DergiZan

Yazı ve Sanat Ülkesi

Dərd, səbir, boz saçlar … / Şəfa Vəli

Dj Sada üçün

-Hər şeyi boş ver, Lloyd.-Liya dedi.

-Həyatın boş olduğunu biləndən sonra qiymətli bildiyim hər şeyi ruhuma yığdım.-Lloyd əminliklə pıçıldadı.

-Ha? Nəyi?

-Dərdi. -Bu dəfə Lloydun səsindəki əminlik çox fağırlamışdı.    

-Dərd nədir ki?

            Lloyd susmuşdu. Bundan sonra başladı Liyanın dərd axtarışı.  O da həyatı burayacan yıxıla-dura gəlmişdi, o da  üzülmüşdü, ağlamışdı, göz yaşlarını hamıdan gizlətmişdi. Amma o, bunları “dərd” adlandırsa da, qiymətli saymırdı. İnsan acıları  heç vaxt qiymətli ola bilməzdi. Qiymətli olanlar sevinc idi, sevgi idi, vəfa idi… Bəs Lloydun qiymətli dediyi “dərd” nə idi?

            Bilirdi ki, Lloyddan israrla soruşsa,  ən azından, bir-iki ipucu öyrənə bilər. Liya  məhz bunu istəmirdi. Ya Lloyd özü ona hər şeyi olduğu kimi danışmalıydı, ya da  özü axtarıb tapmalıydı. Axtarışa başlamaqda gecikmədi.

            Bir dəfə Lloydun qırmızı üzlü qeyd dəftərçəsini vərəqlədi. orada gündəlik gəlir-xərc müqayisəsi aparılmış, hesablamalar və onların nəticələri yazılmışdı. Lloydun qiymətli dərdinə dair heç nə yox idi.  Növbəti günlərdən birində Lloydun həmişə kompüterdə yazı yazarkən sol əlinin şəhadət barmağına taxdığı yaşıl qaşlı üzüyü əlinə aldı. Zərrəbinlə yoxladı üzüyü-qaşı tutan dörd qarmağın arasına iynə saldı, qaşı yerindən azacıq oynatdı, halqanın içərisini-eşiyini yoxlamaqla kifayətlənmədi, yan tərəflərində də nəsə yazıla bilər ehtimalı ilə zərrə-zərrə gözdən keçirdi. Heç nə yox idi.

            Günlər həftələrin don qırçınına çevrildi, yaşananları süpürə-süpürə ayın sonuna çatdı. Liya axtarmağında idi. Keçən müddət ərzində Lloydun kompüterinə baxmış, paltarlarının ciblərini eşələmiş, əl-üz dəsmallarını açıb, təzədən qatlamışdı. Heç yerdə ipucu belə, yox idi. Hər şey Lloydu tanıdığı gündə necəydisə, eləydi. Heç nə dəyişməmişdi. Onda belə çıxırdı ki, Lloyd qiymətli dərdini ruhuna onu tanımadan əvvəl yığmışdı.  Onu tanımadan əvvəl…  Liya təqvimində belə bir yarpaq olduğunu indi kəşf elədi, gülümsədi… Əmin idi ki, Lloydun təqvimində çoxdan var bu vərəq: “Liyadan əvvəl”.  Axtardığı o vərəqdən əvvəldə olmalıydı…

            Aylar da yüyürdü bir-birinin arxasınca, il oldu. Liya Lloydun uşaqlıq dostları ilə, qonşuları ilə danışmış, onun haqqında çox şey öyrənmişdi. Amma heç biri axtardığı deyildi. Nə olsun ki, Lloyd uşaq vaxtı alma ağacından gicitkən kollarının içərisinə yıxılmışdı?! Nə olsun ki, o, “Məktəbin ən yaxşı şagirdi” olmuşdu?! İlk sevgisi olan məşhur hind aktyorunun şəkillərini otağının divarından asmağı da mənasız idi.  Onun sevdiyini düşünən hansısa oğlandan aldığı ilk sevgi məktubundan isə heç danışmağa dəyməzdi. Lloyd  sevgini ali sayan qadınlardan idi.

            Liya günbəgün anlayırdı ki,  Lloydun qiymətli dərdinin axtarışı onun həyatına ağırlıq qatır. Bu ağırlıqdan xilas olmalı, yenidən hər şeyi əvvəlki halına salmalıydı. Və onda qərar verdi ki, əvvəldə etməli olduğunu etməlidir: Lloyddan israrla qiymətli dərdinin nə olduğunu soruşmalıdır.

            -Dərdin nədir, Lloyd?

            -Bu dəqiqə dərdim odur ki, bir qaşığa 15-i sığa bilən düşbərə bişirə bilmirəm.

            -Onu demirəm.

            -Bir də, yeni aldığım qələm dəstində bənövşəyi yoxdur.

            -Ruhuna yığdığın qiymətli dərdi soruşuram.

            Lloyd qaşlarını yuxarı qaldıraraq Liyaya baxdı, sonra qəhqəhə çəkdi. Liya bilmirdi ki, onun bu gülməyindən inciməlidir, yoxsa rəfiqəsinə qoşulub gülməlidir. Ayağa qalxıb  özünə də, Lloyda da çay süzdü.  Yerinə oturanda baxışlarındakı tərəddüd hələ yox olmamışdı.

            -Liya, sənin adının mənası “səbirli” deməkdir, bilirsən də?

            -Mənə bu adı sən qoymusan. Demək, bir şey bilirsən ki, qoymusan.

            -Lloyd isə “saçları boz olan” deməkdir.

            -Bunu bilirdim.

            -Səbirli olanların boz saçlılara heç vaxt ehtiyacı olmur. Onlar özləriylə dərdləşə bilirlər. Saçları boz olanlarsa həmişə bir səbir daşı axtarışındadırlar. 

            Liya Lloydun ona yaltaqlandığını düşündü, əsəbiləşdi:

            -Bura bax!  “Sən mənim səbir daşımsan” deyib qılıqlamağın lazım deyil! Mənə qiymətli dərdini anlat!

            Lloyd yenidən güldü.  Gözlərində şən parıltılar peyda oldu, əllərini bir-birinə vurdu, uzun-uzadı güldü. Liya çayını birnəfəsə başına çəkdi. Ürəyi soyumadı, Lloyd üçün süzdüyü çayı da özü içdi. Lloyd gülüb qurtarandan sonra irəli əyildi və dedi:

            -Mənim qiymətli dərdim yoxdur.  Özüm olan-qalan dərdlərimi bir yerə cəmləyir, onlara dəyər biçirəm. Çox vaxt da çalışıram ki, dəyərləri həyatdan baha olsun.

            -Bunu niyə edirsən ki? -Liya hələ əsəbi idi.

            -Bu qədər ucuz həyatı yaşaya bilmək üçün…

 (2023-2024)

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 24 eseri bulunmaktadır.