DergiZan

Yazı ve Sanat Ülkesi

Qorxu / Təranə Arifqızı

   Güclü külək kiçik evin damından bütün şifer örtüyünü hop götürüb yerə qoydu. Evin üstü çılpaq qaldı. Xoşbəxtlikdən, bayırda heç kim yox idi. Hamı evə qapandığından  tufanın gətirdiyi bu “sürpriz” xətasız -bəlasız sovuşdu. Həyətdəki neçə illik tut ağacının bar dolu budaqlarını sanki gözəgörünməz varlıqlar hərəsi bir tərəfə dartırdı. Yerində oyum-oyum oynayırdı. Şirəli, iri tutlar ağacın altında təpələnmişdi. Yarım saatın içində bomboş qalmış, əlli, bəlkə də yüzillik tut ağacı bırdən cırıldayaraq şaqqıltıyla ikiyə bölündü… Adamlar evin içində diksindilər. Neçə saat keçmişdi….Bayıra çıxarmağa qorxan adamlar öz içlərində gizlənib, başlarına gələni sakitcə seyr edirdilər…Bu tufanın keçdiyi yerlərdə nə faciələr yaratdığından kimsənin xəbəri yox idi.

                                                ***

   Həyət qapısı cırıltı ilə açılanda yerindən durub bədənnüma güzgünün qabağına keçdi, pırpızlaşmış ağ saçlarını daraq çəkmədən boynunun arxasında sancaqladı. Gözücü divardakı saata baxdı. Əqrəblər səkkiz on beşi göstərirdi. Pəncərədən boylandı. Gələn Nərgiz idi. Üzündəki ifadədən bir xəbər gətirdiyi aydın hiss olunurdu..  Çatılmış nəzərlərini tezdən-tezdən həyətdə qarıldaşan qarğalarda dolandıraraq eyvana çıxdı. Nərgiz şişmiş,yorğun gözlərlə onu süzüb dodağının altında kəlmələri sürüşdürdü:

-Neyliyirsiz? Əmim necədi?

-Şükür, salamatçılıqdı..

-Nədi axı….Sözüm də yadımdan çıxdı.

– Noolub?

-Heç nə, nə olacaq?-baxışlarını qaçırtdı.

– Ürəyimi çəkmə görək, kiməsə nəsə olub. Mən görmürəm sən necə danışırsan…? Nərgiz dəmir dirəyin bozarmış ağ boyasını dırnağı ilə qoparda-qoparda gətirdiyi xəbəri dilinin altından çıxardı:

  -…..Natiq…. dünən gecə… ölüb…

-Booo…-ürəyi sanki qırılıb ayağının altına düşdü.

-Ölsün olsün, meyidi  nə verillər, nə də özləri basdırırlar. Yenidən analizə göndəriblər hələ…

– Necə yəni? Hələ bimirlər  nədən ölüb? İyirmi gündü, korona adıynan yatırdıblar xəstəxənada, indi nə analiz?

-Vallah, nə deyə bilirsən, nə danışa bilirsən. Bu nə oyundu, bu nə bəladı, hələ heç kəsin başı çıxmır. Arvadı-uşağı axşamdan özlərini həyətdə öldürüllər. Onlar da karantındədi də, bilirsən. Heç kimi yanlarına buraxmırlar… Allah, sən özün fikrimizi çək… əlimizdən nə gəlir ki?-  Nərgiz Tanrıyla danışırmış kimi göyə baxdı…

-Yasa getməyəssən?

-Yox…qorxuram…özümdən yox, atama görə istəmirəm…Yaşlı adamdı…

  Pilləkəndə çöküb qalmışdı. Fikrini bir yerə cəmləyə bilmirdi. Bu virus dünyaya təşrif buyurandan onunla bağlı nəyin düz, nəyin yalan olduğunu dərk etməyə çətinlik çəkirdi. Üç aydır ki, inamla inamsızlıq arasında çabalayıb dururdu.

                                                  ***

  – Allah, sənə qurban olum! İtin-pişiyn olum, çox şükür! Ölümüzü verdilər. Şükür ki,o xəstəlikdən deyilmiş.. yoxsa, dərdimizin üstə dərd gələrdi.

   Ağlaya-ağlaya sevinirdilər. Amma, saf, təmiz adamlar nəyə sevindiklərini bilmirdilər…

-Bəs nədən ölüb?

-Deyirlər, ağ ciyər xərçəngi imiş.

-Bəs indiyə kimi niyə demirdilər? Öləndən sonra virus çıxdı qaçdı? Üç həftədi bu ailə  nələr çəkdi, nə yaşadı, kimsənin xəbəri varmı? Hər gün, hər saat, hər an qorxu ilə yaşamaq asan deyil. Adamın yeddiilliyi dala düşür.

– Dinmə, sən allah, yenə çəhənnəm ki, ölüsü evinə gəldi, balalarının çiynində gora getdi. Ayrı yerdə yox, məzarlıqda basdrdılar. Buna da şükür!

                                                 ***

    Neçə gün idi ki, evdə idi. Saat səkkizə kimi yataqdan qalxmırdı. Qəribəsi də bu idi ki, neçənci səhər idi ki, azan səsinə oyanırdı. Ilk ağlına gələn də – “görəsən kimdi?” sualı olurdu. Oyanıb, yerinin içində oturdu. Azan veriləndən beş-on dəqiqə sonra bugünkü yolçunun kim olduğunu biləcəkdi. Kəndin mollası zamanayla ayaqlaşan müasir molla idi. Feessbok səhifəsində kimin öldüyünü, nə vaxt, harada dəfn ediləcəyini, yasın hansı mərasim evində saxlanacağını və ya saxlanmayacağını paylaşıb, xəbər verirdi.

  -Kim nə deyir desin, getməyəcəyəm yas yerinə. Lap qohum olsa belə…giley eləsinlər, neyniyim… – oz-özünə ürəyində götür qoy edirdi. Bu milləti başa salmaq olmur ki, ay anam-bacım, olmaz! Belə bir yerə yığışmaq, bir-birinin qulağının, burnunun dibində oturmaq olmaz… çünki bu adamları ancaq özləri qoruya bilərdi bu gözəgörünməz bəladan. Yenə cavanlar, sağlıqlı olanlar xəstəliyi yünğül sovurdular.. bəs yaşlılar, xəstələr? Heç kimin onların taleyi ilə oynamağa ixtiyarı yoxdu axı… niyə onlar ən yaxınlarının, ailə üzvülərinin cahilliyindən, başısoyuqluğundan ölməlidirlər?

                                                 ***

   Hamının içini bir qorxu yeyir…hamı içində öskürür, eşıdərlər deyə… hamı asqırmağı unudub sanki… şübhə dolu baxışlar, qorxu içində danışan pıçıltılar…Bunları görməkdənsə…nəfəsi tıncıxdı, sanki yoruldu.  Harasa getmək istəyirdi.. hara getsin? Hə, dərman alacaqdı axı…Üstünü dəyişib yaşmağını ağzına aldı.

  Reseptsiz verilən dərmanın  adını dedi. Əczaçı qadın şübhəylə onu süzüb üzündəki qoruyucu maskanı bir az da yuxarı qaldırdı. Dərmanın pulunu verib sakitcə çıxdı.

  Təpənin başında qəbir qazırdılar. Onu orada basdıracaqdılar. Ölü maşınında gətirdilər. Hər tərəfləri bürünmüş, təkcə gözləri şüşə arxasından işaran dörd nəfər laqeyd halda onu dərin qazılmış qəbirə endirdi, dərmanlayıb, üstünü torpaqladılar, getdilər. Nə molla vardı, nə Quran səsi… Guya neyləyəcəkdilər? Canlarından bir parça deyildi ki…. Gündə neçə belə adam basdırırdılar. Yaxınları yaxına buraxılmadı. Kənardan qorxu içində, gözlərinin yaşını udaraq baxa-baxa qaldılar…

  -Ölülərimiz necə urvatsız oldu, ay Allah….

  -Nə günlərə qaldıq, qurban olum….

Guya ki, dirilərin urvatı qalmışdı…

                                                   ***

   Maskalı adamlar yolda ağır-ağır yeriyirdilər. Elə bil yüz ilin yorğunu idilər.  Nə günəşin nə yağışın, nə ağacların qoxusunu hiss edən vardı. Yer üzünə ölüm sükutu çökmüşdü. Qarğalar  uca bir qarağacın başında özlərini yeyib tökürdülər. Qarıltıları qulaq batırırdı. Göy üzündə bir dənə bulud yox idi…sanki göylərin yolu açılmışdı…Tanrı qapıları bağlamağa macal tapmırdı…

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 18 eseri bulunmaktadır.