DergiZan

Yazı ve Sanat Ülkesi

Mənim Seçimim / Bənövşə Mahmudqızı

– Qollarımdan tutmuşdu, hər ikisindən… Yekə qarnı ilə üstümə çökmüşdü. Ayaqlarımla onu itələməyə çalışsam da alınmırdı. Mən onun bir ayağı boyda deyildim… Bircə səsimi çıxartmırdım. Səssiz qarşı gəlirdim ona…

On bir yaşım var idi… Mənə bunları yaşadan qardaşımın sinif yoldaşı idi. Qardaşımın ən yaxın dostu. Təcavüzə uğramışdım.

 Qaça – qaça evə getmişdim. Evə gedərkən yolda palçığa yıxılıb, daxilən də, xaricən də ləkələnmişdim.

 O gün ilk dəfə tək çimmişdim. Evdə kimsə yox idi. Tək ağlaya – ağlaya çimmişdim. Olanların yaxşı bir şey olmadığını anlayırdım və mən dərsə getmək istəmirdim. Neçə gün davamlı qızdırma içində olmağım da dərsə getməməyim üçün yaxşı bəhanə idi.

 Sağala bilmirdim. Aylarca qızdırma içində oldum. Valideynlərim nə olduğunu anlamırdılar. Ta ki, məni qanlar içində yataqda görənədək. Xəstəxanada hər şey aydın olmuşdu. Keçirdiyim şokun təsirindən qızdırmam düşmür, zədələrə görə qanaxma dayanmırdı. Çox bitkin halda olduğumu xatırlayıram. Bir də başımın üstündə ailə üzvlərimin ağlamasını.

 Sağalmışdım… Xəstəxananın pəncərəsindən baxırdım. Anam gəlib, başqa evdə yaşayacağımızı dedi. Bəzi şeylərdən xəbərsiz idim. Yeni evimizə gələndə qardaşımı görmədim günlərcə. Demək istəmirdilər hardadır, amma qardaşım üçün ağlamağa başlayanda məcbur qaldılar.

 Qardaşım həbsdə idi… Səbəb isə həmin adamı öldürməsi idi. Qardaşımı uzun müddət görməyəcəmiyimi anlamışdım. Halbu ki o, universitetə getməyə hazırlaşırdı… Mən də dərslərimdən qopmuşdum. İki il sonra məktəbə qaldığım yerdən davam edə bildim. Oğlanları isə canavar kimi görürdüm. Heç biri ilə salam – sağ olum yox idi. Heç nəyə baxmayaraq, həyata davam etməyə çalışırdım.

 Günlərin bir günü bir oğlan qarşıma çıxdı və mənə səni sevirəm dedi. Sevginin nə olduğunu bilmirdim. Mən isə susqunluq içində ona uzun – uzun baxıb, getdim.

 İllər ötmüşdü… On böyük il keçmişdi. Qardaşımın həbsdən çıxmasına daha on il lazım idi… Bu on ildə atamı da itirmişdim. Dözə bilməmişdi övladlarının bədbəxtliyinə.

 Sonra bir gün, anam məni qarşısına qoydu və danışmağa başladı… Ərə getmək lazım idi. Səbəb isə daha yaxşı həyata laiq imişəm. Özümü tanımadığım bir adamın yanında gəlin paltarında əyləşəndə tapmışdım.

 Toy gecəsi… Qışqırıb otaqdan qaçmışdım. Mən ərimlə münasibət qura bilmirdim. Bu da çox çəkmədi, dul qaldım… Mən belə davam edə bilməzdim. Anam mənə görə çox əziyyət çəkmişdi və çəkməyə davam edirdi. Qardaşım da gəncliyini mənə görə həbsdə çürütmüşdü.

 Uzun – uzun düşündüm… Bəlkə ölüm? Psixoloqa getdim, uzun müddət getdim. İkinci dəfə ailə qurdum. Artıq iki övladım var və mən kişilərdən nifrət etmirdim. Qorxmurdum da. Yaşamağı seçmişdim. Valideynlərimin, mənə görə ömrünü çürütmüş qardaşıma görə yaşamağı seçdim. Çünki intihar çarə deyildi…

Otağa susqunluq çökdü. Mən tələsik stəkanımı su ilə doldurdum. Stəkanı su içmək üçün qaldırdım. Lakin boğazımdan su yerinə sanki daş keçirdi. Bunu görən pasiyentim gülümsədi :
– Neçə ilin əzabını sıxışdırıb, beş on cümləyə sığışdırdım. Lakin yaşadıqlarım sizin boğazında ilişib, daş kimi udqunduğunuz suya bənzəmir.

– Siz çox haqlısınız! Həm də çox güclü xanımsız! Mən bir psixoloq olaraq, bəlkə də bu qədər şeyin öhdəsindən gələ bilməzdim. Lakin siz, artıq bütün bunları bir əhvalat kimi danışacaq qədər güclü bir insan olaraq, özünüzü yetişdirmisiniz. Bu bizim son seansımız idi. Sizə uşaqların təcavüzə məruz qalmaması üçün atdığınız bütün sosial – ictimai addımlarınızda uğurlar arzulayıram. Sağ olun, mənim güclü pasiyentim!

Sonra xanımla əl sıxışdıq. O, gülümsəyərək otaqdan çıxdı. Mən isə onun yanıma ilk gəldiyi günü xatırlayırdım…

Bu gün bir daha bir insanın istəsə, hər şeyin öhdəsindən gəlməyə qadir olduğunu daha yaxşı anlamışdım.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 14 eseri bulunmaktadır.