DergiZan

Yazı ve Sanat Ülkesi

Altı Şiir / Firudin Həmidli

Qərənfil Havası

Zirzəmidə boy atır bir qəribə qərənfil,
Nə baharı biləndir, nə tanıyır zamanı…

Qərənfilin könlünə dağ havası düşübdür –
Dağılası deyil ki dərələrin dumanı…

Deyirlər, köhnələrdə dəniz imiş bu yerlər;
Bir desənə, qərənfil, hayandaymış limanı?…

Hansı bulaq suyundan içirəmsə, qərənfil,
Canıma yar sarıdan bir təşnəlik dolanır…

Daş da qaçmaq hayında, yol da qaçmaq hayında,
Daş özündə kiçilir, yol özündə uzanır…

Qulağını tut hələ bu gerçəyin səsinə,
Pıçıldayır içində yüz illərin yalanı…

Zirzəmidən xəbər ver, ay alaca qərənfil!
Yar eşqinə tən gəlir ürəyimin imanı…

Qərənfilin havası, ay qəlbimin havası!…
Gözləmə, ağlım kəsə bu əcaib dövranı,
Bu nanəcib dövranı…

Ahuzar

El yığışır, Ahuzar, sən də hörüyünü yığ,
Dağları haylamaqçün evin eyvanına çıx…

O taybatay, alaca doqqazların önündə
Sutək susub adamlar, alovtək xışıldayır…

Dağa sarı atarkən yollarının daşını,
Əllərinin kölgəsi göy üzünü bulayır…

Nəm otların çiyninə düşən hər addım səsi,
Qupquru səhraların ilğımına tələsir…

Çəkir dodaqlarına ətəklərin qanını,
Gülür zamanla birgə elin qız-gəlinləri…

Sən hardasan, Ahuzar? – ölüm-itim deyil ki;
Axı yaxşı bilirsən hər dayaz-dərinləri…

Qarışmasın saçına gözlərinin dür yaşı,
Sən də hörüyünü yığ, – baxsana, el yığışır…

Üç gülün ətri

Saçınızın bir teli, ey qədim ilahələr,
Əzabıma tən gəlir, ey qədim ilahələr…

Duyursunuz hisini söndürdüyüm çırağın;
Görürsünüz kölgəmə sapladığım bıçağı…

Mövsümlərin çayında paklayıram ruhumu,
Suyun qırmızısında itirirəm yuxumu…

Mağara günləritək – bunu xatırlayıram;
Sınmış ildırım kimi özümə gün sayıram…

Qanadıram yaramı hörümçəyin toruyla,
Qayıdanlar görürəm ilk səhərin yolunda…

Qaranlıq işvəsində nəğmə oxuyanı kim,
Çılpaq vücudunuza libas toxuyanı kim…

Qəhqəhəniz duyulur, ey qədim ilahələr,
Görən gözlər ovulur, ey qədim ilahələr…

Səma, dəniz və işıq, sevgi, ölüm və röya,
Sizi nişan eyləyir hansısa özgə dünya…

Hərçənd ki rastlaşmırıq nə bunda, nə özgədə,
Siz – kainat sözünün başladığı ölkədə…

Əl üzürəm, qaneyəm bir hörümçək izinə,
Dərin mağaraların bircə zərrə tozuna…

Basma ipək sizindir, məndə – keçə yapıncı;
Ötdüm ala doqqazı, canımdan axdı sancı…

Mövsümlərin çayında paklayıram ruhumu,
Dağların nəfəsində saxlayıram ruhumu…

Dağlar ağrı içində boylanır adamlara,
Mən gedirəm, silinə ürəyindən bir yara…

İnqilab

Yuyulan daşların sərinliyində
Sayrışır incə-incə bir sarayın kölgəsi;
Bir şahı öldürürlər şahnişin aynasında,
Qatilləri daraşır təzəcə qan lehməsinə…

Rastlaşırıq pərdələr yuxuya gedən kimi,
Dadımızda, ətrimizdə soyuq dişlək izi var;
Haradasa qar yağır alma ağaclarına…

Dağıntılar boyu göstərirəm sənə şəhəri,
Nanə yarpağıtək xışıldayırsan;
Bütün adsız uşaqlar bizə əl edir,
Su çilənir göy üzünə barmaqlarından…

Kiçik bir heyvan nəfəsiylə gülümsəyərək
Gülüşürük xımır-xımır.
Unutduğun qayıqları xatırlayırsan
Ümmanın qırmızı dalğalarında…

Düşünürük:
Yəqin, şahın qatilləri
Nə haçansa alma yeyib,
Nə bir adsız uşağa dərdini deyib,
Nə də qayıq unudub
Ümmanın qırmızı dalğalarında…

Şahnişin aynasından seyr eyləmək nə gözəl;
Qədimi körpüləri döyəcləyən nal səsi,
Qədimi almaları yetişdirən su səsi…

Biz ki şahın yuxusunda gördüyü
Yuyulub islanan bir ovuc daşıq;
Adsız uşaqlar bizi qoruyacaq əbədi
Şahın qatillərindən…

Haradasa qar yağır alma ağaclarına,
Haradasa yuxu görür pərdələr…

Qaçmaq

Heç biri islanmır artıq göz yaşının ətrinə,
Heç biri boyamır güzgüsünü
Suyun gümüş rəngiylə.
Dodaqları qırılır ümid astanasında,
Dilləri qərq olur ürəklərində.
Əllərini batırsalar sözlərin alovuna,
Diksinirlər, qaçınırlar yanmaqdan…

Üzüklərin adını bircə-bircə bilirlər,
Tanıyırlar vitrinlərdən,
Barmaqlardan, qablarından.
Oxuyurlar qəlblərində hər biri
Doğma üzük qırığının nəğməsini…
Bir diqqətə kəsilsələr,
Nida qamətiylə bir kölgə
Qapatsa solğun parıltını,
Diksinirlər, qaçınırlar yanmaqdan…

Kimsə onlara çay süzür,
Çörək doğrayır, süfrə qurur,
Pəncərələr qanadında gözləyir.
Saatları hərləyir addımında hər biri,
Gecikirlər hər yerə,
Hər evə, hər yaxına,
Gecikirlər tünlüklərin uzaq nalələrində…
Soruşulsa gözləyənin ünvanı,
Baxılsa bir ima ilə üzlərinə,
Diksinirlər, qaçınırlar yanmaqdan…

Məktub yazırlar hər baxışda,
Hər təbəssüm izində,
Hər kədər qırpımında…
Bulanmış ətəklərini təmizləyərkən
Köhnə bir ağacın kölgəsində,
Kimsə keçir küçədən,
Sökülür məktubları…
Yenidən toxumaq ay çəkir,
İl çəkir, zaman çəkir…
Zamanı sevməyə çağrılsalar,
Diksinirlər, qaçınırlar yanmaqdan…

Liman küləyində sovrulan saçlar,
Bir qapı önündə karıxan gözlər,
Yad kəlmədən səyriyən qadın dodaqları…
Ömürləri buz tutur məsafələr yolunda,
Bir addım cəhd etsələr,
Diksinirlər, qaçınırlar yanmaqdan…

Güzgü

Seçə bilmir:
Güzgüdə əksi qalmış bu qırmızılıq
Dodaq boyasından mı,
Yoxsa, qan ləkəsindən?

Üfürür qaranlığı, səhər açılır.
Qəlbini xatırlayır –
Qırmızıdır güzgütək,
Yaralıdır güzgütək…

Xatırlayır:
Şəhəri gizlətmişdi bir qızın dodağına,
Çənli bir öpüşün xumarlığına…

Səhərin kandarında gözlərini döyərək
Sinəsinə sıxır saatları;
Artıq heç kəs ondan soruşası deyil
Nə günü,
Nə ayı,
Nə də ömrünü…

Dəniz görmək istəyir.
Yox…
Əslində, can atır dəniz olmağa.
Qəribədir:
Halbuki doğulduğu evin pəncərəsi
Açılmazdı sahilə…

Güzgüyə baxır.
Gözlərində sevimli kədər,
Boğazında dadlı qüssə böyüyür.

Xatırlayır:
Gecənin yumruğunu
Açmışdı barmaq-barmaq
Bir qızın yumulu gözləriylə…

Seçə bilmir:
Güzgüdə əksi qalmış bu qırmızılıq
Dodaq boyasındanmı,
Yoxsa, qan ləkəsindən?…

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 1 eseri bulunmaktadır.