DergiZan

Yazı ve Sanat Ülkesi

Şiirler / Osman Fermanoğlu

BİR AZ AĞIL VER


Üzümü tutmuşam durduğun yerə,
Yuxusuz gözümə yetik nağıl ver.
Uşaq olmasam da başımı aldat,
Nağılın içində üçcə noğul ver…

Dəmir çarıq geyib, alsa da əsa,
Öz içində itib, batan çoxdusa…
Sözünə ağalıq edən yoxdusa,
Əyri əməllərə şaqul- çuğul ver.

Əllərim açıqdı, ürəyim ləlik,–
Könlümdən dilimə axır köləlik.
Eyləyə bilmədim yurda yiyəlik,–
Bu yurdu qoruya bilən oğul ver.

Adını tutaraq çıxmışam yola,
Osmanı dərdlərin başına dola.
Ehtiyat fondundan olsa da olar,
Tanrım, mən fağıra bir az ağıl ver.

QAPISI AÇIQ OLAR


Əgər yaşanandısa, ömür özü şıq olar,
İstər al gey, istər şal, cana yaraşıq olar.
“Gətir yeyim, ört yatım”,deyənlərin olmasa,
Başının üzərində bulud alaçıq olar…

Gününü göy əskiyə düyənin baxışından
Yolunu çaş salarsan zamanın axışında…
Yaman deyən kəslərin itərsən qarğışında,
Ha aralı durasan, gələr sarmaşıq olar.

Günlərin aramında versələr də səs-səsə,
İşin əyilən yerdə güvən olmaz bu dəsə…
Deyərlər, danışarlar bitməz quru “fəlsəfə”,
Lehməli sözlərindən dörd yanın palçıq olar.

Sənə dua yazarlar, olsalar da dualıq,-
Tam kimi bölünərlər, yenə olarlar qalıq.
Tərəziyə qoyarsan, nə ətdilər, nə balıq,
Tıxsız görünsələr də, içləri qılçıq olar.

Osman, bu ağrıların tapılmaz bir nədəni,-
Qorumaq çətin işdi, axı başsız bədəni…
Qarabağ yiyəsiz yer, çoxdu gəlib, gedəni,
“Ölüsü düşən evin qapısı açıq olar…”

ÇƏKƏN KİMİ

Dərdlər içimdən boylanır,
Üzə örtük çəkən kimi.
Bir az getməmiş dayanır
Lap ağır yük çəkən kimi.

Deyəsən, alıb gözümdən,
Ələnir bət- bənizimdən…
Məni də çəkir özümdən,-
Şit yağdan tük çəkən kimi.

Osman, yön alaraq bir də,
Söykənirəm yenə dərdə.
Sürüyürəm ən sərt yerdə
Çürük kötük çəkən kimi.

ÇƏKMƏZ

Paşam, hərə öz hayında,
Tərəzi düz çəki çəkməz.
Qoşula əlli boyun da,–
Öküzlər bu yükü çəkməz.

Daşısa da qoşun-qoşun,
Yuvası çör-çöpdü quşun…
Ağlı buxarlanan başın
Üstündə tük tükü çəkməz.

Osman, keç yiyəsiz yerdən,
Nə umursan bu şəhərdən…
Küləyə qoşulub gedən –
Budağa bax, kökü çəkməz.



SƏN DƏ BULANDIRMA


Onsuz da başından bulanıq gəlir,
Sən də bulandırma bu axan suyu.
Yiyəsiz dolanır ellər gözəli,–
Nə qılınc qoruyur, nə qalxan suyu.

Qışda təkliyini sal buza deyir,
Yazda istəyini yarpıza deyir…
Yayın ağrıları payıza dəyir,–
Çən,duman ovudur darıxan suyu.

Küləyə qoşulub el soraqlayır,-
Sükutdan yorulub dil soraqlayır.
Düşür yarğanlarda lil ayaqlayır
Dağların güzgülü, can yaxan suyu.

Payına sevgidən bir qaşıq düşür,
Fikri çözüm–çözüm qarışıq düşür.
Saçı uçrumlarda dolaşıq düşür,-
Asılır qayadan dağın xan suyu.

Osman,yüz boylana ötən çağına,
Yenə urcah olur dərd yığnağına.
Çəkilir günbəgün qan ayağına,–
Qanına bələyir axan qan suyu.

Ə. ELÇİBƏY DİVANİSİ

Üç nöqtəylə bitirdin bu gəldi-gedər ömrü
Amma çoxları kimi etmədin hədər ömrü.
İşi çox ağır olar qurd kimi gəzənlərin
Dolaşar yan-yörədə, çaqqallar güdər ömrü.

Aşiqi yox yerlərin, qəribləri dəm tutar
Sabahın havasıya dərdlərini ovudar
Daşımaq da çətindi, sükutdan qulaq batar
Sevinci zərrə-zərrə, boyaboy kədər ömrü.

Ürəyində boy atan arzuydu bütöv olmaq
Alınmaz qala olmaq, basılmayan ev olmaq
Özünə sahib çıxan gen sinəli dev olmaq
İsaq-Musaq quşu tək çağırar, ötər ömrü.

Əzrayıl təngi nəfəs, kəsilməz hələ nəfəs
Azadlıq axtarana dar gələrsinə-qəfəs
Ümid işartısıdı işığa çağıran səs
Cahillərin əlindən qoparar qədər ömrü.

Bəyim, bardaş quraraq yatan çoxdu kölgədə
Diksinməz top atılsa, tufan qopsa ölkədə
Tanrının bu millətə son lütfüydün, bəlkə də
Hər adama yazılmaz nurlu Peyğəmbər ömrü.

SƏN MƏNİ

Xalqın şirin- şirin yatdığı vaxtda
Sən məni haraya çəkirsən, Cırtdan?!
Hələ belə yatmaq var ikən baxtda,
Nə tumdu beynimə əkirsən, Cırtdan!

Ağ dediklərimə qara deyirsən,
Bütün bildiyimə para deyirsən.
Qırpıb kirpiyini, elə döyürsən,–
Yuxumu çırparaq tökürsən, Cırtdan!

Gəl verək əl-ələ, bu mən, bu da sən,
Nə gördün, ayıldın, de, yuxuda sən?
Önündə yol varmı tutub gedəsən,-
Məni nə dərdlərə bükürsən, Cırtdan!

Başı qovğadadı gələn günlərin,–
Sənin qart devlərdən yoxdu xəbərin…
Qapında bir addım varmı çəpərin?,–
Özgə çəpərlərə çökürsən, Cırtdan!

Mənim işlərimə axtarsan çara,
Osmanı dərdlərin içində ara…
Təzə nırx gətirmə köhnə bazara,
Mənim də ruhumu sökürsən, Cırtdan!

SƏN HEÇ DUYDUNMU


Bir gülləlik ara var
dən gəzən sərçə ilə
ölüm arasında.
Bir giləlik yol alar
qılçıqda gizlənən dənə sarı…
Sən heç sərçə qəlbinin
vurduğunu duydunmu
ovcunun içində?!
Bir durnalıq yol var
yazdan boylanan payıza,
Toyunu ayağı altına qoyub,
yola sarılan qıza…
Sən heç durna ürəyinə
qoşulub getdinmi,
payızlayan durna köçündə?!
Bir Quranlıq yol var
Dilimizlə dinimiz arasında…
Nə gündəyik, könül,
nə dağlığıq, nə aranlıq.
Yeyib bitirir bizi
içimizi talayan viranlıq,-
Sən heç özündən qaçdınmı,
gizlənib ömrün bir küncündə.


Bir gülləlik ara var
dən gəzən sərçə ilə
ölüm arasında.
Bir giləlik yol alar
qılçıqda gizlənən dənə sarı…
Sən heç sərçə qəlbinin
vurduğunu duydunmu
ovcunun içində?!
Bir durnalıq yol var
yazdan boylanan payıza,
Toyunu ayağı altına qoyub,
yola sarılan qıza…
Sən heç durna ürəyinə
qoşulub getdinmi,
payızlayan durna köçündə?!
Bir Quranlıq yol var
Dilimizlə dinimiz arasında…
Nə gündəyik, könül,
nə dağlığıq, nə aranlıq.
Yeyib bitirir bizi
içimizi talayan viranlıq,-
Sən heç özündən qaçdınmı,
gizlənib ömrün bir küncündə.

İPİNƏ QƏDƏR


Paşam, yağlı deyilmiş
aşın dibinə qədər…
Yolun beş qarış imiş;
kasıb cibinə qədər.

Gələn könül oxşayan,
gedən könlü daşıyan…
Kimdi dözüb yaşayan
ömrü küpünə qədər.

Alıb ələ ələyi
vaxtı çəkir, ələyir.
Bildirçinin bəyliyi
əkin, səpinə qədər.

Adama bax, çörəyi
Ölçü-biçiylə yeyir.
Sonalayır hər şeyi,
ən son dəbinə qədər.

Osman, dərd canın varı,
aşmaq olmur divarı…
Ayaq başı aparır
Darın ipinə qədər.

.
QIRMIZI BANT


Bizim çəkəcəyimiz dərd
o qara qoçun boynunda
sevinə– sevinə gəzdirdiyi
qırmızı bantdı…
Hər gün bir qapıda
qayçılanan lentdi,
kəsildikcə əskilən ümiddi.
Bizim çəkəcəyimiz dərdin
çox gen açılıb qapısı,
çoxdan qollanıb tapusu…
kökü çox dərindi;
bir tərəfinə ayı örtən əmmamə,
bir tərəfinə mundarlanmış xaç bağlanan,
üstünü ot basmış,
gediş–gəlişsiz Xudafərindi…
lentinin kəsilməyini gözləyir
Arazın üstündə…
Nəyə sevinirsən, qırmızı bantlı qoç,
Nəyə sevinirsən, canım,
bu qədər üz qaralığıynan
qurbanlıq alınmaz səndə,
bu qırmızı bantlı qoçu kəsməklə
hansı yükü atırsan çiynindən?
Qurbanın qəbul olsun,
özün qurbansan
bu ortalıqda qalan Vətəndə…

QIRIQ QIRIQDI

Vətən şəklidi hər gədik,
Xətləri qırıq– qırıqdı…
Bərələri didik– didik,
Bəndləri qırıq– qırıqdı.

Çiçəkləri açır səssiz,
Solur yiyəsiz-yiyəsiz.
Sərhədi qındı tiyəsiz,
Sədləri qırıq–qırıqdı.

Dağların çəndi gələni,
Geyir, sirrinə bələnir…
Sevinci gendə girlənir,
Dərdləri qırıq–qırıqdı.

Osman,ruhlardı öyülən,
Oxunmur adam deyilən;
Yumşaqları tez əyilən,
Sərtləri qırıq– qırıqdı.

BU DAŞI


S. ABDULLAYA


Könlümü nə yaman oxşayır,qardaş,
Aparaq yamaca sərək bu daşı.
Bir vaxtar olubmuş daşlara yoldaş,
Kənara tullayıb mərək bu daşı.

Saxlayaq döngədə, tində dayansın,
Çovğunlu, çiskinli gündə dayansın.
Adam adlamayan yöndə dayansın,
Eyləyək uçruma dirək bu daşı.

Yer torpaq ələsin başına, göy su,
Çəkilsin ərşlərə gözdən yuxusu…
Hələ canındadı quşun qorxusu,
Gözdən qaçırmayaq gərək bu daşı.

Ömrə qənimdisə, daş- mum eləyək,
Osman, məzlumdan da məzlum eləyək.
Döyək dən daşında, toz- qum eləyək,
Əsən küəklərə verək bu daşı.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 40 eseri bulunmaktadır.

Yazarın diğer yazıları