Yedi Şiir / Osman Fermanoğlu
Sınağındayam
Paşam, dəmə qoyur ağrım ağrımı,
Bir ömür zamanın sınağındayam.
Kəsib doğrayırlar qara bağrımı,–
Yiyəsiz dillərin günahındayam…
Yolub kəpənəyin zər sözlərini,
Sıxıram ovcumdə quru zərini…
İt izi azdırır at izlərini,–
Gələnin, gedənin çığnağındayam.
Vaxt susur, bilinmir əvvəllə axır,
Çölüm gülür, içim canımı sıxır…
Yorulan yollardan neçə tin çıxır,
Elə bil cin–şeytan yığnağındayam.
Bir təpə başında soluqlanıram,
Ən zalım düşməni eyləyərək ram.
Bir yanda azaddan azad oluram,
Bir yanda quzğunlar caynağındayam.
Osman, dolanıram qulağı səsdə;
Kürdə küyə gedən, Arazda xəstə.
Qələbə sorağı gələn yol üstə
Şəhid anasının qınağındayam.
Baş Götürüb Getdim
Paşam, baş götürüb getdim,
Qara gözümün içindən…
Üyüşüb qaymaq tutmamış
Duru sözümün içindən.
Adamlar hamısı birdi,–
Gələni ağzımı hördü…
Üzüm necə üzlər gördü,
Düşdüm üzümün içindən.
Lazımsız barışıq çıxdı,
Dərdlərim qırışıb çıxdı.
Nə qədər qarışıq çıxdı
Təmiz izimin içindən.
Hər sözümü söz etdilər,
Osman, amana bənddilər.
Neçə türmə düzəltdilər
Düzdə düzümün içindən.
Məntiq
hər gələn şərdə xeyir var,
Xeyirdəki şərdən qorun.
Ürək varsa, şeir olar,-
Şeirdəki sirdən qorun.
Xeyirlə şər olub qardaş,
İki əl var, iki də daş…
Nə olsun ki, təkcədi baş,
Fitva verən birdən qorun.
Payındısa, uçuq daxma,
Bir gün uçmağından qorxma.
Yağış yağır, göyə baxma,
Sürüşkəndi, yerdən qorun.
Adamı yıxan dilidi,
Dilə dil verən bəllidi.
Nə olsun, Araz lillidi,
Duru axan Kürdən qorun.
Hər yan yamyaşıl zəmidi,
Ömrə düşən quş dənidi.
Osman özünə qənimdi,-
Bu bəlalı “pirdən” qorun.
Bacımın Xatirəsinə
Anamın qanlı göz yaşı,
Ötür məni, ötür gedim.
Dərdini dərdim üstə qoy,
Sevincimi götür gedim.
Bu yol uzun gəldi mənə,
Yol özü ömürdü demə.
Yenə kölgə sal üstümə,-
Başım üstə çətir gedim.
Köçüb, bir dənən köçübdü,
Əziz kimsənən köçübdü.
Mənimki sənnən keçibdi,-
Karvanıma yetir gedim.
Çəkəcəyim dərd birdimi,
Səbrim daşdı, dəmirdimi?…
Əlimlə qazdım qəbrimi,
Torpaq üstün örtür gedim.
Bilmədim
Paşam, zəmim uralandı,
Bir dən də yığa bilmədim.
Yurd içindən qaralandı,
Üzünə çıxa bilmədim…
Könlün sağalmaz çatında
Dağ bitdi ağrı adında…
Kükrədim yel qanadında,
Yağış tək yağa bilmədim.
Osman, alan, satan artdı,
Hərə eldən bir az daddı…
Gücüm öz başıma çatdı,
Özgəni sıxa bimədim.
Yolumuzu
Paşam, azdıran azdırdı,
İtirdik düz yolumuzu…
Qarğıştək dildən asıldı,-
Bağladı söz yolumuzu.
Yol göstərən yolu çaşdı,
Dolandı yanı oynaşdı…
Ocaqda cinlər qaynaşdı,
Küllədi köz yolumuzu.
Yalan doğrunu haqladı;
İşıq gələni bağladı…
Tək Tanrı açıq saxladı,
“Bir az da döz” yolumuzu.
Bir nəslin haqqına girdik,
Güdüləndi hər yal,gədik.
Bacarsaydıq düz gedərdik,
Əyməzdik öz yolumuzu.
Osman, qanımız qaşıqda,
Suçu görərik aşıqda…
Axtarsaq da, dolaşıqda-
Tapmarıq biz yolumuzu.
Uzaqlardan Yol Aldım
Uzaqdı ellər dediyin, uzaqlardan yol aldım,
Buzlaqları dalda qoyub, sazaqlardan yol aldım.
Keçənlərim gözlərimdə bir yatımlıq yuxu tək,
Yolum üstə çox quruldu; tuzaqlardan yol aldım.
Vadilərdə dirsəklənib baxdım Ayın rənginə,
Heyran qaldım axarların sellabına, hənginə.
Qarğa- quzğun şahid oldu ərənlərin cənginə,
Üçoxlardan adlayaraq Bozoqlardan yol aldım.
Atlı gələn atsız getdi, bu torpağın üstünə,-
Ada gəldi, adsız getdi, özü düşdü pis günə.
Tonqalların işığında çağırıldım düyünə,
İgidləri at belində- qoçaqlardan yol aldım.
Üç otuz bir onu saydım, söylədilər ki, yüzdü,
Yağı qaçdı, göy üzündə quş yerinə ox süzdü.
Dili birdi, səsi birdi, babalarım bir sözdü,–
Qaraqalpaq, Qarapapaq, Qazaxlardan yol aldım.
Sıxılanda Oğuz dedim, adı söykəyim oldu,
Qayımlandı Batı, Doğu, gəldi köməyim oldu…
Osman, bir qədər soluqlan,yolun çox uzun yoldu,
Mağarada çimirləndim, Azıxlardan yol aldım.