümrüdlə, Rəşidə nənəsiylə bir otaqda yatırdılar. Neçə gündü onları belə görmədiyindən qəribsəmişdi. Barmaqlarının ucunda içəri keçdi. Anasınını diqqətlə süzüb kövrəldi. İllər Əsmər arvadın gözəl simasına öz dərin gölgəsini salmışdı. Zümrüdə baxdı. Çiyinləri açıqda olduğundan gecənin sərinliyində üşüyüb büzüşmüşdü. Ehmalca örtdü. Kiçik qızı yuxusunun təsiriylə qaşlarını düymüşdü. Onun toppuş yanaqlarını oxşayıb, baxıb gülümsədi.

Divanda xeyli oturdu. Siqareti siqaretə caladı. Qulağına səs gəldi. Önəm vermədi. Səs getdikcə güclənməyə başladı. Bu onun son-beşiyinin səsi idi deyəsən. Əvvəl nə edəcəyinə qərar verə bilmədi. Sonra ürəyi dözmədi. Qapıdan içəri boylandı. Arvadı paltarını belə soyunmadan daş kimi düşüb qalmışdı. Zəifliyi, yorğunluğu, məzlumluğu yorğun simasından oxunurdu.

Uşaq getdikcə qızışır, dayanmadan ağlayırdı. Lakin Adilə heç cürə ayıla bilmir, mışıl-mışıl yatırdı. Qadının çiyinlərinə toxunub durğuzmağa çalışdı:

-Adilə dur. Qız ağlayır.

Nə qədər çalışsa da kişi qadını durğuza bilmədi. Əyyub arvadından əlini üzüb çarəsiz halda körpəyə yaxınlaşdı. Körpə artıq içini döyə-döyə ağlayırdı. Ehtiyatla kolyaskanın üzərinə əyildi. Sanki möcüzə baş verdi. Coşa-coşa ağlayan çağa onun ətrini hiss edib səsini kəsdi. Əyyub əlini uzadıb onun pambıq yanaqlarını oxşadı. Körpə kiçik əlləriylə atasının barmaqlarından yapışdı. Günahsız körpə gözəl dəniz mavisi olan gözlərini atasına zilləyib gülümsədi. Həqiqətən mi gülümsədi? Yoxsa ona elə gəldi. Əyyub qarşılaşdığı mənzərədən duyğulandı. Ata qəlbi dözmədi. Qızcığazın inadla onun barmaqlarını tutmağa çalışdığını gördükdə hönkürdü. Qızının bu dünyaya göz açdığı bu neçə gündə ondan əsirgədiyi sevgisinə görə öz-özündən utandı. Öz cılızlığına, acizliyinə, zəifliyinə görə ağladı. İki cüt mavi dənizi xatırladan o məsum gözlər onun bütün varlığını silkələdi. İçini bürüyən xəcalət hissi onu odsuz-ocaqsız yandırdı. Ata körpəni qucağına alıb sinəsinə sıxdı. Onun süd qoxulu üzünü elə hey qoxlayıb ətrini içinə çəkdi. Sadəcə on gündür ki, həyata göz açan körpə atanın daşlaşmış qəlbini yumşaldaraq əvvəlki halına qaytardı. Ata kiçik varlığının gözlərinin içinə baxıb:

-Bağışla məni balacam. Bağışla. Sənin mənə ehtiyacın olduğu halda mən səndən üz çevirdim. Səni atasız buraxdım. Mən səndən vaz keçdim. Sənsə mənə dərs verdin. Sənə söz verirəm qızım. Söz verirəm. Son nəfəsimi verənəcən səni sağaltmaq üçün əlimdən gələni edəcəm. Ruhum bədənimi tərk edəcəyi son dəqiqəyə qədər səni hər kəsdən qoruyacam -deyərək yenidən kövrəldi. İsti nəfəsinin balasında yaratdığı rahatlığı hiss edib yenə ağladı. Hönkürməmək üçün qalın dodaqlarını çeynədi. O ağladıqca yuxudan ayılan Adilə də ona baxıb göz yaşı tökdü. Yorğanı dodaqlarına möhkəmcə sıxaraq için-için göynədi.

Leyla. Mavi gözlü, sarı saçlı doğumuyla ailəyə ruzi bərəkət gətirən Leyla. Əyyub səhvini anlayıb, qızına sahib durduğu andan Tanrı onun yolunu işıqlandırdı. Leyla böyüdükcə Əyyubun imkanları artdı. Allah öz bəndəsinə can verdiyi gündən tale yazısı alnına yazır deyirlər. Leyla’nın alın yazısı da yaşamaq, var olmaqdı. Ata-ana, hər kəs pərvanə tək qızın başına dolanır, onun hər nazını çəkirdilər. Ata ciyər parasını sağaltmaq üçün əlindən gələni edirdi. Artıq Leyla ayağını çəkə-çəkə də olsa yeriyirdi. Hətta danışmağa belə başlamışdı. Hətta məktəbə belə hazırlaşırdı. Əyyub üç qızını sevməkdən usanmırdı. Bir oğlunun olması sevdasını belə sanki unutmuşdu. Onun ay üzlü, dəniz gözlü üç qızı vardı. Və bu onun həyatda ən böyük var-dövləti, xəzinəsi idi. Bəzən Əyyub etdiyi səhv hərəkətləri xatırlayıb kövrəlirdi. Ağlamaq, hər şeydən xəbərsiz məsum üzlü balasından üzr istəmək istəyirdi. Bəzən yaratdığı cah-cəlalına baxıb :

-Tanrım sənin qarşında körpə balasına haqsızlıq edən mən günahkar bəndəyə nə deyib bu qədər güc, var verdin ilahi? Kaş sənin də, qızımın da qarşısında günahlarımı yuya biləydim. Bəlkə o zaman hər şeyi unudub bu əzabdan, bu acıdan qurtara bilərdim.

Zümrüdlə, Rəşidə də böyüyüb gözəl qız olmuşdular. Əyyub kişi böyük qızlarına baxdıqca göz bəbəyi kimi qoruduğu Leylasının da gün gələcək belə qız olacağını düşünür və düşündükcə həm sevinir həm də üzülürdü. Axı nə olursa olsun, Leyla həm bacılarından həm də yaşıdlarından azca fərqli bir uşaq idi. Sinif yoldaşları qaçıb oynayıb əyləndikcə Leyla onları dəniz gözləri ilə süzür, məsum-məsum gülümsəyirdi.

Leyla böyüyürdü. O böyüdükcə ata-ananın qayğısı, narahatçılığı daha da çoxalırdı. Ata bir gün qızının sevdalanacağını düşünəndə dərdi daha da dərinə kök ataraq sinəsini yandırırdı. Görəsən Leyla’nı olduğu kimi qəbul edib, onun təmiz duyğularını anlaya biləcəklərdi mi? Axı bütün qızların ən munis arzularından biri ağ gəlinlik geyinib ata evindən uçmaq idi. Leyla da həmin gün gəlib çatdıqda bu arzularla xəyal qursa necə olacaqdı? Onun gözəl simasını sevib qəbul edən biri xəstəliyini üzünə vurub qızını üzməyəcəkdi mi? Ata-ana bunu düşündükcə dərdə-qəmə batır, qüssələrindən boğulurdular. Üzdə deyib-gülsələr də içlərində əzab çəkirdilər.

İl üstünə il gəlir, zaman axıb gedirdi. Leyla tələbə olmuşdu. Bu zaman Əyyub kişi misli görünməmiş ziyafət təşkil edib, qızını sevindirmişdi. Leyla hər şeyə rəğmən güclü iradə nümayiş etdirərək təhsilini başa çatdırmışdı. Qız ona yazıq kimi baxan, hətta onun xəstəliyini üzünə vurub sındırmaq istəyən hər kəsə qarşı möhkəm əzmini nümayış etdirib atasını sevindirmişdi.

Əyyub üzdə etiraf etməsə də qəlbində gələcəklərinə daha çox ümid bəslədiyi qızlarını ər evinə yola salmışdı. Bir gün böyük qızının ana olacağını eşitdikdə səxavət kisəsinin ağzını açıb sidq ürəklə yetimə-yesirə yardım etmişdi. Lakin bu sevinci də uzun çəkməmişdi. Rəşidənin heç vaxt ana ola bilməyəcəyini eşidib Adilə də, o da dərindən sarsılmışdılar. Kişi heç kimə inanmayıb qızının yolunda ətək-ətək pul tökmüş, həkimlərə, hətta ara bilicilərinə üz tutmuşdu. Lakin faydasız. Ata bu acı həqiqəti qəbullandığı güc hıçqıra-hıçqıra ağlamışdı. Həyata, insanlara, taleyinə küsmüşdü. Leylanın adına gələn elçiləri belə geri qaytarmış, “artıq mənim köçürəsi qızım yoxdur” deyib elçiləri yola vermişdi. Amma heç kəs bilməmişdi atanın içində nə çəkdiyini. Qəlbinə dolan qara-qorxu fikirləri hər kəsdən gizləmişdi. Ata bütün olanlarda yalnız özünü günahkar tuturdu. O bütün bunları Tanrının ona kəsdiyi cəza hesab edirdi. Üçüncü qızı olduqda Tanrıya etdiyi üsyana görə özü-özünü qınayırdı. “Ay Allahın aciz qulu. Tanrının sənə bəxş nur üzlü balaya qarşı çıxdın. Oğlan dedin oğlan eşitdin. Dəniz gözlüm xəstə doğuldu. Sağlam balam züriyyətsiz qaldı. Sənə üsyan edən mən qulunu bağışla Tanrım. Qız, oğlan demərəm balamın ocağını söndürmə ya Rəbbim.

İki damla göz yaşı qırış salmış yanaqlarından sürüşüb çığır açdı. Hər gün səcdə durdu. Bir zamanlar min bir əziyyətli iş görmüş, hələ də qabarı getməmiş əllərini göylərə tutdu. Ata, Tanrıya dua etdi. Lakin nisgili nisgil olaraq qaldı. İkinci qız ana olmaq səadətindən məhrum oldu. Ata bu qorxuyla Leylanı bir kimsəyə vermək istəmədi. Anasına, arvadına qorxuram dedi. Qızımı üzərlər, acı söz deyərlər, gözəl üzünü sevib, qəlbindəki mərhəməti görməyib xəstələyini üzünə vurarlar dedi. Və nəhayət sağlam balamın çəkdiyi əziyyəti Leylam da çəkər dedi. Buna dözə bilmərəm dedi.

Əsmər arvad -Tanrıya qarşı çıxılmaz oğul. Bununla barışıb, yaşamına davam edəcəksən -deyərək söyləndi.

Dəniz gözlü, qıvrım, sarı saçlı Leyla qaragöz Malikin sevdasına tutuşub yandıqda Əyyub artıq inad edə bilmədi. Ağ gəlinlikdə xoşbəxtlikdən göylərdə uçan qızına xeyir-dua verib ər ocağına yola saldı. O günü Leyla həyatında yeni bir səhifə açanda, atanın dilindən dua əskik olmadı. Ananın əlləri göylərdən çəkilmədi.

Həyatdır bu. Sənə nə zaman, nələr hazırlayır bilməzsən. Əyyub ailə qurub ata ocağını tərk edən gündən evinin, ailəsinin hər yükünü çiyninə alan qızının ana olacağı müjdəsini alanda bilmədi ağlasın ya gülsün. Yenə içinə müdhiş duyğular doldu. Gah fərəhindən coşdu, gah ağladı. Birdən uşaq xəstə doğulsa, ya Leyla’nın sağlamlığı yenə zərər görsə. Bəlkələr, bəlkələr, bəlkələr. Nagüman xəyallar. Atayla, ana qızın doqquz ay çəkdiyi əziyyətin şahidi oldular. Allah’ın qızlarına verdiyi gücə, əzmə baxdıqca qürurlandılar. Rəşidə Leyla’nın körpəsini ilk dəfə babanın qucağına verdikdə sanki dünyanı Əyyuba bağışladılar. Hər kəs bu uşağın dünyaya gəlişi ilə sakitlik tapdı. Hətta Rəşidə də ağrı acısını unudub özünü bu uşağa həsr etdi. Leyla ikinci oğlan uşağını da dünyaya gətirəndən Əyyub kişi tam rahat nəfəs aldı. Leyla bütün çətinliklərə baxmayaraq gözəl ana oldu. Qadın öz mübariz ruhuyla əsl fədakar anaların timsalına çevrildi. Sanki doğuşdan sonra gənc ana daha da gözəlləşib, daha da möhkəmləndi.

Leyla’nın girdə siması payız günündə boz buludlar arasından süzülüb axan parlaq günəşə bənzəyirdi. O həyata gətirdiyi körpələrini dişi ilə, dırnağıyla qoruyub, əzizləyirdi. Gün axşamacan dayanmadan ev qayğılarıyla maraqlanıb, gecə səhərəcən ağrıyan canını bilmirdi necə sakitləşdirsin. Bununla belə Leyla bir kimsəyə şikayətlənib ah-vay etmirdi. Onun lüğətində yorulmaq, usanmaq kimi sözlər yox idi. Qismətinə xəstə doğulmaq yazılsa da Tanrı onu ən gözəl, ən mükəmməl hisslərlə mükafatlandırmışdı. O bir övlad, bir qadın və ən nəhayət bir ana idi. Zamanla sevimli Malikin ona qarşı dəyişən münasibəti içini dağlasa da, canını incitsə də qadın özünü səfərbər edərək gücünü, qüvvəsini itirməməyə, möhkəm olmağa çalışırdı. Qəlbi göynəsə də, gözləri bulaq kimi qaynasa da, qadınlıq qüruru alt-üst olsa da dərdini yalnız özü bilir, özü çəkirdi.

Aylar dolanır, il yerini ilə təhvil verirdi. Əyyub kişi artıq yaşlanmışdı. Saçları qar kimi ağarmış, gözlərinin ziyası zəifləmişdi. Kövrək, həssas biri olmuşdu. Yenə gözlərini dişiylə-dırnağıyla yaratdığı malikənəsinə dikdi. Yenə gözləri sulandı. Göz yaşları qırışmış yanaqları boyunca süzülüb boyun boğazını yandırdı. Bir zamanlar bu malikanənin yerində kiçik bir ev vardı. O ev ki, özü doğulmuşdu, ailə qurmuşdu, qızları dünyaya göz açmışdı. O zaman kasıb olsa da o kiçik ev daha isti, daha rahat idi. İki il öncə dünyasını dəyişən anasını, gənc yaşda itirdiyi atasını xatırladı. Kasıb olan vaxtlarını andı. Dərindən ah çəkdi. Titrək əlləriylə yanağından süzülən göz yaşını qurutdu. Yenə çoxdandır qəlbinin bir küncünə həbs etmiş oğul arzusu qövr elədi. Düşündü ki, oğlu olsa idi bu gün onun evinin işiqları qonşularında olduğu kimi daha gur yanar, hər yan çıraqban olar, həyətindən uşaq qəhqəhələri eşidilərdi. Kişi öz ağır düşüncələrində boğulduğu bir zamanda Adilə arvad yazıq-yazıq ərini süzür, sanki nədəsə bir qəbahəti var imiş kimi özünü günahkar tuturdu. Adil ərinin əslində nə fikirləşdiyini yaxşı bilirdi. Sanki oğlunun olmaması onun günahı, təqsiridir kimi, öz-özünü ittiham edirdi. Kişinin həmişə dik tutduğu beli belə Adilənin gözünə əyilmiş kimi gəlirdi.

Yorğun addımlarla gəlib ərinin yanındakı stula çökdü. Nə özü dindi, nə kişi dilləndi. Beləcə səssiz gecədə iki qoca səssiz-səmirsiz xəyallarında axıb getdilər.

Sabah erkəndən durub çıxdı. Nə sürücünü rahatsız etdi, nə özü sükan arxasına keçdi. Asta-asta xırda addımlarla şəhərin küçələrini dolaşdı. Fikirləri ilə baş-başa qalmaq, hər kəsdən uzaq olmaq istədi. Binaların yanından keçəndə gözləri zibil qablarını eşən qadına ilişib qaldı. Ona doğru bir-iki addım atmışdı ki, qadın üstündə kənar nəzərləri hiss edib uzaqlaşmaq istədi. Lakin tələsdiyindən ayağındakı qaloşu daşa ilişdi. Qadın zərblə yerə çırpıldıqda Əyyub əlini uzadıb qadını tutdu. Bir təhər qadını qaldırıb yaxındaki skamyaya oturtdu:

-Bacı bir yerin əzilmədi ki?

Qadın utancaq baxışlarıyla kişini süzüb nəmli gözlərini yerə dikdi. Əyyub yaxınlıqdan keçən gənci səsləyib ona pul uzatdı:

-Bala bir zəhmət mənə çörəklə -kolbasa al ver. Qalanı səndə qalsın

Gənc oğlan iki dəqiqə sonra əlindəkiləri kişiyə uzadıb pulun qalan hissəsini ona verdi.

-Sağ ol dayı. Amma mənə ayıb olar. Xalaya Allah kömək olsun -deyib sürətli addımlarla onlardan uzaqlaşdı. Əyyub qadının utana-utana, lakin hərisliklə yediyini görüb kövrəldi. Üzünü kənara çevirdi ki, arvad rahat yesin. Qadın son loğmasını da udub:

-Sağ ol qardaş. Allah nə muradın var, ona çatdırsın. Allah balalarını qorusun. Mən artıq gedim.

-Bacı bir söz soruşum acığın tutmasın. Sənin evin, eşiyin, uşağın yoxdur?

Qadın yenidən qayıdıb skamyaya əyləşdi. Əzabla xəcalət çəkə-çəkə:

-Vardı qardaş. Evim də vardı, pulum da, işim də. Biqeyrət övlad banka qoydu. Evim əlimdən çıxdı. Müəllimə idim. Yaşın çatıb işləyə bilməzsən deyib işdən çıxardılar. Pensiya kartımı da oğlum əlimdən aldı. Uzun sözün qısası qardaş üç oğuldan heç biri mənə sahib çıxmadı. İki oğlum dedi get evini, kartını kimə vermisən, o da sənə baxsın. Halbuki, onlara da evi kişiylə mən tikmişdim. Ah qardaş, Allah övlad verəndə də xeyirlisini versin. Mənə bax. İllərlə balalarım üçün özümü fəda elədim. İndi üç oğuldan birinin evində mənə yer yoxdur.

Əyyub kişi qadının halından bərk təsirlənmişdi. Ayağa durub sürücüsünə zəng vurdu. O gələn kimi arvadı maşına əyləşdirib evinə yolladı. Özü də Adiləylə danışıb qarını ona tapşırdı. Axşamacan qadının ağlar sifəti gözlərinin önündən getmədi. Ara-sıra Adilədən qonağının halını-əhvalını soruşdu. İşdən gec çıxdı. Yenə pay-piyada yol başladı. İçindəki məniylə baş-başa qaldı. “Oğlan dedin oğlan eşitdin. Qızlarını sevdin, amma oğlan qədər dəyərləndirmədin. Allah o qadını özü sənin qarşına çıxardı. Dedi bəlkə gözlərini açasan. Üç oğlun olsun, bir dənəsi də olsa maraqlanmasın ki, anam neyləyir. İllərin əməkli müəlliməsi zibil qabından çörək, yemək axtarır. Övlad ata ocağının işığını yandırandır deyirik. Amma söndürənlər nə qədərdir. O işığı söndürüb, ata yurdunu viran qoyanlar da nə qədərdir. Bax Əyyub. Gör həyatda necə övladlar var. Dizini qatlayıb, əllərini göyə açıb torpağa diz çökdün. Amma nə olsun. Tanrı qəlbini oxudu. Gül kimi qızın bir körpəyə sahib olmaq üçün ovuc-ovuc dərman yedi. Lakin arzusu arzu olaraq qaldı. İçindəki yarası qövr elədi. Ana olmaq nəsibi olmadı. Bu da sənə yetmədi. Ah Əyyub, ah. ”

Gəzə-gəzə gəlib böyük qızıgilə çatdı. Bir xeyli onlarla oturub qalxdı. Qapıda qızını qucaqlayıb salamatlaşdı. Oradan Rəşidənin evinə üz tutdu. Böyük-böyük otaqlar, körpə gülüşünə həsrət divarlar, qızının gizləməyə çalışdığı kədərli gözləri. Baxıb-baxıb kövrəldi. Qızının qarşısında özünü möhkəm tutmağa çalışaraq çayını belə axıra çatdırmadan süfrədən qalxdı. O dalğın və məzlum baxışlarıyla boynunu büküb ona baxan Rəşidəni möhkəm-möhkəm qucaqladı. Dörd mərtəbəni neçə endi bilmədi. Sonuncu pilləkəndə oturub uşaq kimi hönkürdü. Bu vəziyyətdə nə qədər qaldı bilmədi. Kiminsə gəlib görəcəyindən çəkinib qalxdı. Son mənzil Leylanın evi idi. Qapı açıq idi. Səslənə-səslənə evə tərəf getdi. Leyla da, nəvələri də onu görüb sevincək üstünə yüyürdülər. Kişi indi gedirəm deyə-deyə bir xeyli oturdu. Gecdən-gec evə gələn Malik qaynatasına xoş gəldiniz deyib keçib divanda əyləşdi. Əli ayağına dolaşa-dolaşa süfrə hazırlayan Leylaya baxıb:

-Yavaş ay qız. Elə gəzirsən, elə bil sağlam ayaqların var. Bir az yavaş. Başına bir iş gələr. Yükün mənim çiynimdə qalar.

Əyyub kişi bərk tutuldu. Əlindəki armudu stəkanı onun başına çırpmaq istədi. Lakin qızının ailə həyatına müdaxilə edib vəziyyəti bir az da qəlizləşdirməkdən özünü saxladı. “Lənət şeytana” deyib yeznəsini qəzəblə süzdü. Murad kişinin qırımını pis görüb özünü yığışdırdı.

Kişi çiynində yük var imiş kimi ağır-ağır addımlayır, elə hey yeznəsinin qarasına deyinirdi. “Bax günahlarının hesabını necə ödəyirsən. Allah’dan sağlam övlad istəmədin. Əli, ayağı düz övlad diləmədin. Sən qədərinə qarşı gəlməsəydin bu gün balan sağlam olub, onun bunun masqarasına qalmazdı.

Gecənin sakitliyində, xışıldayan yarpaqların melodik səsləri altında xəyallarıyla vuruşa-vuruşa addımlayırdı. Evlərinə çatmağa az qalmış qonşu Mirbala kişinin qapısı ağzında toplaşanları görüb diqqət kəsildi. Adamları yara-yara özünü irəli atdı. Ondan-bundan nə olub deyə soruşduqda, Gülbahar arvad əllərini əsdirə-əsdirə :

-Day nə olacaq. Yazıq Mais, gül kimi qeyrətli, ailəcanlı oğlana gör qəh. neylədi də? Xəstə balanı qoyub özünə lotu tapıb balalarını qoca qaynanaya atıb qoşulub qaçıb. Allah bəlasını versin elə ananın. Əyyub kişi sarsıldı. Anasız qalan körpələri fikirləşib üzüldü. Yenə Leylası yadına düşdü. Xəstə halıyla bütün həyatını balalarına sərf edən qızı gözündə bir az da ucaldı. Görəsən bir gün ərzində yaşadıqlarını Tanrı ona dərs olsun mu deyə qarşısına çıxarmışdı. Onun nə qədər yanlış düşüncəyə sahib olduğunu xatırlamasını istəmişdi. Rastlaşdığı hadisələrdən yorulmuşdu. Daxilində baş qaldıran vicdanının ağrısıyla savaşmaqdan usanmışdı. Bütün vücudu sızlayırdı. Özünü ittiham edərək ruh halını hər keçən dəqiqə gərginləşdirirdi. Tanrı ona xəyalına belə gətirmədiyi var-dövlət vermişdi. Amma o var-dövlətdən də artıq bir xəzinə bəxş etmişdi. Qızları. Xəstə ya sağlam. Fərq etməz. Əsas onların varlıqları idi ki, hələ indi ata ağlı və ruhu ilə qəbul edirdi.

Adilə yatmamışdı. Əyyub kişi illərin fədakar ömür-gün yoldaşına baxdı. Adilə də qocalmışdı. Gözəl saçları çoxdan parıltısını itirmişdi. Gözləri də zəifləmiş, əvvəlki gücünü itirmişdi. Lakin qızların tələbinə yox deyib, evinə qulluqçu istəməmişdi. “Bir kişi, bir də özüməm. Siz gəlib həftədə iki dəfə əl gəzdirəndə mənə bəs edir. Yeməyə gəlincə, mən kişini onun bunun əlindən nəsə yeməyini istəmirəm. Şəkər adamdır. Özgələr onun halına çətin yanar. Yox ay bala. Mən evimin işini bir təhər özüm həll edərəm” -deyə inad etmişdi. İndi də tələsik durub yeməyin altını yandırmaq istədi. Lakin Əyyub arvadın qolundan tutub aşağı çəkdi.

-Gəl otur ay arvad. Leylagildə yemişəm.

-Sən onlara getmişdin?

-Mən tək Leylagilə deyil, üç qızımın üçünün də evində olmuşam. Allah bütün balaları qorusun ay arvad. Könlümə yamanca düşmüşdülər. Mən də yolumu onlardan saldım. Rahatlandım… De bəs Səlimə bacı necə oldu?

-Narahat olma çimib yatıb. Paltar da verdim. Arvad yazıq o ki var sənə dua etdi. Allah könlünə görə versin ay kişi. Savab iş görmüsən vallah. Yazıq illərlə müəllimə işləyib, camaatın uşağına elm öyrədib. İndi bax gör nankor övladları yazığa neyləyiblər. Nəsə. Dur get yerinə. Yəqin çox yorulmusan.

-Yox əşi ay arvad. Gəl söhbət eləyək. Yatmaq həmişə var.

O gecə bir xeyli söhbət etdilər. Həmin gecə Əyyub kişi nə qədər şad və bəxtəvər idi.

Səhəri dəhşətli ağrılarla açdı. O yana bu yana boylandı. Adilə adəti üzrə tezdən qalxmışdı, ortalarda görünmürdü. Bir-iki ağız səsləndi. Sonra səsi də batdı. Fikirləri-xəyalları qarışdı. Və bir də gözlərini açdıqda özünü xəstəxana otağında gördü. Hər yanı yarıyumulu gözləriylə süzdü. Harada olduğunu anlaya bilmədi. Ancaq otağa girib çıxan ağ xalatlıları gördükdə xəstəxanada olduğunu anladı. Onun ayıldığını görən tibb bacısı sevinclə həkimi səsləyib gülümsəyərək ona baxdı.

-Çox şükür Əyyub dayı . Bunu da atlatdınız.

Yenə gözləri axıb yuxuya daldı. Ayılanda arvadını, qızlarını gözü yaşlı ona baxdıqlarını gördü.

-Qorxmayın üzüm bərkdir. Görəsi çox işlərim var. Hələ hara ölürəm -deyərək əlini Adilə arvadın əlinin üstünə qoydu.

Düz iki həftə yataqdan qalxa bilmədi. Təhlükəni atlatsa da həkim durmasına icazə vermədi. Bu müddət ərzində doğmaları başına pərvanə tək fırlandılar, yaxın-uzaq tanışları görüşünə gəldilər. Bu zaman kəsiyində Əyyub kişi çox şeyin şahidi oldu, çox hadisəylə rastlaşdı. Bir vaxtlar ağır, sanballı kişilərdən olan tanıdıqlarının həssas bir vaxtlarında övladları tərəfindən atıldıqlarını, sayılmadıqlarını gördü. Buda Əyyub kişiyə çox ağır təsir edirdi. Əyyub kişi onunla yan-yana yatan Abdulhəmid kişini lap çoxdan, ta gənclik illərindən tanıyırdı. Beş övlad atası olan Abdulhəmid dövrünün ən vurub-yıxan oğlanlarından olmuşdu. İndi dağ boyda kişi əriyib solmuş, arvadı öldükdən sonra övladlarının ondan əsirgədikləri sevgiyə möhtac qalmışdı. Kişinin göz yaşları dinmək bilmirdi. Beş övladdan yalnız ikisi kiçik qızıyla böyük oğlu ara-sıra atalarının ziyarətinə gəlib sonra yoxa çıxırdılar. Əyyub bir zamanlar Abdulhəmidə küsəndiyini, onun üç oğul atası olduğuna görə paxıllıq etdiyini xatırladı.

-Eh fani dünya. -deyə köksünü ötürdü. -Bir zamanlar hər kəsin tük saldığı kişinin halına bax. Mənsə bir vaxtlar ona qibtə edirdim. Oğullara bax. Bir dənəsinin mərifəti çatmır ki, atasına sahib çıxsın. Evləri var, maşınları var, təhsilləri var, amma insanlıqları yoxdur bunların.

Günorta böyük qızla yeznəsi onu yoluxmağa gəldiyi zaman:

-Mənim sağalmağımı istəyirsinizsə məni buradan tez çıxarın -deyə israr etdi. Dolabında olan hər nə varsa Abdulhəmid’inkinə yığdı. Kişinin zəifləmiş biləyindən tutub sıxdı:

-Buradan çıxan kimi gəlirsən mənim yanıma. Özünü sıxma hər şey yaxşı olacaq.

Artıq qaş qaralıb, axşam düşmüşdü. Dərindən nəfəs alıb maşına oturdu. Uşaq kimi sevinirdi. Nəhayət uzun sürən ayrılıqdan sonra evlərinə dönürdü. Həyətə girdi. Hər yan çıraqban üzünə gülürdü. Qızları onu görən kimi üstünə yüyürüb boynuna sarıldılar. Növbə ilə nəvələr babalarına sığınıb onu öpdülər. Ətrafa göz gəzdirdi. Adilə heç yerdə gözünə dəymədi. Həyəcan və qorxuyla kimsədən nəsə soruşmağa cəsarət etmədən evə girdi. Ömür yoldaşı ziyası getmiş gözləriylə, titrək əlləriylə onun çox sevdiyi zəfəranlı, qaralı plov süzmüş, süfrə bəzəmişdi. Gözləri doldu. Bir kimsədən utanmadan, çəkinmədən arvadını köksünə sıxıb, qar kimi ağarmış saçlarından öpdü. Şərbət dolu qədəhi əlinə alıb ayağa qalxdı. Yeznələrini, nəvələrini bir-bir süzüb, sözə başladı:

-Bu sözümü hər biriniz nəsihət kimi qəbul edirsiniz, vəsiyyət kimi qəbul edəcəksiniz bilmirəm. Məni diqqətlə dinləyin. Adilə mənim vəfalı ömür-gün yoldaşım. Sənə yaşatdığım hər acı söz, acı kəlmə üçün səndən üzr istəyirəm. Qızlarım sizdən də üzr istəyirəm -gözləri doldu, qəhərindən dili söz tutmadı. Onun gərginləşdiyini görən qadın ehmalca ərinin əlini çəkdi:

-Ay kişi nəyin üzrünü isytəyirsən sən. Niyə həyəcanlanırsan. Bax yenə narahat olacan. Sən Allah belə deyib məni də ağladacan. Danışma . Otur çörəyimizi yeyək.

-Yox arvad, yox. İllərdir mən bu yükü ürəyimdə gəzdirirəm. Mənim hər qızım doğulduqda sənə qarşı soyuqluğum illərlə səni çox incitdi, çox əzdi. Son Leyla doğulduqda o kiçik əlləriylə əlimdən tutduğu ana qədər nə sənin, nə qızımın üzünə baxmadım. Bilmirəm arvad bəlkə də sən məni bağışladın. Amma mən heç vaxt özümü bağışlaya bilmədim. Əslində etiraf edim ki, son olanlardan sonra, xəstəxanada rastlaşdığım hadisələrdən sonra mən gec də olsa səhvimi anladım. Övladlarım -üzünü onlara tutdu. -Oğlan ya qız. Fərq etməməlidir. Allah öz bəndəsinə verdiyi payın yalnız xeyirlisini nəsib etsin deyirəm.

Xəstə ya sağlam. Fərq etməz -yeznəsinə baxıb bunu böyük vurğuyla söylədi. -Əsas namusu, qeyrəti, duyğuları yerində olsun. Günlər öncəsi müəllimənin bir parça çörək üçün zibil qabını axtardığı zaman mən çox sarsıldım. Üç oğuldan bir dənəsi anaya sahib çıxıb evinə aparmadı. Bir loğma çörəyi onları doğub böyüdən anaya çox gördülər. O cürə oğullardan mənim qızlarım yüz min kərə artıqdır mənə. Xəstə balasını, ərini bir şərəfsiz üçün buraxıb, ona qoşulub qaçan sağlam qızdan min dəfə Leylam kimi qeyrətli qızım üstündür mənim. Sağlamlığı onu nə qədər incitsə də, o yenə də bir kimsəyə nə isə bildirmədən, kimdənsə nə isə ummadan iki gül kimi bala böyüdüb. Mənim Rəşidəm -yenə kişinin səsi əsdi: -Mənim ürəyi nisgilli Rəşidəm ana ola bilməsə də neçə neçə qadına ana olmaq şərəfini yaşatdı. Cismani olmasa da ruhuyla neçə körpənin mənəvi anası oldu. Balasını dünyaya gətirib yola, xəstəxanaya tullayan qadınlardan min kərə mənim Rəşidəm üstündür. Mənim Zümrüdüm artıqdır. Mənim sadiq həyat yoldaşım bütün çətinliklərə baxmayaraq məni yarıda buraxmadı. Mən yanlış etdikcə o mənim yanlışlıqlarımı düzəltdi. Mənim həyat yoldaşım əsl qadın, əsl ana olaraq oğlan dünyaya gətirən bütün qadınlardan üstündür. Əzizlərim, dediyim odur ki, Allahın verdiyi hər gözəl günə, hər övlada görə şükür edək. Əlimizdə olanın dəyərini bilək. Oğul qız arasında ayrı seçkilik salıb onları incitməyək. Gənc vaxtlarında heç kimin heç kəsə bəlkə də ehtiyacı olmur. Hər kəs dünyanı öz ayaqları altında zənn edir. Dediyim odur ki, qocaları unudub, diqqətinizi əsirgəməyin. Çünki zamanı çatanda siz də qocalacaqsınız. Ailənizdən iki əlli yapışın, onu qoruyun. Çünki bütün güclü insanların arxasında mükəmməl ailə durur.

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 3 eseri bulunmaktadır.