DergiZan

Yazı ve Sanat Ülkesi

Kəpənəyin Son Öpüşü / Şefa Vəli

Günəş qüruba yol almışdı. Dağlar bənövşəyiyə boyanmışdı. Kəpənək üfüqə baxır,  sevinirdi. Elə bilirdi ki, bu bircə gündə dağlar, dərələr, çəmən-hər yer ona aşiq olub, ona görə onun qanadlarının rənginə-bənövşəyiyə bürünüblər.

Zəncirotu isə ayrı havadaydı… Bütün günü arılar başının üstündən o yan-bu yana uçurdu, qarışqalar torpağa yayxanan yarpaqlarının üstündən yol salmışdı. Hələ səhər mehi…Elə bil, qəsdinə durmuşdu. Hər hovurda bir çəngə qopurdu saçından. Çəməndəki bütün çiçəklər kəpənək öpüşündən məst olurkən o, bilmirdi saçlarına yas saxlasın, yoxsa qarışqa tapdağında olan yarpağının göynərtisinə dözsün.

Hələ o günü qaymaqçiçəyi bir ağ kəpənəyin onu öpməyindən elə ürəkdolusu danışmışdı ki, zəncirotunun saplağı sulanmışdı…

İndi üzünü günəşin sarı donunun ətəyindəki saçaqlara sürtən kəpənəyə baxdıqca zəncirotunun qanı daha da qaralırdı. Axı, o, bilirdi ki, çox yox, elə günü sabah heç bir çiçək  nə bu kəpənəyi, nə də onun öpüşünü xatırlamayacaq… Başını qaldırıb astaca kəpənəyi çağırdı:

-Ay bənövşəyi kəpənək…

Kəpənək sevinc dolu səslə cavab verdi:

-Hə, zəncirotu bacı…

-İstəyirəm bir sirrdən agah olum.

-Nə sirri?

-İstəyirəm biləm ki, kəpənək öpüşü nədi…

Kəpənək gülümsədi:

-Bacı, özün deyirsən ki, bu sirrdi. Mən bu sirri sənə açsam, sabah bütün çiçəklər məndən küsər…

-Sabah olmayacaq, əzizim…

Kəpənək susdu… İndi o, gördüyü yuxuların mənasını anlayırdı… Günəşin donunun saçaqları çəməndən çəkildikcə, qanadlarındakı ağrı artırdı… Deməli, gün boyu bir dəfə də olsun xatırlamaq istəmədiyi o yuxu gerçəyə dönürdü; onun ömrü bitirdi…

Zəncirotu onun baxışlarındakı kədərin də bənövşəyi olduğunu gördü və gücü bircə nəfəs “ah”a çatdı… Bir “ah” da kəpənəyin sinəsindən qopdu…

…Günəşin donunun son saçağı yerini ayın gözlərinin aydınlığına verirdi. Ayla Günəşin bu dadardoymaz vüsalında çəməndə işıldaböcəkləri heyrətə salan bir mənzərə vardı: kəpənək zəncirotunu öpürdü…

 

(2020)

 

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 24 eseri bulunmaktadır.