Şuşa / Nargis İsmayilova

08.11.2020 …
Sevincimin həddi hüdudu yoxdur. Balkona çıxıram ciyərlərimə oksigenqarışıq Xarıbülbülün rahiyəsi dolur. Qulağıma sevincqarışıq sədalar altında İsa bulağının əsrarəngiz zümzüməsi gəlir.
08.11.2020 …
Ruhumda qeyri-adi, nadir kəpənəklər uçur…Mən kürən Qarabağ atlarının fınxırtısını duyuram. Ayaqlarının tozanağına qarışır bütün inamsızlığım. Bir ovuc su vururam üzümə…İsa bulağının suyunu..
Sancıram saçlarıma ən şux Xarı bülbülü…
Gözlərimə, qulaqlarıma inanmıram. Ovuşdururam gözlrimi…
Yuxumu görürəm, Şuşa…?
Kəlmələrin kifayətsiz qaldığı an..
Sevinc göz yaşlarının sel olduğu tarix… Göz yaşlarımız qabardır İsa bulağının sinəsini…
Qafqazın incisi Şuşa…
08.11.2020 …
Havadan Şuşa ətri gəlir…Ta dərinlərimə kimi anlayıram, dərk edirəm Azərbaycanlı olduğumu. Bu hüdudsuz sevginin yaşı 3, 5, 11, 34, 59, 98,100 və s. dir. Yaşı yoxdur bu sevginin.
Hər yaşda dodaqdan nəğmə olub saçılırsan qalaktikaya, Şuşa!
Bu bir dəli tutqu idi.Şuşa zaafımız idi. Alüdəyik xalq olaraq Qarabağa…
Qarabağ Azərbaycandır…
Azərbaycan and yerimiz, qibləgahımızdır!
Heç bir epitet, heç bir təsvir yetmir səni ifadə etməyə. Ey ruhun məhbubu. Ey əzizim, sevgilim, imkansızım Şuşa…
Budur burdasan… Xarı bülbülün rənginə boyanıb başının üstündəki buludlar . Uzat əllərini, öpüm biləklərindən. Əsarət zincirləri çoxmu ağrıdıb səni…Biləklərinə 28 ilin ağrısı həkk olunub bilirəm. Qorxma, keçdi, arxada qaldı hər şey. Qorxma Şuşa, yasla başını Azərbaycanın köksünə…Əbədiyyən buraxmayacağıq əllərini, toxda… Əmin əllərdəsən, Şuşa!