DergiZan

Yazı ve Sanat Ülkesi

Bir qadın-bir ev…mi?/ Şəfa Vəli

(“Qadın ağlıyla” silsiləsindən I yazı)

            İllər öncə  Türk dünyasının görkəmli folklorşünası, professor Sədnik Paşa Pirsultanlının arxivində bir əlyazma ilə rastlaşmışdım. Adını unutduğum ABŞ elm adamının kündə ilə bağlı məqaləsindən bir parça idi.  Məqalənin məsləhətçisi Sədnik Paşa olmuşdu. Onda gülüb keçmişdim: “Kündəmi? Kündənin nəyindən məqalə yazılıb ki?”

            …Başqa bir ilin  ilıq yaz günlərindən birində anamla Gəncənin məşhur “Keçmiş Sabir küçəsi”ndə üzaşağı addımlayırdıq. Söhbətimiz nədən başlamışdı,  bilmirəm,  amma anam bu cümlələri deyəndə “prokurorluğun küçəsi”nə açılan tağlı keçidin altından keçirdik: “Yağı atırsan tavaya, gözləyirsən ki, dağ olsun,  kartofu qızardacaq hala gəlsin.  “Sözü dağ etmək” ifadəsi  başqa tərəfdən tanıdılıb bizə. Sözü deyərkən dağ eləmək olmur,  insan gərək sözünü öz içində-düşüncəsində dağ eləsin, hazır hala gətirsin, sonra ağzından çıxarsın”. 

            Sözümün dağ yerində düşüncələrimi kündələyirəm yenə… Təndirə yapmaq mətbuatın, dadına baxmaq oxucunun işidir.  Yazılarımın əksəriyyətinin “müəllif cinsi” dəqiqliyinə uymadığına bilirəm; cəsarətlə “ev” anlayışını qadın ağlıyla ölçməyə çalışmağım bundandır. Hə, evdən danışacağam…Otaqlardan, əşyalardan,  şəkilli-şəkilsiz divarlardan deyil, evdən…

            Ev nədir? “Başımın üstündə dam”dan ötədə başqa  anlamı varmı? Varsa, o anlamı  kim daşıyır çiyinlərində?  Düşünmədən, tərəddüdsüz cavab təfəkkürdədi: “yuvanı dişi quş qurar”.  Düşünəcəyimiz,  tərəddüd məhkəməsində  dar ağacına məhkum edəcəyimiz cavab isə bu günümüzdədi.  Tarixən “Ana xaqanlıq”, “Ata xaqanlıq” necə olub,  necə bir-birini əvəz edib, bunları müzakirə etmək fikrində deyiləm. Heç “cənnət anaların ayaqları altındadır” demirəm də!  “Cənnət” belə, təfəkkürümüzdə ikiləşib çoxdan-Tanrının yaratdığı, insanın həsrət qaldığı mücərrəd cənnət, özümüzün əməlimizlə, düşüncəmizlə özümüzə yaratdığımız xoşbəxt anlar-öz cənnətimiz.  Ev o zaman ucalır, o zaman  doğma olur ki, cənnətimiz orada olsun.

            Ətrafımızda “şəhər əfsanələri” dolaşır. “Kişi işdən çıxıb birbaşa evə gəlirsə, xoşbəxtdir”-deyimi həmin əfsanələrdəndir.  Əfsanəyə inanıb-inanmamaq insanın öz seçimidir, düzdür, amma  gəlin, görək, indiki zamanda hansı kişi evinə “cənnətim” deyir? İşdən qaça-qaça gələn də, işdən sonra çayxanada domino çırpan da evinə “cənnətim” demir. Çünki onun “cənnət” anlayışı ev deyil, özünə-tək özünə yaratdığı kiçik anlardan ibarətdir. (İnsan “cənnət”-“məkan” eyniləşməsinin hüdudlarını çoxdan aşıb) Kişi cənnəti olan anları yol gedəndə də, elə o domino çırpdığı masanın  başında da yaşaya bilər.

            Bəs, “bir qadın-bir ev” qavramı? Qadın kişinin evidirmi?  Sualı tanıdığınız bütün kişlərə ünvanlamaqda sərbəstsiniz, amma bəribaşdan sizə acı həqiqəti açıqlamalıyam: aldığınız bütün cavablar qeyri-səmimi, yaxud  qeyri-şüuri olacaq.   Heç bir insan ev alarkən  alqı-satqı müqaviləsinə gözüyumulu qol çəkmir, amma kişi qadının eşq oduna gözüyumulu, əli-qolu bağlı şəkildə, təpəsiüstə düşür. Odun həmişəyanarlığı təbiətdən asılıdırsa, sönən kimi kişinin qadını, qadının da kişini günahkar bilməsi “bəşəri ənənə”dir. Ah… Biz bu ənənənin davamçıları olmaqla  o qədər “qürur duyuruq” ki!

            “Evin yükü qadının, çölün yükü kişinin” deyən ulularımız bu “bölgü”də adil olmadıqlarını özləri də biliblər, amma özlərinə söyləməyə cəsarət etmədikləri yalanlar haqqında ikinci dəfə düşünməkçün zehin yormayıblar. Yoxsa bizə  çərçivələri elastik məişət tablolarını miras qoymazdılar. Biz də o elastikliyin içində dəqiq ölçülərin həsrətini çəkməzdik… Günahkar axtararkən şəhadət barmağımızı keçmişə zilləmək təkəbbürdür, bilirəm.   “İşıqlı gələcək”, “hər şey yaxşı olacaq”  ifadələrinin hər biri dilimizə gələn kimi, ürəyimizdə bir şam titrəyir: sabah naməlumdur, naməlumluq qorxudur; inkarı mümkünsüzdür. Evin də, çölün də yükü ikiçiyinlikdir…  Yükü çəkən birinci çiyin dəyişməyəndə-yük həm sağdan-sola, həm soldan-sağa ötürülməyəndə, arada ikinci çiyin yükün altına girərkən birinci çiyin dikəlməyəndə,  vəziyyət “başqa cür” olur. Ya birinci  çiyin əyilir, əyilir, axırda da əzilir, ya da  instinktiv dikəlmək ehtiyacına itaət edib qəfil dikəlir və yük yerə düşür. İkinci çiyin bu anda belə, yükü götürməyə cəhd etməsə, yük qalır ortalıqda… Ortalıqda qalan yük urvatsız olur.

            Kişi ilə qadın arasına uçurumu Tanrı qoydu, sonra onları “özünəbənzər” yaratdığını xatırladı, hərəsinə bir cıqqam sevgisindən, mərhəmətindən üfürdü. Bu cıqqam sevgilərlə öz aralarında körpü qurdu qadınla kişi. Tanrı insanı öldürəndə, başına min müsibət gətirəndə əməyinə heyfi gəlirmi, bilmirəm, amma insanlar öz əməklərinin qədrini bilirlər. Bu qədirbilənliklə aralarındakı sevgi körpüsünə dayaq axtardı qadınla kişi; axı sevgi kövrək materialdır. Körpünün bir ayağını mərhəmətdən, bir ayağını  “o da insandır” düşüncəsindən tikdilər. Gördülər, yox, yenə körpünün hər an uçmaq təhlükəsi var, altına tağ vurdular. Tağın materialı etibar idi… Elə ki, körpü hazır oldu, düz ortasında özlərinə ev qurdular, içində özlərinə cənnət yaratdılar.

            Tanrıtanımaz zaman olmasaydı, hər şey beləcə qalacaqdı.   O, körpünün yan-yörəsindən keçdikcə, gah ayaqları silkələdi, gah tağı uçura biləcəyilə təhdid etdi. Qadınla kişi onda anladı ki,   körpü də, ev də daim təmir edilməlidir; əllərini çəksələr, Tanrının aralarına qoyduğu uçurumun dibinə yuvarlanacaqlar… Xilas olsalar belə, hərəsi uçurumun başqa tərəfindən yapışacaq. “Ailə dəyərləri” belə yarandı.

            Təmirsiz körpünün üstündə sağlam ev olmaz…Xarabalığa “cənnətim” deməz  insan: ya oranı cənnət edər, ya da başqa yerdə cənnət axtarar. Evi cənnətə çevirmək qadınla kişinin birgə işidir, amma… “Bir qadın-bir ev” olmağı bacarar, çiynini o yükün altına tək verməyi, şikayət etmədən evin də, çölün də yükünü daşımağı bacarar, kündəsini külfətin sayına uyğunlaşdırar da, ağzından çıxan sözü dağ etməyi bilər də, demədikləri yağlaşoy olar.  Dərd o demədiklərindədir… Dərd o susduqlarındadır… Qadınları danışdırmaqda gecikdirməyin ki, bir qadın-bir ev olsun!

 (2023)

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 24 eseri bulunmaktadır.