DergiZan

Yazı ve Sanat Ülkesi

İki Makale / Ruhəngiz Əliyeva

I

Təfəkkürün Kamilləşməsindən, Kamill Təfəkkürə Ucalmaq Zamanıdır

 

Nassem Talebinin “Qara qu quşu” dünyada höküm sürür. Müəllif öz  məhşur  kitabında yazır: “Hamı özünü təhlükədən qorumaq istəyir. Üsullardan biri – riskləri qiymətləndirmək və onları idarə etməkdir. Bizim nə qədər səy göstərməyimiz vacib deyil. Hər hansı bir riski dəqiqliklə proqnozlaşdırmaq qeyri mümkündür!”

Bu gün bütün dünya karantindədir. İrqindən, cinsindən, dinindən, milliyətindən aslılı olmayaraq  hamı karantindədir. Bir amerikalı necədirsə biz də eləyik. Bir çinli necə yaşayırsa biz də onu yaşayırıq. Izolyasiya dövrü. Nə yas, nə toy, nə əyləncə, nə iş, nə dərs…. Amma böyük bir dərs. Dərs çıxarmaq üçün fürsət. Durulmaq üçün imkan, arınmaq üçün-Dərs….

Insanın rahat yaşaması onun gerçəyi nə dərəcədə dərk etməsindən asılıdır. Gerçəklik insan şüurunda nə dərəcədə dolğun, adekvat əks olunursa, insan ona uyğun olaraq bir o qədər fəal, qarşısına reallaşması mümükün olan vəzifələr qoyur və daha çox səy göstərir. Lakin gerçəkliyin, dünyanın dolğun dərk edilməsi mürəkkəb, ziddiyətli və çətin prosesdir. Epiktetos: “Bir insanın bildiyini zənn etdiyi bir şeyi öyrənməsi imkansızdır” deyirdi. Bu zaman  insana güc verən ona bütün sirli, sehirli dünyanı dərk etməyə imkan verən  qüvvə, yaradanla insan arasında yeganə əlaqə olan  qüvvədir – Duadır.

Ümid Nəccari bunu belə deyir:

….. Oturmuşdum
Kəlmələrlə keçmişimi,
Ağacların gövdəsinə oxuyurdum.
Bulud olduğum arzularımın
Körpüsündən keçirdim.
Oxuyurdum
hər nə varsa qanad adında
Qanada ad verən,
Allaha…

Taqor da yazırmış ki, ağaclardan xahiş etdim: mənə Allahdan danış. Və o çiçək açdı.

Mənsə bütün bəşəriyyətdən xahih edirəm, mənə Allahdan danışın!  Danışın ki, durulaq, danışın ki, arınaq ! İndi nə arzudan, nə kamdan giley vaxtıdır! Nə alqış, nə qarğış vaxtıdır. Güclü, xudbin ucalıqdan insana enmək vaxtıdır! Təfəkkürün kamilləşməsindən, kamil təfəkkürə ucalaq !

Qorxu yaradan bir virusun gerçəkliyi – ölüm qorxusu əslində insanın  aciz məxluq olduğunu, bütün yüksək texnologiyalara, inkişaf etmiş təkammül və təşəkkül etmiş elmə rəğmən öz ilkin zəifliyindən çox da uzaqlaşmadığı qənaəti yaratdı. Yeganə çıxış yolu mənəvi aydınlanmaqdır. Fiziki təmizlikdən sonar mənəvi təmizliyə də ucalmaqdır.

Mənəvi aydınlığa çıxmaq yollarından birincisi, özünüzə qarşı dürüst olmaqla, özümüzdə nəyi dəyişdirməliyik sualının cavabını vermək üçün  yetərli gücə sahip olmaqdır. Biz bu gün nəyin ən yaxşı olduğunu dəyərləndirməyimizlə başqalarına qarşı daha həqiqi, anlayışlı və öz mənliyimizin tələbləri qarşısında vicdanla məsuliyyətimizi dərk etsək, özümüzlə yanaşı ətrafımızdakıları da qoruyaraq,  mənfi bir ünsürə çevrilməsindən  xilas edərək, faydalı ola bilərik.  Unutmayaq ki,  Hz. Məhəmməd: “ İnsanların xeyirlisi insanlara faydalı olanlardı” demişdir.

Bu çətin günlərdə mən bir “Polyanna” pozitivliyi ilə Allaha təşəkkür edirəm. İçində Allah özü daşıyan insan bədbin ola bilməz.

Eleanor Porter “Polyanna” əsərində:

  • Qızım, xeyriyyə cəmiyyəti sənə hədiyyə göndərib.
  • Ata bu ki, çəlikdir. Axı, mən gəlincik istəmişdim. Pollyanna ağlamağa başlayır.
  • Sən sevinməlisən
  • Bunun nəyinə sevinim ?!
  • Sevinməlisən ki, bu qoltuqağacı sənə lazım deyil.

O gündən Polyanna hər xəbərdə yalnız pozitiv məqam tapmağı öyrəndi. Əslində  zehnimizi səsiszləşdirsək, ruhumuzun səsini eşidə bilsək o zaman, sadəcə Yaradana təşəkkür edərdik. Bu gün özünüzü və davranışınızı daha net anlamaq üçün bir çağırış yaranmışdır.  Bəlkə də, Rəbbin bizə ən doğru olanı anlatmağı üçün biz bu çəmbərdəyik ?!  Bəlkə fiziki təmizlikdən, mənəvi təmizliyə, təfəkkürün kamilləşməsindən, kamil təfəkkürə ucalmaq zamanıdır. Sizcədə elə deyilmi ?!

 

 

II

İşıq Qaranlığın Gözünə Düşür, Bilik Danışır, Müdriklik Qulaq Asır

 

Ey iblis, şərini artırma nahaq,

Zülmət çoxaldıqca, nurlanar çıraq.

Şərq fəlsəfi fikrində və bəşəri anlayışında, hər zaman  “Qurani Kərim”in Nur surəsindəki məlum ayəyə işarə ilə işıq, nur hər zaman bəşəriyyətin ümid yeri olubdur.

Bəşəriyyətin Xeyir və Şər, cahillik və müdriklik, qaranlıq və aydınlıq konteksində işıq hər zaman aktual bir sözdür. Belə düşünmək olardı ki, söhbət ya cəmiyyətin, ya da hər hansı bir lokal ictimai mühitin “qaranlığından” – qaydasızlığından, dərdlərinin çoxluğundan və ona çarə tapmaq üçün balaca təşəbbüslərin, işıqlı aydınlığın yetərsizliyindən irəli gəlib. Bu, sosial kontekstdir.

Yaxud qloballaşma və qərbləşmə dövründə insanın öz milli varlığından, mədəni-mənəvi yuvasından ayrılmaq məcburiyyəti içdən və qədimlikdən gələn işığın azalmasına səbəb olur və qlobal Qərbin böyük qaranlıqlar kimi təqdimatı üçün də meydan açılır. Bu, artıq coğrafi-siyasi kontekstdir.

Burda işıqla aydınlığı eynilə alimlə, müdrik insanı dərk etməyin arasında incə xətt var.  Necə ki, alimlə (bilən) müdrik insanın (dərk edən) həyata baxışları və yanaşması fərqli olur. Müdriklik sadəcə yaşla və dünyagörüşü ilə əlaqədar məfhum deyil. Müdrik insan tək baxış bucağına sahib olmayan, bildiklərini səthi deyil, dərindən anlamağa çalışan, üzdə görünənə deyil, arxa plandakılara da nüfuz etməyi bacaran şəxsdir.

Alim olmaq dünənə görə daha asandır. İşıqlı görsənməklə aydın olmağın da fərqi bundadır. İnformasiya çağında yaşayırıq və qapılar biliyin üzünə taybatay açıqdır. İndi bilik bir “click” qədər bizə yaxındır. Burada alim sözündən qəsdim bilik sahibi olmaqdır, akademik fəaliyyətləri olan şəxslər nəzərdə tutulmur. Öz maraq dairəsi, peşəsi, ixtisası və s. üzrə dərinləşmiş və hər zaman özünü təkmilləşdirən insanlar da öz sahələri üzrə alim sayıla bilərlər.

Müdrik isə məlumatın çoxluğuna deyil, onların içərisindən anlayıb, işıqla aydınlığı seçə bilən bizə faydalı ola biləcəklərə fokuslaşmağı öyrədəndi. Müdrik insan üçün biliyin kəmiyyəti deyil, keyfiyyəti vacibdir.

Anlama səviyyəsi yüksək insanlar başqalarının baxıb, gözləri ilə görə bilmədiyini “ağılları” ilə görənlərdir. Onların dinləmə bacarığı da yüksəkdir. Sadəcə deyilənləri deyil, deyilməyənləri və deyilmək istəyənləri də eşidirlər. İşığı qaranlığın düz gözlərinə salmağı bacarırlar.

“Nurdan işıqlıdır zülmət cahanda”, – deyən dahi, görünür, qaranlığın öz bətnində saxladığı, hələ doğulmamış böyük potensial imkandan bəhs edir. Müdriklikdən bəhs edir. İnsan da gecənin və qaranlığın davamı kimi təqdim olunur:

Ana bətninin gecəsindən

Dünyaya gəlir insan.

Bütün dirilişlər qaranlıqdan işığa doğru başlayır. Qaranlıqdan doğulur bütün işıqlar. İşıqla yox olur bütün qaranlıqlar. Lap elə 9 ay ana bətnində qaranlıqda gözləyən körpə kimi, gündüzün gecəylə qovuşması kimi…

Bu davam özündə həm gecəni, həm də gündüzü, işığı saxlayır. Lakin insanın gəldiyi dünya doğurdan da, işıqlıdırmı? Maraqlıdır. Bu dünyanın işığından, iç dünyasının  işığı – müdriklik işığı daha işıqlıdır.

…Ana təbiətin işığımı azalır,
Yoxsa içimdəki işıq
ona kölgəmi salır?! –
Deyə bilmərəm, ancaq
işığım artdıqca
bu fani dünya sanki qaralır…

Bu “Yalnız işıq vardır, qaranlıq işığın yoxluğudur”deyimini xatırladır deyilmi?  Eyni zamanda dünyanın məhz yoxluqdan var olması fikri təkcə fəlsəfədən və dindən gəlmir; müasir fizika da yoxluğun varlığa, virtual zərrələrin real zərrələrə çevrilməsindən bəhs edir. Bəli, indiki fizika artıq lirika səviyyəsinə çatıbdır.

Lakin fizika nə qədər dərinə getsə də, “qaranlığın işığı” ideyasına ancaq indi-indi yan alır. Müdriklər isə əksliklər arasında dərin daxili əlaqəni, görünür, fəhmlə duyurlar.

Bəs müdrikliyə çatmaq üçün nə etməliyik?

“– Bilirsənmi, dostum…Müdrikliyə çatmağın yollarını tapmaq üçün əvvəlcə müdrikliyin nə olduğunu dərk etmək lazımdır. Müdriklik, sadəcə, yaşla və dünyagörüşü ilə əlaqədar məfhum deyil. Müdriklik, səhvdən sığortalanmaq və ya hər şeydə mütləq haqlı olmaq mənasına gəlmir. Müdriklik Nizaminin və Sədinin əsərlərində təsvir olunan nurani qoca obrazları da deyil. Müdriklik çatılası mənzil deyil, öyrənmək və dərk etmək yolunda atılan gündəlik addımların, büdrəmələrin və yenidən ayağa qalxıb yola düzəlməyin özüdür. Müdriklik, sadəcə, düz addımlarla ölçülmür, o atılan çoxsaylı səhv addımları düz addımlara çevirmək bacarığıdır”

İçimizdəki zülmət ilahi qüdrət, nurlanma, ilahi ilham sayəsində hər an işıqlana bilər və onun heç də bir boşluq olmadığı, nə qədər böyük bir yük daşıdığı üzə çıxar.

“Dünyanın nizamı” – işıqdır. Qaranlıq isə hələ nizamlanmamış, qaydaya salınmamış, deməli, yaradılmamış dünyadır. Əvvəlcə dünya yaradılır, yəni xaos nizamlanır, qaranlıqlar işıqlanır. Sonra bu qaydanı, bu nizamı, bu işığı bilik kimi, konsept kimi özündə saxlayan insan yaranır.

“Qaranlıq” üçün trivial izah, əlbəttə, poetik izahdır: gecənin qaranlığını aradan götürmək üçün Günəş gərəkdir,  bu qatı zülməti əritməyə ancaq  müdrik işğın gücü çatar.

Edit Varton deyir: “İşığı yaymağın iki yolu var: Ya şam olmaq, ya da şamın işığını əks etdirən bir ayna olmaq.” Mənsə dəcəl uşaqlardakı kimi, kamil olmayan müdrikliklə deyirəm ki, gəlin şam təki yandığımız işığı aynalarla qaranlığın gözünə tutaq. Çünki qaranlıq  mahiyətcə yoxdur!

 

Ruhəngiz Əliyeva                                                                      
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi
Azərbaycan Yazıçılar Birliyinin üzvü.

 

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 100 eseri bulunmaktadır.